Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı kardioloq: Risk qrupuna aid olanlara üçüncü dozanı vurdurmağı məsləhət görürəm
Azərbaycanlı kardioloq: Risk qrupuna aid olanlara üçüncü dozanı vurdurmağı məsləhət görürəm

İnvaziv müdaxilə üsulları çox köməkedici bir prosedurlardır. Şadam ki, invaziv müdaxilə mərkəzlərinin sayı paytaxtda yetəri qədərdir. Həmçinin Bakı ilə yanaşı, üç şəhərdə də belə mərkəzlər mövcuddur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün ölkə vətəndaşları üçün həmin mərkəzlər əlçatan olacaq.

Bunu III Azərbaycan İnvaziv Konqresində iştirak edən Almaniyada fəaliyyət göstərən azərbaycanlı kardioloq Natiq Qassanov deyib.

Mütəxəssis bildirib ki, son 20 ildə invaziv müdaxilə kardiologiyanın qabaqcıl və çox mühüm sahələrindən birinə çevrilib. Çünki invaziv müdaxilə tez qərar vermək və xəstəyə qısa müddət ərzində kömək etmək imkanı yaradır.

N.Qassanov qlobal bəla - COVID -19 pandemiyasının davam etdiyi dövrdə ürək-damar sistemi xəstələrinə sosial məsafə prinsipini gözləmək, gigiyena qaydalarına əməl etmək və maskadan doğru istifadə etməklə özlərini qorumağı və vaksinasiyada aktiv iştirak etməyi tövsiyə edib: “Ürək-damar xəstələrinin buster doza ilə də peyvəndlənməsinin tərəfdarıyam. Peyvəndlərlə bağlı müxtəlif fikirlər səsləndirilsə də, həmyerlilərimdən xahiş edirəm ki, elmi cəhətdən sübuta yetirilmiş faktlar və məlumatlara inansınlar. COVID-lə mübarizədə əlimizdə çox imkan yoxdur. Ən effektiv və sübuta yetirilmiş üsul vaksinasiyadır. Dezinformasiyalara, nağıllara, tibb sahəsinə aid olmayan şəxslərin fantaziyalarına inanmasınlar. Ümumilikdə, risk qrupuna aid olan şəxslərə də üçüncü dozanı vurdurmağı məsləhət görürəm.

Bundan başqa, COVID-ə yoluxan ürək-damar sistemi xəstələrinin özbaşına müalicə qəbul etməmələri, mütləq kardioloqları ilə məsləhətləşmələri, onların nəzarəti altında olmaları vacibdir. Koronavirusa yoluxub-yoluxmamasından asılı olmayaraq, təngnəfəslik, ürəkbulanma, sinə nahiyəsində ağrı hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır. Əks halda xəstənin vəziyyəti getdikcə ağırlaşa bilər”.(azərtac)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »