Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi

Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistan baş nazirinin görüşü bitdi.

Yeni bir bəyanat imzalandı. Yerli mediada əsas nəticə Azərbaycanı xeyrinə yozulur. Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə çatdığı deyilir.

Bu mənada bir nəticə bütün nəqliyyat kommunikasiyalarının açılması bağlı bənddir. Bu məqsədlə konkret layihələrə başlamaq razılaşdırılıb. Düzdür, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev "dəhliz" ifadəsini işlədiblər. Ancaq bəyanatda nəinki "Zəngəzur dəhlizi", hətta "dəhliz" ifadəsi yer almır. Ancaq Azərbaycan tərəfi "konkret layihələr" ifadəsinə əsaslana biləcək. Dəqiq yazılmadığı üçün Ermənistan bundan qaçmağa cəhd edəcək. Ancaq Rusiya, eləcə də, Türkiyə və başqa böyük aktorlar Zəngəzur dəhlizində israr edirlər. Sənəddə dəhliz və onun keçəcəyi konkret coğrafi ərazi göstərilməsə də, bu məsələdə böyük güclərin iradəsinin təsirli olacağı gözlənilir. Azərbaycan da bunda maraqlıdır.

Ermənistanın sənədə "əsirlər" və "saxlanılan şəxslər" ifadələrini yazdırması mümkün olmayıb. Bu da Azərbaycanın xeyrinədir; Ermənistan revanşistləri bunu Paşinyana qarşı istifadə edəcəklər.

Sənəddə Azərbaycanın rədd etdiyi "Dağlıq Qarabağ konflikti" ifadəsi var; buna görə, Azərbaycan müxalifəti, çox güman ki, bəyanatı tənqid edəcək. Başqa bir yenilik Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, sonrakı demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasıdır. Bu barədə Ermənistanla Azərbaycan qiyabi söz duelinə çıxmışdı. İndi bu məsələni ərazidə və masa arxasında, xəritə qarşısında - birgə komissiyada həll etmək haqda razılaşıblar. Hansı xəritə əsasında? Bəyanatda yazıldığı kimi, "Rusiyanın konsultativ köməyi ilə". Yəni Rusiyanın ortaya sərəcəyi xəritə ilə. O xəritələrin isə hansı variantı seçiləcək? Bu məlum deyil. Ancaq məlum olan budur: Rusiya bu bəndlə sərhəd məsələsinin Brüsseldə müzakirəsini ya tamam dəf edir, ya da müzakirə olacaqsa da, Rusiyanın "konsultativ" dəstəyi çərçivəsindən kənara çıxmayacaq. Brüssel həm də onun üçün idi ki, Avropa İttifaqı, sonrakı addımda ABŞ Azərbaycanla Ermənistan arasındakı sərhəd məsələlərinə arbitr ola bilsin. Putin isə Soçidə bəyanata yazdırıb ki, sərhəd problemi yalnız Rusiyanın egidası altında həll etmək olar.

Bəyanatda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti yüksək qiymətləndirilib. Bunu daha çox Ermənistan öz xeyrinə şərh edəcək. Azərbaycan dəfələrlə bu kontingentdən narazılığını ifadə etmişdi. Görünür, bütün əvvəlki insidentlərə baxmayaraq, rəsmi Bakı üçün bu məsələ prioritet deyil. Əsas məsələ nəqliyyat kommunikasiyalarının açılması, sərhəd məsələsinin həlli və sonrakı mərhələdə sülh müqaviləsidir. Təbii ki, qarşı tərəf bəyanatdakı "Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə edərək status tələbini qabardacaq. Ancaq sənəddə statusa dair bir eyham olmaması Azərbaycanın xeyrinədir. Azərbaycan 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il bəyanatlarına əsaslanaraq, fundamental məsələləri həll etməyi hədəfləyir. Bunun nəticəsində Rusiya hərbi kontingentinin məsuliyyət ərazisini - hələlik Azərbaycanın nəzarət etmədiyi 3150 kv.km.-lik ərazini öz yurisdiksiyasına qaytarmağa çalışacaq. Bu nikbin perspektivdir. Sənəddə "regionun iqtisadi potensialının üzə çıxarılması" ifadəsi var. Bu, o deməkdir ki, prosesdə region ölkələrinin iqtisadi maraqları uzlaşdırılacaq. Və təkcə onların deyil. Xəzər hövzəsindəni neft-qaz layihələrini götürək. ABŞ, Avropa, ayrıca Böyük Britaniya bir tərəfdən, Rusiya, İran... o biri tərəfdən rəqabət aparırdılar. Sonunda bütün aktorların maraqlarını uzlaşdırmaq mümkün oldu. Bu dəfə də, çox güman ki, belə olacaq.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »