Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ata Abdullayevin anası örpəyini ayağımın altına atdı"
"Ata Abdullayevin anası örpəyini ayağımın altına atdı"

Bir müddət əvvələ qədər özünü video-bloger kimi təqdim edən Ata Abdullayevin şantajla pul tələb etdiyi iddia olunan şəxslərdən biri də Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi imiş. Şahlar Həsənov noyabrın 30-da məhkəməyə gəlib. O, əvvəlcə məhkəməyə məktub göndərərək səhhətindəki problemlərə görə gələ bilməyəcəyini desə də, haqqında məcburi gətirilmə qərarı çıxarılmışdı.

Bizimyol.info xəbər verir ki, zərərçəkmiş qismində ifadə verən Şahlar Həsənov təqsirləndirilən şəxsi 2020-ci ilin sentyabrında tanıdığını deyib. Ona zəng edərək Ata Abdullayevin Masazırda məişət tullantılarının daşınmamasıyla bağlı canlı yayımda video paylaşdığını deyiblər. O, işçilərlə birlikdə həmin əraziyə yollanıb: “Həqiqətən də orada artıq tullantılar var idi. Canlı yayımda onunla mübahisəmiz yarandı. Bildirdim ki, burada məişət tullantıları yoxdur, evlərdəki təmir işlərindən çıxan söküntülərdir. Çəkiliş gedə-gedə yığışdırıldı. Ata Abdullayev özü də canlı yayımda yığışdırıldığını etiraf etdi. Masazır ölkədə ən ağır kəndlərdən biridir, 100 minə yaxın əhali yaşayır. İstismar müddəti başa çatmış texnikadır, cəmi 4 maşın var. Ata Abdullayev sakitləşmədi, çəkilişləri mütəmadi davam etdirirdi. Mənə zəng eləyirdi. Bir gün onunla görüşüb, vəziyyəti izah elədim. Xahiş elədim ki, bu işləri dayandırsın. Tez-tez çəkilislərdə rayon rəhbərliyinin adını hallandırırdı. Ona bununla bağlı irad bildirəndə dedi ki, o arvad (Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova) bizi saymır...”

İcra nümayəndəsi deyib ki, Ata Abdullayev əvvəlcə ondan 10 min manat tələb edib. Sonra 6 minə razılaşacağını bildirib: “Ona dedim ki, ay kişi, nə danışırsan?! Gündə 50-60 arayış verirəm, gör, birindən 1 manat gəlirim varsa, onda sən deyən məbləğ məndə olardı. Mən maaşa baxan adamam. Həm də niyə verməliydim axı?! Dedim ki, gücüm sənə bir quzu kəsdirib verməyə çatar. Ona da razılaşmayıb etiraz etdi. Mən də məcbur olub, DTX-ya şikayət elədim. Qərəzim olsa, deyərəm ki, 6 min manatı vermişəm. Verməmişəm axı...”

Şahlar Həsənovun dediyinə görə, iki gün əvvəl Ata Abdullayevin anası onun evinə gəlib, örpəyini ayağının altına atıb, oğlundan şikayətçi olmamasını istəyib: “O ananı gördüm, üç gündür, özümə gələ bilmirəm. Yaylığını ayağımın altına atdı. Dedim ki, ay ana, niyə vaxtında ona demirdiniz ki, belə işlər eləmə?”

Ata Abdullayev Şahlar Həsənovun dediklərini cəfəngiyyat adlandırıb. Təqsirləndirilən şəxs icra nümayəndəsindən pul tələb etmədiyini, canlı yayımlarda onun adını çəkmədiyini deyib: “Şahlar əmi, bu qədər məmur tanıyıram, amma sizə başqa hörmətim var. Şəhidlərimizin, ulu öndərimizin ruhu mənim üçün müqəddəsdir. Atamın, cavan qardaşımın ruhuna and olsun, iki yetim uşağa baxıram. Allaha and olsun ki, bu deyilənlər cəfəngiyyatdır. Bir dənə fakt yoxdur. Mən də deyə bilərəm ki, siz məndən 6 min manat pul istəmisiz. Sübut olmalıdır axı. Bir videoçəkilişiniz varmı? İndi 1992-93-cü illər deyil, o qədər avadanlıq var ki! Niyə mən pul istəyəndə çəkməmisiz? Mən çəkilişlərdə Şahlar Həsənovun adını çəkməmişəm. Mən demişəm ki, “İradə Gülməmmədova, diqqət yetirin...” Baxın, Naxçıvandan bir şikayət gəlmir. Anam da Şahlar Həsənovun yanına onun xəstə olmasına görə gedib. Çünki, o, məhkəməyə xəstə olduğu barədə məlumat göndərmişdi”.

Ata Abdullayevin vəkili icra nümayəndəsindən soruşub ki, bu qədər polis idarəsi, prokurorluq qala-qala niyə məhz DTX-ya müraciət edib? Onun cavabı belə olub: “Bu, mənim konstitusion hüququmdur”.

Şahlar Həsənov məhkəməyə Ata Abdullayevdən şikayətçi olması barədə ərizə təqdim edib. Cəza məsələsini isə məhkəmənin səlahiyyətinə buraxıb. İcra nümayəndəsi səhhəti ilə əlaqədar müalicəyə gedəcəyini, buna görə məhkəməyə daha gələ bilməyəcəyini də deyib: “Mən bura gələndə düşünürdüm ki, bəlkə səhvini etiraf edər, amma burada başqa şeyin şahidi oldum. Ona görə şikayətçiyəm...”

İcra nümayəndəsi əlavə edib ki, oğlu 44 günlük müharibə zamanı yaralanıb: “Heç kim inanmırdı ki, mənim oğlum müharibəyə gedib. Hələ də belində qəlpə var. Cənab Prezident ona 4 medal verdi”.

Ata Abdullayevin məhkəməsi dekabrın 7-də davam edəcək.

Ata Abdullayevi 2021-ci il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov. Şahlar Həsənov Abşeron icra başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsidir. Elçin Əliyev isə DTX əməkdaşı olub.

Ata Abdullayevin adları çəkilən şəxsləri onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, bunu etməmək üçün onlardan pul tələb etdiyi iddia edilir.

Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. O zaman onlayn qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »