Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğmalaşan "Ögey ana": Azərbaycan kinosunun daha bir zirvəsi...
Doğmalaşan "Ögey ana": Azərbaycan kinosunun daha bir zirvəsi...

“Qızınmadıq istisinə, kor olduq tüstüsünə. Özü də bir uşaqlısını yanına salıb gətirib”...

Həyat yoldaşı dünyasını dəyişən Arif uzun müddətdir ki, şəhərdə işləyirdi, onun azyaşlı oğlu İsmayıl isə ana nənəsinin yanında qalır. İsmayılın bir arzusu vardı - atası qayıtsın...  Ancaq atasının tək qayıtmayacağını düşünə də bilməzdi.

50-ci illər Azərbaycanı... Boşanmış-uşaqlı qadının yenidən ailə qurması birmənalı qarşılanmırdı. Ümumiyyətlə insanlar, xüsusən qadınlar belə hesab edirdi ki, kişinin həyat yoldaşı öldüsə, o ikinci dəfə evlənməməlidir. Evlənsə belə uşağı olmayan qadınla evlənməlidir. Çünki qadının uşağının olması kişinin uşağının ürəyini incidib küsdürə bilər. Elə hesab edilirdi ki, yad qadından ana olmaz, ancaq Ögey ana ola bilər ki, ögey ana da heç bir zaman kişinin övladına öz balası kimi baxa bilməz.

Şəhərdən kəndə gələn Dilarənin qarşısında çox ağır sınaqlar vardı. İsmayılın sevgisini qazanmaqla yanaşı, yaşadığı və həkim kimi işlədiyi kənddə də sevgi və inam qazanmalı idi. Onun üçün də çətin idi. Bəlkə boşanmış, uşaqlı qadın olmaq onun üçün də ağır idi. Ancaq onu ətrafda heç kim başa düşmək istəmirdi. Qınaqlar, müzakirələr Dilarəni bir küncə sıxışdırsa da, uzun gecələri yuxusuz qalsa da, bu mübarizəni qazanmalı idi. O, Arifi sevdiyi üçün İsmayılın da sevgisini qazanmalı idi.

Ümumiyyətlə, istər qadın olsun, istərsə də kişi, ikinci dəfə qurulan ailə daha dəyərli olur. Çünki birinci dəfə ailə quran zaman insanlar təcrübəsiz olur, güzəştə getməyi bacarmır, itirməkdən qorxmur. İkinci dəfə isə, itirmək istəmir... Bəlkə də qarşıma daha yaxşısı çıxmayacaq deyə ikinci ailənin dəyərini daha çox bilir. Buna görə də, təcrübələr də göstərir ki, ikinci dəfə qurulan ailələr daha möhkəm və uzunmüddətli olur...

Dilarə də ailəsinin möhkəm olmasını arzulayırdı.

- “İsmayılın evi yaxşı tikildi, bundan sonra o daha ağ gün görməyəcək.

- Ay Fatmanisə nənə, niyə elə deyirsən? Bəlkə o uşaq, ağ günü elə bundan sonra görəcək...

- Ay gördü ha, yazıq uşaq gündən günə əriyib çöpə dönəcək, heyva kimi saralıb gül kimi solacaq. Ah ögey ana...”

Bəlkə də İsmayıl qadınların bu qeybətini eşitməsəydi, Dilarəni ana kimi qəbul etmək onun üçün çətin olmayacaqdı. Atasını sevən və onun “Dilarə sənə yaxşı ana olacaq” deməsinə inanan, Dilarənin aldığı saatı əvvəlcə sevə-sevə taxan İsmayılın fikirlərinin dəyişməsinə səbəb, məhz Fatmanisə nənənin fikirləri olmuşdu. Uşaqlara sevinə-sevinə atası ilə tikintiyə gedəcəyini deyən İsmayılın saatı uşaqların diqqətini çəkmişdi və sinif yoldaşlarından birinin “ögey anası alıb” deməsi yadına Fatmanisə nənənin fikirlərini salmışdı. "Ögey ana pisdir, ögey ana uşağa baxmaz, ögey ana uşağa analıq edə bilməz, ögey ana varsa, uşağın qara günləri bundan sonra başlayacaq" fikirləri İsmayılı Dilarədən uzaqlaşdırmışdı.

Bəli, günümüzdə heç doğma analar belə övladlarına sahib çıxa bilmir. Tovuzda yaşanan Nərmin faciəsi, İmişlidə atalığı tərəfindən təcavüzə uğrayıb ana olan 11 yaşlı qızın anası və... 60 il öncə İsmayıla analıq etmək istəyən, ancaq qəbul edilməyən Dilarə...

Qəmər xala İsmayılın dünyasını dəyişmiş anasının anasıdır. Qəbul etmir Dilarəni, İsmayılın da qəbul etməsini istəmir. Qızının mənəvi varlığını itirmək, qızının evində bir başqa qadını görmək Qəmər xalaya xoş deyil. Buna görə, İsmayıla onun haqqında mənfi danışaraq, uşağın gözündən Dilarəni salmağa çalışır.

Filmi izlədiyiniz zaman Dilarənin hərəkətləri, məsələn, İsmayılın dərslərdən geri qalması xəbərini atasına deməsi, onun tikintiyə getməsinə mane olması əvvəlcə tamaşaçı tərəfindən birmənalı qarşılanmaya bilər. Əslində Dilarənin məqsədi İsmayılın sevgisini qazanmaqdır. Onsuz da İsmayıl anasını görməyib, əslində Dilarənin verdiyi sevgi onda anaya qarşı sevgi yarada bilər.

Arif İsmayılı tikintiyə aparmır... İsmayılın hönkürtüsü dayanmır, saatlarla ağlayır... “Sənin də ananı qara torpaq udmasaydı, sən də ağ gün görərdin”...

Bir saat 20 dəqiqəlik film boyunca bir cəmiyyətin qadına verdiyi dəyər, bir yad qadının qazandığı sevgi, öz övladı olmayan uşaqla ana kimi davranması yer alıb. Dilarə arzusuna çatır, İsmayılın sevgisini qazana bilir. İsmayıl ona “Ana” deyir... Bu yol asan olmasa da, Dilarə bu ağrılı sınaqdan uğurla çıxa bilir.

Film bir daha sübut edir ki, Azərbaycan qadını güclüdür, Azərbaycan qadını özünə aid olmayan uşağı da bağrına basa bilər. Düzünü desək, 1958-ci ildə çəkilmiş “Ögey ana” filminə baxan zaman keçən dövrə həsədlə yanaşmamaq mümkün deyil. Bu gün boşanmış qadına cəmiyyət “əxlaqsız” damğası vurur. Bu gün boşanmış qadınlar ikinci dəfə ailə həyatı qurmaqda çətinlik çəkir. Bu gün ailələr dağılır. Bu gün analar öz övladını satır, sevgililəri ilə əlbir olub övladlarını öldürür, övladlarını sevgililərinin qurbanına çevirir... Bu gün qadınlar öldürülür, döyülür, şantaj edilir, təcavüzə uğrayır...

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »