Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Google-dan Lütfi Zadə ilə bağlı "doodle" - Foto
Google-dan Lütfi Zadə ilə bağlı "doodle" - Foto

“Google” dünya şöhrətli alim Lütfi Zadənin “Qeyri-səlis çoxluqlar” əsərini təqdim etməsinin il dönümü ilə bağlı dudl hazırlayıb. Dudlun üzərinə klik edərkən Lütfi Zadə ilə bağlı məlumatlar əldə etmək olur.

Qeyd edək ki, L.Zadə, 1964-cü il noyabrın 30-da “Qeyri-səlis məntiq” adlı innovativ riyazi çərçivəsi ilə dünyanı tanış edən “Qeyri-səlis çoxluqlar” əsərini təqdim edib.

Lütfi Zadə deyirdi ki, "kim biliyə sahib olacaqsa, o daha güçlü olacaq. Güclü olanlar isə, hər zaman qalibdir". O da, əsrinin qaliblərindən idi.

Kaliforniya universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadə, 1921-ci ildə Bakının Novxanı kəndində jurnalist ailəsində dünyaya gəlmişdi. 10 yaşı olanda ailəsi Tehrana köçür, orta təhsilini Tehranda bitirən Lütfi Zadə, 1944-cü ildə Amerikaya gəlir. O, Kolumbiya universitetində elektromaqnit sahə nəzəriyyəsi, məlumat və ardıcıl maşınlar nəzəriyyəsi, dövrə analizi və s. mövzularda mühazirələr oxuyur.

1950-ci ildə onun "Düşünən maşınlar" - elektrik mühəndisliyinin yeni bir sahəsi və J.R.Raqazzini ilə birgə Vinerin ekstrapolyasiya nəzəriyyəsinin ümumiləşdirilməsinə dair məqalələri dərc olunur. 1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən bir nəzəriyyə irəli sürür və Çarlz Dezoerlə birgə "Xətti sistemlər nəzəriyyəsi" kitabını nəşr etdirir. Bu kitab, sistem təhlilinə və avtomatik idarəetməyə bir çox müasir yanaşmaların mənbəyinə çevrilir. Beləliklə, Lütfi Zadə, 1960-cı illərin ortalarında sistem nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyəsi və bunların tətbiqi sahəsində ən məşhur mütəxəssislərdən biri kimi tanınır.

Lütfi Zadə deyirdi ki, yalnız savad kifayət etmir, zəhmət və uğur da vacibdir. O, hesab edirdi ki, uğurun formulu qabiliyyətdir, zəhmət isə isrardır. Onun fikrincə uğurun formulu da bunlar idi.

Alim, eyni zamanda NASA və NATO-nun aparıcı mütəxəssislərindən biri idi.

Professor Lütfi Zadə, 200-dən çox elmi məqalənin müəllifi və 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olmuş, 50-dən çox doktorant hazırlamışdı. "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə hesablama nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi", "Yumşaq hesablamalar nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.

Lütfi Zadə hər zaman Azərbaycanlı olduğunu deyirdi: “Azərbaycan, mənim doğma Vətənimdir. Mən, həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək"

Google-dan Lütfi Zadə ilə bağlı "doodle" Google-dan Lütfi Zadə ilə bağlı "doodle"

Amma buna baxmayaraq, bütün həyatı boyu Azərbaycana cəmi 2 dəfə gələ bilmişdi. 2017-ci ildə dünyasını dəyişən Lütfi Zadə öz vəsiyyəti ilə Azərbaycanda dəfn edilir.

L.Zadə, deyirdi : "Vətənimin oğlu kimi qəbul edilməyim, həyatımın məğzi və şərəfimdir. Bakı və xalqım, qəlbimin qaynar guşəsində özünə əbədi yer tutub".

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »