Səhiyyə Nazirliyi bu günə qədər 30 minə yaxın şəxsin koronavirus əleyhinə vaksinasiyaya qarşı əks-göstəriş sertifikatı aldığını açıqlayıb. Qeyd edək ki, koronavirus əleyhinə vaksinasiyaya qarşı əks-göstəriş sertifikatlarının verilməsinə avqustun 8-dən başlanılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, əks göstəriş sertifikatlarının alınması üçün vətəndaşlar, qeydiyyatda olduqları ərazi üzrə poliklinikaya müraciət etməli və əks göstəriş üçün tələb edilən səbəblərini-epiqriz və sənədlərini təqdim etməlidir. Bundan sonra şəxsin sənədləri, polklinka tərəfindən xüsusi komissiyaya göndərilir. Komissiyada xəstəlik növü və sənədlər araşdırılır və verilən qərar vətəndaşa göndərilir.
Əks göstəriş sertifikatları https://kabinet.its.gov.az/ saytından qeydiyyatdan keçərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsindən “Əks göstəriş sertifikatı” bölməsini seçib əldə edilə bilər.
Mütəxəssislərin fikrincə, “əks göstəriş sertifikatı” - hamilə qadınlar, süd verən analar, COVID 19-a qarşı peyvəndə allergiyası və ümumiyyətlə, allergiya xəstəliyindən əziyyət çəkən şəxslərə verilir.
Həkim Xatirə Əhmədova qeyd edir ki, bəzi vətəndaşlar peyvənddən yayınmaq üçün “əks göstəriş sertifikatı” almağa çalışırlar.
“Əks-göstəriş sertifikatları, yalnız ciddi xəstəliyi və ya səbəbləri olan şəxslərə verilir. “Mənim allergiyam var” deyib sertifikat almaq mümkün deyil. Eyni zamanda vətəndaşlar anlamalıdır ki, peyvəndlər sağlamlığı qorumaq üçündür. Və peyvəndlərin ciddi əks-təsirləri yoxdur”,- deyə həkim bildirib.
Qeyd edək ki, diabet, onkoloji xəstəlikləri olan şəxslər, bronxial asma və s. xəstəlikləri olan şəxslərə “əks-göstəriş sertifikatı” verilmir. Belə xəstələr, sağlamlıq vəziyyətinə uyğun olaraq müalicə kursu keçdikdən sonra peyvənd edilir.
Həkim bildirir ki, əks-göstəriş sertifikatı o demək deyil ki, bu şəxs xəstəliyə yoluxa bilməz və s. Bu sertifikatlar vaksin və koronavirus sertifikatı olan şəxslərin daxil olmaq istədikləri yerlərə icazələrinin olduğunu göstərmək üçün verilir.
“Yəni, ətrafınızda koronavirusa yoluxmuş şəxslər ola bilər. Buna görə də, fiziki məsafə və maska qadağalarını hər zaman yadda saxlayın. Şəxsi təmizliyinizə əvvəlkindən daha çox diqqət göstərin.
Bilirsiniz ki, vaksin edilənlər və xəstəliyi keçirlənlərdə 6 ay müqavimət olur. Amma peyvənd olunmasına baxmayaraq xəstələnən insanlar da olur. Odur ki, harda olmağınızdan asılı olmayaraq tələb edilən qaydalara əməl etmək vacibdir. 30 min sertifikat az deyil, özünüzü qoruyun”,- deyə həkim bildirib.
İlahin, Bizimyol.info