Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərminin qətlindən sonra ailəsinin maddi vəziyyəti hansı mənbədən yaxşılaşıb...

2020-ci il sonu Azərbaycan gündəminə Nərmin cinayəti ilə oturdu. Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb 47 gün sonra yandırılmış cansız bədəni tapılan 10 yaşlı Nərmin Quliyevanın cinayət işi hələ də araşdırılır. Nərminin meyidini tapan şəxs - İlkin Süleymanov həbs edilmişdi. İlkin ifadəsi zamanı cinayəti işlədiyini etiraf etsə də, sonradan bu ifadəni təzyiqlər altında verdiyini dilə gətirmişdi. Dondar Quşçu sakinləri də İlkinin günahsız olduğuna inanır, qatilin ailəyə yaxın biri olduğunu hesab edirlər. Buna görə də, hər kəs İlkinin müdafiəsinə qalxmış və 1500 kənd sakini İlkin üçün imza toplamışdı.

Hər kəs İlkinin sakit, səssiz biri olduğunu deyir və İlkinin belə dəhşətli cinayəy törədə biləcəyinə inanmır. Digər tərəfdən kənd sakinləri idda edir ki, Şərif Quliyevin - Nərminin atasının maddi vəziyyəti ağır olub, kənd sakinləri dəfələrlə onlara ərzaq yardımı ediblər. Nərmin qətlə yetirildikdən sonra isə, ailənin vəziyyəti yaxşılaşır. Ev təmir edilir, yeni əşyalar alınır, hətta Nərminin anası daha işləmir. Ölən bir qız uşağının cinayət işinin araşdırılmasına valideynlərin soyuqqanlılıqla yanaşması hər kəsin diqqətini çəkir.

Elinanı xatırlayırsınızmı? Özünü məktəbin pəncərəsindən atıb intihar etmişdi. O zaman atası ortaya çıxıb canfəşanlıq göstərməyə başlamışdı. Sonradan məlum olmuşdu ki, bu ata deyilən şəxs qızını hələ 6 aylıq olarkən tərk edibmiş. Bu gün cəmiyyətimizdə valideynlərin övladlarına qarşı laqeyd davranışları, övladları üzərində populyarlıq, maddi vəsait əldə etmə halları ilə qarşılaşırıq. Sanki uşaqlar dünyaya onların üzərindən pul, populyarlıq qazanmaq üçün gətirilir.

Nərmin cinayətindən sonra ailənin maddi vəziyyətinin yaxşılaşması, Elina cinayətindən sonra gələn ucuz populyarlıq…

Nərmin cinayətindən sonra valideynlərin maddi vəziyyətinin yaxşılaşması ağıllara hər şey gətirir.

  • Valideynlər övladlarının ölüm işinin araşdırılmasına niyə soyuqqanlı yanaşır?
  • Ailənin maddi vəziyyətinin yaxşılaşma qaynağı nədir?
  • Verilən fərqli ifadələr hansı məqsədi daşıyır?
  • Övladı öldürülən bu laqeyd ailə nəyi gizlədir?

Yəqin ki, bir gün bu suallara cəmiyyət olaraq cavab tapa biləcəyik. Ancaq bir ananın övladının ölümünə soyuqqanlı yanaşması, heç başa düşülən deyil. Sanki ölən doğma övladı deyil, yad biridir.

  • Uşaqların ölümünə bu qədər soyuqqanlılıqla yanaşacaqsınızsa, onları dünyaya gətirməkdə məqsədiniz nədir
  • Bir ana övadını itirdikdən sonra onun üzü, gözü, danışığı, sözləri, gülüşü, qoxusu üçün darıxmazmı?
  • Qatilinin tapılması üçün əlindən gələni etməzmi?
  • Kimisə günahlandırmaq əvəzinə doğruları danışmazmı?
  • Bu qədərmi ucuzdur övladlarınız?
  • Onları sevməyəcəkdinizsə,onlara dəyər verməyəcəkdinizsə, niyə dünyaya gətirirsiniz?

    Satmaq üçünmü? Ölümünə göz yummaq üçünmü? Onun varlığından və ya yoxluğundan pul qazanmaq üçünmü?

Qonşuluqda bir it balalayıb. Altı balası var. Yanına yaxınlaşıb balalarından birini tutmaq istəyəndə üzərimə cumdu, balasını qorumağa çalışdı. Təəssüf olsun ki, bu gün cəmiyyətimizdə bu heyvan qədər balasını qoruya bilməyən valideynlər var.

Biz heç kimi günahlandırmırıq, heç kimi ittiham etmirik. Amma baxmayacağınız, dərdinə yanmayacağınız, qoruya bilməyəcəyiniz uşaqları dünyaya gətirməyin. Onların cinayəti, onların intiharı bizə dərd olur. Biz gecələr gözlərimizi yumanda Nərminin bədənin yandırılmasını, çəkdiyi acıları düşünürük. Biz Elinanın intihardan öncə nələr yaşadığını göz önünə gətiririk. Sizin yanmadığınız dərdlərə biz yanırıq. Neyləyək? Biz bəziləri kimi vicdansız olmağı bacarmırıq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »