Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat tərzimizdən bədən üzvümüzə təkamül prosesi keçən maska: Ondan nə zaman qurtulacağıq?
Həyat tərzimizdən bədən üzvümüzə təkamül prosesi keçən maska: Ondan nə zaman qurtulacağıq?

Dünya Səhiyyə Təşkilatı “COVID19”-un indi də başqa bir ştamını axtarıb, tapıb və onu “ciddi narahatlıq doğuran” yeni kateqoriyaya əlavə edib. Hətta bu ştama yunan əlifbasının 15-ci hərfi olan “Omikron” (O) adını da verib. Yunan əlifbası 24 hərfdən ibarətdir. Görünür, ştamların bitməsinə doqquz hərf qalıb. Yaxşı ki, Dünya Səhiyyə Təşkilatı kəşf etdiyi ştamlara 74 hərfdən ibarət Kamboca əlifbasının adlarını qoymayıb. Olan-qalan ümidimizi də itirərdik. “Ən son ölən ümidlərdir” aforizmini həyatımıza ümid işığı edib, yaşamağa çalışırıq.

“Korona –covid”, “korona – delta”, “korona – omikron”, sanki hər bir vəchlə çalışılır ki, bu xəstəlik ayaqda qalsın. Sabah ola bilsin, milli koronalarımız da tədavülə buraxılsın. Yəqin, ən böyük iki milli ştama Əmək Nazirliyinin və Tarif Şurasının “fəxri” adları verilər. Hərçənd ki, onlar hələ koronavirus ölkəmizə təşrif buyurmamış, onun gəlişi üçün lazımi psixoloji zəmini yaradıblar. Nə isə, qayıdaq mövzumuza...

1956-cı ildə ləğv edilən “şəxsiyyətə pərəstiş” anlayışı, 2020-ci ilin başlanğıcından indiki günümüzə qədər “xəstəliyə pərəstiş” psixologiyası altında şüuraltımıza yeriməyə başlayıb. Dayanacaq lövhələrində, qapalı iş müəssisələrində, istirahət bölgələrində, nəqliyyat vasitələrində, bir sözlə, evdən eşiyə çıxan kimi gözünüzə dəyəcək hər bir yerdə “COVID19” sözünü görə bilirsiniz. Artıq üçüncü ildir ki, hər səhər gözümüzü bu sözlə açıb, axşamüstü birja xəbərləri kimi dərc olunan yoluxma statistikaları ilə günü sonlandırırıq. Nefti, qazı, dolları, avronu, kriptovalyutanı bildik. Bu yoluxma sayının hər gün tirajlanıb dövriyyəyə buraxılması, başlıqlarda sağalanların yox, məhz yoluxanların, ölənlərin sayını oxucunun gözünə soxulması hansı məqsədin, niyyətin daşıyıcısı, göstəricisidir?...

Həkimlər, ölüm ayağında olan xəstələrlə münasibət zamanı, onlara müsbət əhval-ruhiyyə aşılamaq üçün otağına hansısa bitki qoyulmasını, yaxud həmin otağın yaşamın simvolu olan yaşıl rəngə boyanmasını xəstə yaxınlarına tövsiyə edirlər. Beləliklə, onlar həmin xəstədə müəyyən ümid işığının sağalması üçün möcüzəvi əhəmiyyət daşıyacağı ehtimalını da dəyərləndirmiş olurlar. Bir neçə ay vaxtı qalmış xəstələrə qarşı, belə bir psixoloji iş aparılması tibbi elmlə öz təsdiqini tapmışkən, sağlam insanları hər gün bəd yoluxma-ölüm sayı xəbərləri və xəbər başlıqları ilə bədbəxt etməyin məntiqi kökü hara dayanır? Bu, heç şübhəsiz ki, tibbə dayana bilməz...

Maraqlısı odur ki, artıq tibbi, yaxud da üzərində “ilan-qurbağa” şəkli olan parça maskalar, bu bədnam virusun adını insanlara yavaş-yavaş unutdurur. Bəziləri istisna olmaqla, çoxu o maskanı üzərində ya təmsil etdiyi iş yerini göstərmək üçün, ya “vətənsevər”liyini isbatlamaq üçün (üzərində bayraq şəkilləri ilə - M.Ş), bəziləri taxdığı maskanın brend məhsul olduğunu göstərmək üçün (eynilə az əməkhaqqı ilə üç min manatlıq “iPhone” sıralarına dayananlar kimi – M.Ş), bəziləri də üç-beş manat qazancının cəriməyə getməsini önləmək üçün.

Tirajlanan “həqiqət”in kökü, yalan və məntiqsizlik üzərində qurulursa, deməli, o, açıq-aşkar bir manipulyasiya yöntəmidir.

Yaxın zamanlarda maraqlı bir mənbədən belə bir məlumat oxumuşdum. Deməli, İkinci Dünya Müharibəsi ərəfəsində sovet casusları, almanların işğalı altında olan bölgələrə sızıb, orada casusluq fəaliyyətini icra etmək üçün 3 aylıq kurslardan keçirlərmiş. Həmin kursların əsası, yalan deməyi bacara bilmək üzərində qurulduğuna görə, casuslar, günlərinin 7-8 saatını ayna qarşısında duraraq: “Mənim ad-soyadım filandır, ata-anam filan yerdə işləyirlər, özüm filan yeri bitirmişəm, müharibəyə bu səbəbdən qatılmışam” kimi uydurma məlumatları əzbərləyərdilər. Daha sonra bu şəxslər, düşmən bölgələrinə sızaraq aldıqları tapşırıqları icra edərdilər. Müharibə bitdikdən sonra bu casusların bir qismində “Mitomaniya” adlı xəstəliyin inkişaf etdiyi aşkarlanır. Belə ki, onlar, həmin kurslarda saatlarla öz şüuraltlarına təlqin etdikləri və düşmənə qarşı işlətdikləri o yalan məlumatları, artıq öz həyatlarının reallığına çevirmiş və özlərini buna inandırmağı bacarmışdılar. Həyatlarının reallıqlarını onlara əzbərlədilən yalanlar üzərində qurmaları, onların psixoloji və mənəvi fəlakətinə yol açmışdı.

Artıq üç il olur ki, maska bizim üçün “ölümlə həyat arasındakı divar” rolunu oynayır. Hər gün metroda “maskalardan düzgün istifadə edin, maska ağız və burun boşluğunu örtməlidir, maska taxın, əks halda cərimələnəcəksiniz” kimi hər stansiyabaşı təkrarlanan bu ifadələr artıq balaca uşaqların dilində şeirə çevrilib. Avtobusa, metroya minən sakin beynində düşünür: “Evdən çıxanda qazı söndürdüm, işığı söndürdüm, qapını kilidlədim... Yox, nəsə yadımdan çıxıb, amma tapa bilmirəm...” Birdən, avtobus sürücüsünün, ya da hansısa yaşlı vətəndaşın sərt, kobud müraciəti ilə rastlaşır: “Maskanı tax!” Arxa cibində açar və pulqabının yanına sıxışdırdığı əzilmiş maskasını çıxarıb taxır. Bir qədər gedəndən sonra qabaqdan sürücünün növbəti zəhmli səsi yüksəlir: “Maskaları taxın, yoxlama var!” Nəticədə avtobusda aləm dəyir bir-birinə. Maska taxmayanlar, taxanlara həsrətlə baxır. Bu zaman yaşı altmışdan yuxarı bir yaşlı qadın, öz ağzındakı maskanı çıxarıb tərs çevirərək, maska taxmayan cavan oğlana verir: “Al tax, bala. Narahat olma, təmizdir. Bayaq aptekdən aldım. Sən o biri üzünü çevir, tax”. Ancaq gənc gecikir. Avtobusun pəncərəsindən ona əli ilə “gəl-gəl” deyən polisin sərt baxışları ilə rastlaşır. Onun kimi bir neçəsi də avtobusdan düşürülür və yola davam edirik. Təbii, onların aqibətləri heç birimizi maraqlandırmır. Biz, öz hayımızda oluruq.

Elə həmin nəqliyyat vasitələrinin birində Seymur adlı şəhər sakini ilə maraqlı dialoqumuz yaranır. Seymur deyir ki, koronavirus bu ölkədən ona atılan şər-böhtanlara görə çıxıb gedəcək:

“Hələ bu söhbət təzə-təzə başlayanda, hər kəs inandı ki, vəssalam, dünyanın axırıdı. 2012-ci ildə dedilər: “dünya dağılır, hər yer zülmət olacaq”, mağazalarda şam qalmadı. 2021 oldu, dedilər: “vəssalam, korona gəlib, hamını öldürəcək, gedin tərkibində “C” vitamini olan qidalar alın”. Ölkədə mandalin, portağal, nar qıtlığı yarandı. Dedilər: “Spirt vurun, spirt mikrobları öldürür”, spirtin qiyməti qalxdı oldu üç qat. Hələ o spirti içənləri demirəm. Diqqət edin, ortaya bir informasiya buraxılır və insanlar ona tərəf axışırlar.

Mənim rayonda babam var, evdə ağzında maska ilə oturur. Deyirəm: “Baba, ürəyin sıxılmır? Çıxart da onu, evdəsən”. Razılaşmır, deyir: “Bu boyda dünya qırılıb, məhv olur, sən ağıllı çıxmısan?” Ta demirəm ki, ay baba, sən o maskanı keçən ayın ortasında almısan, koronavirusun bütün başbilən mikrobları o maskanın üstündə plenar iclas keçirir. Yaşlı adamdır da, televizorda görüb, hər gün xəbərlərdə rast gəlir, düşünür ki, doğru olan budur. Mən nə onu, nə də digər belə düşüncədə olanları qınamıram. Xəstəlik var, danmıram. Amma bundan qorunmağın yolu təkcə maska deyil axı. Sən maskaya görə irad bildirirsənsə, cərimə tətbiq edirsənsə, onda gəl, əllərimi yuyub-yumadığımı da hansısa cihazla yoxla, qızdırmamı da yoxla, bu xəstəliyin simptomlarına aparacaq hər bir detalı yoxla. Niyə yapışmısan maskadan? Hələ iki doza vaksin vurdurmağıma baxmayaraq, yenə də maska taxmalı olduğumu demirəm. O da ayrı bir dərdin mövzusudur. Yəni, oturub, düşünsəniz, görəcəksiniz ki, o qədər bir-birinə zidd, uyğun gəlməyən məntiqsiz, yersiz tələblər var ki.

Eni-uzunu heç 10 metr olmayan balaca marketə girirsən, qapıda yazılır: “Ən azı 1,5-2 metr məsafə saxlayın”. Yaxşı, burda məsafəni saxladım. Bəs avtobusda, metroda necə edim? Vallah, bu virus insan olsaydı, abrına qısılıb, ölkəni tərk edərdi. Biri maska satacaq deyə virusu bəhanə edir, biri cərimə ilə büdcəni dolduracaq deyə virusu bəhanə edir, digəri modabazlıq edəcək deyə virusu bəhanə edir. Bu yazıq virusun astarı üzündən baha çıxdı ki. Şərlənməkdən bezib qaçacaq (gülür – M.Ş)”.

Mövzu ilə əlaqədar olaraq, ölkədə son sanitar-epidemioloji vəziyyəti öyrənmək üçün TƏBİB-in Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışdıq, ancaq telefona cavab verən olmadı.

Son olaraq, məsləhətdir ki, maska taxın. Unutmayın, maska sizi xəstəlikdən qorumasa da, cərimədən qoruyur...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »