Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
“Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?

“Black Friday” yəni, “Qara Cümə” günü ilə əlaqədar bəzi iri ticarət mərkəzlərində oldum. Ancaq öncəliklə, bu ifadənin kökünün haradan gəldiyini qeyd etmək istəyirəm.

1932-ci ildən bəri, ABŞ-da “Şükranlıq Günü”ndən bir gün sonra gələn cümə günü, “Qara Cümə” adlanıb. Həmin ildən etibarən, yeni il alış-veriş sezonunun başlanğıcı qəbul edilən cümə günü, əsasən, 1961-ci ildən sonra “Qara Cümə” adlandırılmağa başlanılıb. Təbii ki, burada işlənən “qara” sözü, özü ilə yanaşı, bəzi müsbət olmayan, neqativ düşüncələri də ağıla gətirir. Həmin tarixdən bu yana, hər il keçirilən ənənəvi “Cümə” alış-verişində mağazalar önündə yaranan insan sıxlığı, maşınların hərəkət edə bilməməsi, insanların endirimdə olan malları əldə etmək üçün bir-birlərini əzib keçməsi, təəssüf ki, bu xüsusi günün “Qara” adlandırılmasına yol açıb. Əlbəttə burada bununla yanaşı, bir çox fərqli fikirlər də mövcuddur. Ancaq “Qara Cümə” təkcə ABŞ-da keçirilmir. O, həm də Kanadada, daha sonra bir çox Avropa dövlətlərində, xüsusilə də İngiltərədə qeyd edilməyə başlanılıb. Bu tarixdə biz həmin ölkələrin sosial gündəminə nəzər salsaq, ifadənin niyə məhz “Qara Cümə” adlandırıldığını daha yaxşı anlaya bilərik...

Qara cümə

İndi isə qayıdaq öz ölkəmizə. Avropa dövlətlərində keçirilən bu xüsusi gün, Azərbaycanda elə də təm-təraqla keçirilmir. Təbii ki, bəzi elit ticarət mərkəzlərindən və oradakı mağazaların xüsusi müştərilərindən başqa. Amma hər bir halda, burada insanlar bir-birini əzib keçmir. Şəxsən mən bu gün bunu müşahidə etdim. Sıra ilə kimlik vəsiqəsinin yoxlanılmasını gözləyən insanlar, səbrlə öz sıralarının gələcəyini gözləyirlər. Təbii ki, mən hələ ki, bura sərt karantin dövründə evdən bayıra çıxma qadağasına bir gün qalmış, insanların bir çoxunun acgözlüklə bir-birini əzib mağazaları “daşımasını”, keçən ay telefon mağazalarının birindən “iPhone” almaq üçün mağazanı mühasirəyə almalarını, ən önəmlisi də, metroda qatar gələn zaman az öncə sakitcə telefonu ilə oynayan insanların birdən-birə bir-birini əzərək qatara minməyə çalışmasını, bu zaman metro əməkdaşlarının insanları “ot presi” kimi qatara basmasını əlavə etmirəm. Mən, sadəcə olaraq, bu günün xüsusiliyindən bəhs etmək istəyirəm.

Beləliklə, kimlik vəsiqəmi göstərib vaksinasiyadan keçdiyimi bildirəndən sonra ticarət mərkəzinə daxil oldum. İlk başdan gözümə xüsusi, özəl görüntü dəymədi. Birinci mərtəbədə ənənəvi kofe qoxusu, yaxını ilə burada görüş təşkil edib bir küncdə söhbət edənlər, bir neçə addımdan bir dayanıb “selfie” edənlər, aldığı yeməyi yemək üçün boş stol gözləyənlər, bir də əlbəttə ki, lap yuxarı mərtəbədən üzü aşağı asılmış böyük və iri üçrəngli bayrağımız. Nadir də olsa, bayraq qarşısında dayanıb şəkil çəkdirənləri də gördüm. Amma onlar da bir-birləri ilə Azərbaycan Türkçəsi ilə yox, almanca danışan xarici vətəndaşlar idilər...

Qara cümə

Mağazalardan birinə daxil oldum. Girişdəki böyük “Black Friday” yazısı, məni burada “misli görülməmiş endirim” düşüncəsinə qapdırsa da, içəridə insan azlığı və malların üzərindəki rəqəmlər məni əmin etdi ki, bu cümənin o biri cümlələrdən elə də böyük bir üstünlüyü yoxdur. Sadəcə olaraq, adı qaradır. Düşündüm ki, ola bilsin, bu, hansısa irqçi düşüncəli amerikalının əməlidir. Cümə gününün müsəlmanlar üçün xüsusi olduğunu düşünüb bu günə qarşı “irqçilik” ediblər. Yoxsa, bu günün o xüsusi özəlliyini mağazalarımızda biz niyə görə bilmirik? Amma tez də bu düşüncəmdən daşındım.

Məhsulların üzərində “20%”, “30%” və “50%” endirimlər yazılıb. Ən yüksək endirim məişət və mətbəx əşyalarına aiddir. O da ki, əlli faiz endirimlə. Ən yüksək endirim də bu idi. Ayaqqabılar və digər geyim çeşidləri iyirmi və otuz faiz endirimlə satılır. Təbii ki, bu, mağazadakı bütün məhsullara aid deyil. Xüsusi satış məhsulları var idi ki, bu endirimlər məhz həmin məhsullara aid idi. Yəni, hər istədiyin məhsulu o endirimlərlə almaq olmaz.

Satış menecerlərindən biri ilə söhbət etdim. Pərviz adlı mağaza əməkdaşı bildirdi ki, qiymətlərdəki endirimləri mağaza yox, mağazaya verilən məhsulları göndərən şirkətlər təyin edirlər: “Məhsullarımız var ki, onlar İspaniyadan gəlir. Onlara endirimi biz yox, həmin bu məhsulu istehsal edib göndərən şirkətlər təyin edir. Deyim ki, güclü satış var, yalan olar. Həmişə necə, indi də elə. Sadəcə biz də kampaniyaya qoşulmuşuq deyə, endirimləri qeyd etmişik. İndi elədir ki, bazar rəqabəti deyilən bir şey var, gərək, sən də digər mağazalardan geri qalmayasan. İndi burda hara baxsanız, “Black Friday” endirimlərini görəcəksiniz, bir yerdə görməsəniz, sizə qəribə gələcək ki, görəsən, niyə endirim etməyiblər? Onda da həm müştəri itirirsən, həm də nüfuz məsələsi var da”.

Belə bir fikir gəzir ki, endirimdə olan malların qiymətləri endirim günündən bir qədər əvvəl 30-40% qaldırılır, daha sonra belə əlamətdar günlərdə öz qiymətinə salınır. Bu barədə satış meneceri bildirdi ki, ola bilsin, ona başqa mağaza rəhbərlikləri şərait yaradır, amma onlarda elə deyil: “Ticarət edirsənsə, ona hiylə qatdınsa, nə vaxtsa ortaya çıxacaq. İndi bunu edənlər də aşkarlanıb deyə, çoxusu düşünür ki, bunu bütün mağazalar edir. Şəxsən biz etmirik. Hə, elə mallar var ki, uzun müddətdir alınmır, satış azlığı var deyə, endirim edib satırıq. Bunu da təbii ki, baş ofislə razılaşdırıb edirik. İndi bu gördüyünüz 30 faiz endirimə düşmüş məhsullar, həqiqətən bu günə özəl olaraq endirilib. Artıq növbəti günlərdən öz qiymətinə satılacaq” - deyə, Pərviz adlı menecer bildirib.

Mağazada qiymətlərlə maraqlanan alıcılardan biri ilə söhbətləşdim. “Qara Cümə” ilə bağlı burda olduğunu soruşanda, dedi ki, heç bundan xəbəri yoxdur: “Keçirdim, girdim ki, görüm, qiymətlər nədir, bəlkə cibimə uyğun nəsə tapdım. Bu günün özəl bir gün olduğu, ona görə endirimlər edildiyini bilmirdim. Sadəcə, indi yolum düşüb girmişəm. Belə pis çıxmasın, elə özümüz “qara ölkə”, qara millətik də. Bir də durub deyirlər, “Qara Cümə”. Heç olmasa, “Ağ Cümə” desinlər, qaraların içindən fərqlənsin. İndi bu günün keçirildiyi ölkələr ağ gündə olan ölkələrdir deyə, günü qara ediblər ki, diqqət cəlb eləsin. Amma indi bizdə hər şey qaradır, bir də cüməni niyə qaraldırsınız, ay qadan alım? Onsuz da bizdə həftəmizin bütün günləri qaradır da (gülür – M.Ş)” - deyə, alıcı fikrini bildirib.

Qara cümə

Bu növ ticarət mərkəzlərinə axının çox olmasının səbəbi nədir? Niyə insanlar bura üstünlük verirlər? Bu barədə sualıma cavab verən müştəri bildirdi ki, burdakı mallar həm orijinaldır, həm də onu bezdirən satıcılar yoxdur: “Qiymətlər bahadır, ona söz yox, amma arxanca düşüb səni bezdirən, qiymət oxuyan, almayanda da sifət edən satıcılar yoxdur. Sənə o qədər elə qiymət oxuyurlar, elə söhbət edirlər ki, deyirsən: “Mən bunu almasam, Allaha xoş getməz, gərək, alım”. Alırsan, sonra gedib evdə peşman olursan ki, öz istədiyimi ala bilmədim, aldandım və sair. Burda rahatsan”.

Onu da qeyd edim ki, bir çox mağaza əməkdaşları qiymətlər, məhsullar barədə danışmaqdan, məlumat verməkdən çəkinirdilər. Onlar bildirirdilər ki, verilən məlumatları sosial şəbəkələrdə dəyişdirib yalan-yanlış və öz məqsədlərinə uyğun verirlər deyə, heç kəslə bu barədə söhbət etmək istəmirlər.

“Siz indi burda endirimlərin şəkillərini çəkirsiniz, amma mağaza rəhbərliyinin buna icazəsi yoxdur. Amma çəkmisinizsə, bundan məsuliyyət daşıdığınızın fərqində olun. Yəni, demək istəyirəm ki, ehtiyatlı olun, doğru olanı yazın, paylaşın” - deyə, menecer xanım bildirib. Məsuliyyət yükümü mənə xatırlatdığı üçün həmin mağaza əməkdaşına təşəkkürümü bildirib geri döndüm.

Son olaraq, öz növbəmdə, “Qara Cümə” anlayışının daha çox, ağ günə çıxmış ölkələrdə, cəmiyyətlərdə mövcudluğunu nəzərə alaraq, qaralarla və qaranlıqlarla dolu ölkəmizin qara camaatına neçə-neçə “Ağ cümə”lər arzu edirəm.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »