Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu vəziyyət onun övladlarına, ailəsinə və əmək qabiliyyətinə təsir edir"
"Bu vəziyyət onun övladlarına, ailəsinə və əmək qabiliyyətinə təsir edir"

"Son illərdə həyata keçirilən mühim tədbirlərə baxmayaraq, ölkədə qadınlara qarşı zorakılıq halları davam edir".

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib. O, qeyd edib ki, "bununla bağlı bir sıra normativ hüquqi sənədlər qəbul olunub və mühüm irəliləyişlər əldə edilib. Ən vacib məsələlərdən biri, qadınların iqtisadi inkişafına təkan vermək və əmək bazarında kişilərlə bərabər iştirakı ilə nəticələnir".

Psixoloq Ramin Hacıyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, zorakılıq anlayışı çox geniş anlayışdır. Və bununla insanlar hər yerdə, ailədə də, cəmiyyət arasında da, qohumlar arasında münasibətlərdə də üzləşə bilər.

Ramin Hacıyev Ramin Hacıyev

“Psixologiyada qazlaytinq termini var. Bu, eyni zamanda manipulyasiya deməkdir. Manipulyasiya ilə insanların psixoloji vəziyyətinə böyük təsir etmək olur. Kimsə nəsə əldə etmək istəyirsə, bu vasitədən istifadə edir”,- deyən psixoloq bildirir ki, zorakılıq qurbanları özlərinə qapanır. Öz hüquqlarını tapdanmış hiss edən zorakılıq qurbanları, bu halın hər zaman təkrarlana biləcəyini düşünürlər. Qurbanlar, zorakılığa uğradıqları zaman yaşadıqları qorxuları hər zaman yaşayır.

Ekspertin fikrincə, zorakılığa məruz qalmış qadınlar psixoloqa müraciət etmədikləri halda uzun müddət, hətta ömrünün sonuna kimi xroniki depressiya yaşayırlar.

“Zorakılıq qurbanının həyat keyfiyyəti aşağı düşür. Bu vəziyyət onun övladlarına, ailəsinə və əmək qabiliyyətinə təsir edir. Daim depressiv vəziyyətdə olan bu şəxslər, özlərini xoşbəxt hiss etmirlər. Çünki depressiv vəziyyətdə olan insanlarda xoşbəxtlik hormonu hesab edilən serotonin az ifraz edilir. Bu isə, müxtəlif xəstəliklərə, nevroza və s. gətirib çıxara bilər”,- deyə psixoloq qeyd edib. Onun sözlərinə görə, sağlam mühit üçün və zorakılıq qurbanı olmamaq üçün xüsusi videoçarxlar çəkilməlidir və insanlara zorakılıq qurbanı olmamağın yolları izah edilməlidir.

R.Hacıyev hesab edir ki, zorakılıq hallarının azalmasında hüquq mühafizə orqanlarının rolu böyük olmalıdır. Çünki zorakılıq törədən şəxs öz hüququnu anlasa, bilsə ki, zorakılıq törətdikdən sonra hansı məsuliyyəti daşıyacaq, o hansısa qorxu halında zorakılıq törətmək fikrindən daşına bilər.

Zorakılığın azalmasında hüquqşünaslar, media işçiləri, psixoloqlar və sosioloqların birgə komanda işi olmalıdır.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, bu il 9 ay ərzində 51 qadın öldürülüb və 24 qadın xəsarət alıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, "102" Qaynar xətt mərkəzinə cari ildə 432 min 713 məlumat daxil olub, onlarda 7 min 647-si ailə münaqişəsi, məişət zorakılağı ilə bağlıdır. Eləcə də, DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-lərdən, ailə-qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub. Qeyd olunan bu məlumatlara əsasən, 602 ailəli qadın ərləri tərəfindən döyüllüb. DİN-ə 4 min 52 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »