Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin Soçidəki üçtərəfli danışıqlardan qabaq İlham Əliyevlə Vladimir Putin arasında görüş olub. Bəzi analitiklər Putinin Əliyevlə Paşinyandan qabaq görüşməsini Ermənistan baş nazirinin hansısa xüsusi xahişini razılaşdırmaq istəyi ilə izah edib.

Bunun belə olub-olmadığını demək çətindir. Ancaq iki cür şərh vermək olar: ya Paşinyan ölkəsindəki daxili siyasi vəziyyət pozulmasın deyə hansısa kəskin məsələlərdə əvvəldən düşündüyü addımları ertələmək, ya da Brüssel üçün gündəlik saxlamaq istəyir (Hər iki halda İrəvan özünə menavr üçün yer saxlamaqda maraqlı ola bilər. Burda pozitiv nüans: Ermənistan şərt qoyan tərəfdən xahiş edən tərəfə çevrilib). Bununla yanaşı başqa versiya da var: Putin Qərbə tərəf boylanan Paşinyana Azərbaycanla daha üstün münasibət səviyyəsini nümayiş etdirmək istəyib.

Əliyev-Putin görüşünün özündə də xüsusi təhlilə layiq maraqlı nüanslar var. Putin Azərbaycan prezidenti ilə görüşdən əvvəl öz hökumətindən kimlərdən fikir aldığını dilə gətirib: “İqtisadiyyat problemləri, nəqliyyaat dəhlizinin açılması məsələləri ilə məşğul olan Rusya hökumətinin baş nazirinin müavini, müdafiə naziri, məlum olduğu kimi, nizamlama işinə əhəmiyyətli töhfə verən Sərhəd Xidmətinin tabe olduğu Federal Təhlükəsizlik Xidmətinin direktoru ilə söhbət edirdim”.

Bu, Rusiya rəhbərinin Azərbaycanlı həmkarı ilə, eləcə də, üçtərəfli görüşlərdə Zəngəzur dəhlizinin, onun təhlükəsizliyinin təmin olunması və burdan irəli gələn iqtisadi maraqlar ətrafında müzakirə aparacağına işarə idi. Putin Qarabağdakı Rusiya hərbi kontingentinin Qarabağ nizamlanmasında “əhəmiyyətli” rol oynadığını önə çəkib. İnsidentlər, insan tələfatı olduğunu, Soçi danışıqlarının bu məsələlərin həllinə kömək edəcəyini deyib. Rusiya liderinin bəyanatında əsas vurğu Azərbaycanla öz ölkəsi arasında iqtisadi-ticarət, eləcə də, humanitar əlaqələrin inkişafına salınıb. Bunu da Vladimir Putinin Ermənistana: “Azərbaycan kimi siz də Moskva ilə daha yaxın olun, inkişaf edin” tələbi kimi dəyərləndirmək olar. Eyni zamanda Azərbaycana: “Sükanı belə saxla” mesajıdır.

Doğrudur, Putin Qarabağ məsələsindən çox danışmadı, bu diskussiyanın Nikol Paşinyanın da gəlişindən sonra davam edəcəyini dedi.

Prezident Əliyev də Putinlə eyni fikirdəydi: “...Bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil”.

Əlbəttə, Şuşa ətrafında təxribatlar, Azərbaycan əsgərinin snayperlə Qarabağda qətlə yetirilməsi, Laçın-Şuşa yolundakı postda hərbi qulluçularımıza qumbara atılması və üç əsgərimizin yaralanması... bunlar ümumi mənzərəni pozan hadisələr kimi deyil, insidentlər kimi qiymətləndirib; hər iki tərəf bu fikirdə olub. O cümlədən, Rusiya hərbçilərinin qumbaralı terrorçunu tutaraq dərhal Ermənistana təhvil verməsi haqda da danışılmayıb. Həm Rusiya, həm Azərbaycan Prezidentlərinin sözlərindən bu nəticə çıxıb ki, hansı ərazidə Rusiya ordusu varsa, orda vəziyyət sabitdir, sadəcə kiçik insidentlər baş verir, harda Rusiya hərbçiləri yoxdursa, orda -Ermənistan-Azərbaycan sərhədində ciddi toqquşmalar var. Bunu aydın dillə bir daha ifadə edib: “Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk”.

İlham Əliyevin “Rusiya sülhməramlılarının məsuliyyət zonası” ifadəsi xüsusi maraq kəsb edir. Eyni zamanda Azərbaycan və Ermənistan ziyalılarının görüşləri haqqında söhbət gedir. Bu da o deməkdir ki, Rusiyanın egidası altında hər iki ölkənin mədəni elitaları hər iki cəmiyyəti yaxınlaşdırmağa çalışacaq. Yəni siyasətçilərdən (əsasən Ermənistandakı hərbi-siyasi revanşistlərdən) yan keçən təşəbbüslər dəstəklənəcək. Rusiya hər iki ölkədə elitaların Moskvaya yönəlik yenidən formatlamaqda maraqlı görünür. Hər iki ölkədə siyasi qərarlara təsiri olan Rusiyameylli qüvvələr, Moskvaya loyal siyasi isteblişment, kadr korpusu xeyli seyrəkləşib. Rusiya bunu kompensasiya etməyə çalışacaq.

Azərbaycan Prezidenti ölkəsinin bu mənada daha irəlidə olduğunu Ermənistanın adını çəkmədən vurğuladı: 15 min Azərbaycanlı tələbənin Rusiya ali məktəblərində oxuduğunu diqqətə çatdırdı: “Bu, bütöv bir universitetdir” dedi. Başqa sözlə, bütöv bir universitet Azərbaycan üçün Rusiyaya bağlı kadrlar yetişdirir. Hələ ilkin bazanın orta məktəblərdən yaradıldığını bir kənara qoysaq. Ermənistanda isə bunun tam əksidir. Qarşıdakı dönəmdə Rusiya ağırlıqlı xarici siyasətin necə dividendlərə gətirib çıxaracağını demək çətindir. Bizə ilkin nəticələri və ya əlamətləri Soçi görüşündən gözləməkdən başqa bir şey qalmır.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »