Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əksər QHT rəhbərləri qadına qarşı zorakılıq probleminə səthi yanaşır
Əksər QHT rəhbərləri qadına qarşı zorakılıq probleminə səthi yanaşır

Bu gün - 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. Eyni zamanda Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəaliyyətə bu gündən start verilir. Bununla bağlı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ictimaiyyətə müraciət edib.

Müraciətdə deyilir ki, dünyada, həmçinin Azərbaycanda çoxlu sayda qadın və qızlar hələ də zorakılığa məruz qalır. Zorakılıq aktı təkcə qadınlara və qızlara deyil, onların ailələri və başqalarına da təsir edir. Buna görə də cəmiyyətlərimizdə olan bu “utanc nişanəsini” aradan qaldırmaq üçün hər kəsin iştirakına ehtiyac var.

“16 Günlük Fəallıq kampaniyası çərçivəsində BMT-nin ölkədəki agentlikləri hökumət, vətəndaş cəmiyyəti və inkişaf üzrə tərəfdaşları ilə birlikdə maarifləndirməni artırmaq və Azərbaycanda kişiləri, oğlanları qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə cəlb etmək üçün önəmli təşəbbüslər irəli sürəcək” - deyə Vladanka Andreeva qeyd edib. O, bildirib ki, kişilər və oğlanlar, ata, qardaş, həyat yoldaşı, dost və ictimai fəal kimi gender əsaslı zorakılığa qarşı mübarizədə, həm də gender bərabərsizliyini normallaşdıran dağıdıcı stereotiplərə qarşı çıxmaqda mühüm rol oynayır.

Sonda Vladanka Andreeva, builki Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə, Azərbaycanda qadınlara və qızlara qarşı zorakılığı birdəfəlik aradan qaldırmaq üçün bütün kişiləri və oğlanları öz səylərini artırmağa çağırıb.

Bu, beynəlxalq əlaqələndiricinin müraciəti idi.

Bəli, nə qədər acınacaqlı olsa da, bu gün ölkədə qadına qarşı zorakılıq halları ciddi şəkildə davam edir. Qadınlar öldürülür, döyülür... İqtisadi, psixoloji, cinsi və s. başqa zorakılıq növlərinə məruz qalır.

Bir neçə gün idi ki, QHT-lərdən birinin qadın rəhbərinin bu gün ilə əlaqəli tədbiri gözlənilirdi. Səbrsizliklə tədbirin gedişatını izlədim. Problem ondan ibarətdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən əksər QHT rəhbərləri qadına qarşı zorakılıq probleminə səthi yanaşır. Çıxışlarını kimdənsə, nədənsə çəkinə-çəkinə edirlər.

Bu da, bir daha,Azərbaycanda qadın zorakılığının araşdırılmasına böyük rolu olduğu deyilən QHT-lərin bu cür önəmli məsələyə laqeydliklə və yaxud öz mənfəətləri naminə yanaşdığını sübut edir. Xeyr, onları başa düşmək istəmirəm. Çünki hər ay 3-4 qadını öldürülən ölkənin QHT rəhbəri, bildiklərimizi təkrar edirsə, çıxış yolu göstərmirsə, deməli, biz bunu "haqq etmişik".

Xatırladaq ki, rəsmi məlumata görə, ilin ilk 6 ayı ərzində 33 qadın öldürülüb... Göründüyü kimi, bu rəqəmlər ilk deyil. Görünən də odur ki, belə davam etdikcə, son da olmayacaq...

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »