Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı

Bakı əvvəllər küləklər şəhəri idi, indisə tıxaclar şəhəri. Günün istənilən saatında Bakı küçələrində tıxaca düşürsən. Dərdini kimə deyəsən, hara deyəsən, bilmirsən. Bircə onu bilirsən ki, danışsan da, desən də, səni eşidən olmayacaq. Yəni, dəyirman öz işində, çax-çax baş ağrıdır.

Tıxaclarla bağlı ekspertlərimiz dəfələrlə danışıb, səbəblərini açıqlayıb. Bu səbəblərdən biri də, Bakı şəhərində tikinti sahələrinə tikinti materialları gətirən yük maşınlarıdır. Bir də görürsən ki, ağır bir tıxac var. Addım-addım irəlilədikcə, baxırsan ki, iriqabaritli yük avtomobili, kamaz və ya evakuator yolun bir hərəkət zolağını tamamilə bağlayıb. Bilmirsən, kimi “yada salasan”. Tikinti sahibinimi, yola nəzarət edən qurumumu, yoxsa nəqliyyatın sürücüsünümü?

DYP bu günlərdə bu problemlə bağlı açıqlama da yayıb. Yaşadığımız problemə aydınlıq gətirilərək qeyd edilib ki, tikinti və ya digər ticarət obyektlərinə xidmət göstərilməsi üçün paytaxta daxil olmuş yük avtomobillərinin sonradan ərazidən çıxarılması, özü də bir qədər vaxt tələb etməklə yanaşı, digər hərəkət iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneçilik törədir. Bildirilib ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin may ayının 1-dən oktyabr ayının 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabr ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunur. Mövzuya əlavə edilib ki, hüquqi və fiziki şəxslərə məxsus yük avtomobillərinin məhdudiyyət tətbiq edilən saatlarda şəhərdə hərəkətinə yalnız onların konkret marşrutlarla hərəkət etmələrinə icazə verən buraxılış vərəqələri əsasında yol verilə bilər. Yəni, bundan sonra qarşınıza bu kimi hadisələr çıxdığı zaman artıq kimi “yada salacağımızı” biləcəyik.

Xatırladaq ki, yük maşınlarının şəhərə müəyyən saatlarda daxil olması ilə bağlı qərar uzun müddətdir ki, vardı. Vardı da, bu qaydaya əməl edən yox idi. Yayın qızmar çağında arxasından daş-qum və tozu yaya-yaya hərəkət edən, qışın soyuğunda sulu və palçıq dolu küçələrdə yüksək sürətlə hərəkət edən, yol zolaqlarını zəbt edən yük maşınlarına görə DYP-nin etdiyi xəbərdarlıq yetərli olacaqmı? İnanmıram, çünki bu xəbərdarlıqdan hər zaman olub. Bakıda tikinti biznesi ilə məşğul olan sahibkarlar hər zaman bu xəbərdarlıqları qulaqardına vura bilib. Dəyişən heç nə yoxdur. Sadəcə, “deyilən söz yadigardır” prinsipi ilə davam edən xəbərdarlıqlar daim olacaq.

Eh, onsuz da, Bakı küçələrinin “hay-hayı” gedib “vay-vayı” qalıb... Kimdir biz sadə vətəndaşa önəm verən?! Biz tıxaclarda sürünməliyik. Biz evimizə gec çatıb, əsəb və sinirləırimizi ailələrimizdən çıxmalıyıq. Hətta həyatımıza da qarğımalıyıq ki, bu dünyah niyə gəldik...

Nə isə, qarşınıza yolunuzu bağlamış yük maşını çıxan zaman heç kimi yox, özünüzü “yada salın”... Yada salın ki, “ay, bəndə, sən bu küçəyə niyə girdin?”. Onsuz da başqaları sizi eşitməyəcək.

Bu mövzuya Bakı Nəqliyyat Agentliyi və Avtomobil Yolları Dövlət Agnetliyini də əlavə etsək, tıxaclardan xilas olmağımız üfüqdə də görünmür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »