Dünən avtomobil bazarında oldum. Hər keçən gün insan sıxlığının azaldığı digər bazar məkanlarımız kimi burada da bazar günü olmasına baxmayaraq, seyrəklik var idi.
Hələ bazara çatmamış avtobusdan düşüb yolun qarşı tərəfinə keçməyə çalışdım. Nə maşın bazarının yaxınlığında yerləşən avtobus dayanacağı ətrafında, nə də ümumiyyətlə, o bölgədə yolu sağ-salamat qarşı tərəfə keçmək üçün bir piyada keçidi tapa bilmədim. Yolda rastıma çıxanlardan biri bildirdi k, buralarda piyada keçidi yoxdur. Gərək, 700-800 metr qabağa gedim ki, bəlkə oralarda maşın seyrəkliyi olar, cəld tərpənib yolu keçə bildim. Yolun qarşı tərəfindəki avtomobil bazarına girə bilmək üçün bir neçə dəfə yolun o baş, bu başına gedib-gəlməli oldum. Axır ki, seyrəklikdən istifadə edib, tez yolu keçdim. Heç bir yol nişanının olmadığı bu yolda qarşı tərəfə keçmək istəyənlərin halı heyvanlar aləmindən bəhs edən sənədli filmlərdə timsahlarla dolu çayı keçməyə çalışan maralların halına bənzəyir. Bəxtin gətirsə, qarşı tərəfə keçə biləcəksən. Deyəsən, bu gün mənim də bəxtim gətirənlər arasında oldu. Əgər bu bölgədə hər hansısa yaşayış, yaxud iş yerləri mövcud olmasa, hardasa anlamaq olar, burada niyə yol nişanları, piyada keçidləri yoxdur. Halbuki bu yoldan insanlar tez-tez istifadə edir. Ancaq problem bununla da yekunlaşmır. Həmin yoldan yalnız bir ictimai nəqliyyat vasitəsi keçir, o da 45 dəqiqədən bir...
Böyük avtomobil bazarına daxil oldum. Girişdə balaca bir kafe, maşın-təmir emalatxanaları, maşın hissələri satan balaca və böyük mağazalar yerləşir. Bir qədər aşağıda nisbətən səliqə ilə park edilmiş maşınları çıxmaq şərtilə necə gəldi park edilmiş maşınların dağınıq şəkildə dayandığı bazarın ortasına gəlib çıxa bildim. Maşının arxa baqajını açıb orada özü üçün yataq düzəldib yatan kim, payızın ortasında maşınında yüksək səslə Ramil Nabrana qulaq asıb “oppalara getmək” istəyən kim, satdığı maşında heç bir problemin olmadığını isbatlamaq üçün öz adına ən ağır təhqirlərlə and içən kim...
Nəhayət, bütün bu müşahidələrimin arasında nisbətən normal bir mənzərə gözümə dəydi – üzərində iri hərflərlə “Qarabağ Azərbaycandır!” yazılmış, əldən düşmüş “Qazel” markalı köhnə maşın. O, satış üçün burada deyildi. Sadəcə, onun içində burdakı insanlara hot-doq bişirib satırdılar. Hot-doqlar da axıradək yeyilmir. Alanlar ondan bir dişlək götürür, daha sonra kənardan biri çağıran kimi yerə atıb qaçırlar. Yerə atılmış yeməklər, ortalıqda sahibsiz gəzən itlərin qəlyanaltısına çevrilir. Ərazidə bir nəfər də olsun, təmizlik işçisi gözümə dəymir. Tualet ehtiyacını aradan qaldırmağa çalışan insanlar maşınlardan bir qədər aralıda yerləşən qamışlıqlara üz tuturlar...
Satıcılardan birinə yaxınlaşdım. Köhnə model “Mersedes” markalı avomobilini satmağa çalışırdı. Bildirdi ki, bir aydır, hər bazar günü səhər tezdən bura gəlir. Amma ortada bir şey yoxdur: “Gün ağarandan burdayam. 6600 manata satıram bunu, 1996-cı ilindi, problemi yoxdu. Pula ehtiyac var deyə satmağa gəlmişəm, amma gəlirlər, baxırlar, bir saat söhbətləşirik, sonra çıxıb gedirlər. Bu bazarın əvvəllər vaxtları olub, yaxşı satışlar gedib, indi ölüb bura. Səhər tezdən gəlib, bax o girişdə oturana on manat vermişəm, indi axşamadək gözləyib, yenə gedəcəm. Günüm budur. Amma tək mən deyiləm, mənim kimi çox adam var. Burda neçəsi ilə tanış olmuşam. Camaat gedir çayxanada, kafedə görüşüb, söhbət edirlər, biz də yer kimi buranı təyin edib görüşürük. Axşam da durub gedirik evimizə. İndi bu maşınların satışını təşkil edən bəzi saytlar var, düzdür. O saytlar bu bazarlardan min dəfə yaxşıdır. Amma rüsumu bahadır. Heç olmasa, ucuz olsa, şəklini verərəm, ödənişini edərəm, ta gəlib burda saatlarla maşının yanında gözləmərəm. İşimə-gücümə gedərəm. Əslində burda da belə bir şey var ki, maşını park edirsən, üstünə nömrəni yazırsan, bazar rəhbərliyinə lazımi ödənişi edirsən, özləri alıcı olanda sənə xəbər edirlər. Ya da elə o alıcı nömrəni götürüb, səni yığır. Amma açığı, etibar eləmirəm də buna. İndi adicə həyətinə maşın park edirsən, axşam yatanda gözünə yuxu getmir ki, gəlib söküb aparacaqlar. O da qalmışdı bura qoyub gedim. Çox adam var ki, maşını həftələrlə “yatır” burda, vecinə də deyil. Gedin, o maşınlara baxın, əksəriyyəti yeni model bahalı maşınlardır. Kimdir onlara toxunan? Bilirlər ki, o maşınlara əl vursa, sonu necə olacaq. Dərd kasıbındır, qardaş”,- deyə satıcı dərdini danışır.
Daha sonra maşın sahibi bildirdi ki, burda maşın satanların çoxu “əlimyandı”da olanlardır: “İndi qiymətlər barədə soruşursunuz, açığı, mən mütəxəssis, ekspert deyiləm, yalandan durub nə deyim? Təcili pula ehtiyacım var deyə satıram. Burda əksəriyyəti mənim kimidir. Hərənin bir dərdi-odu var, satır ki, getsin, versin dərdinə, probleminə”.
Maraqlıdır ki, bazarda bir çox insan öz maşınını satmağa çalışsa da, onların “Nağdsız hesablaşmalar” haqqında qanundan xəbərləri yoxdur. Niyazi adlı maşın sahibi bildirib ki, maşınını elə dədə-baba qaydası ilə satacaq: “Mənim nağdsız hesablaşmadan-filandan xəbərim yoxdur. Həm də o, necə olur ki? Pulu verib, maşını alacaq da. Hərdən bir qanun çıxarırlar”.
Ətrafda bir çox maşın modelləri gözümə dəysə də, “ekoloji maşın” adlanan hibrid avtomobil çeşidlərini demək olar ki, görmədim. Ancaq bu avtomobillərin gömrük rüsumundan azad edilməsi, görünür, maşınların dəyərini bir qədər də artırıb və sahibləri həmin avtomobilləri satmaqdan vaz keçiblər.

Həmin bu avtomobillərlə bağlı Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyevlə əlaqə saxladım. Mütəxəssis bildirdi ki, bu maşınların gömrük rüsumundan azad edilməsi təqdirəlayiq haldır: “Ekoloji maşınlarla bağlı qəbul olunan qərar, əslində, olduqca müsbət bir qərardır. Çünki bu, bizim ölkəmizə gərəkli idi. Bildiyiniz kimi, ölkəmizə gətirilən hibrid avtomobillər əsasən, 2007-2008-ci illəri əhatə edirdi. Həmin avtomobillər də ABŞ-dan gətirilirdi. Bu avtomobillər də jarqon dilində desək, “atxod” avtomoillər idi. Yəni metal tullantılar hesab olunurdu. Bunlar da bizim şəhərə doldurulurdu.
2015-ci ildə birinci və ikinci devalvasiyadan sonra avtomobil bazarlarımız böyük ziyan gördü. Bazarlar indi-indi özünə gəlmək istəyirdi, amma ikinci əl avtomobillər bu inkişafın qabağını kəsirdi. Əsasən hibrid və elektromobillərin təşviqi üçün ölkəyə gələn ikinci əl avtomobillərə maneələr olmalı, onlara limit qoyulmalıdır. Bu, həm mənim, həm də bir çox mütəxəssisin fikridir. Bildiyimiz kimi, 2005-ci il buraxılışı olan avtomobillər ölkəyə buraxılır. Bu avtomobillərin buraxılış illəri artırılmalıdır ki, köhnə avtomobillər ortaya girməsin və yeni maşınlar təşviq olunsun. Elə bizim də həm Assosiasiya ilə, həm də digər dövlət qurumları ilə bu hibrid və elektromobil nəqliyyat vasitələrinin təşviqatı üzrə işlərimiz, layihələrimiz var”,- deyə Eyyub Əliyev əlavə edib.
Mətin Şükürlü, Bizimyol.info