Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqları narkotik təbliğindən necə qoruya bilərik?
Uşaqları narkotik təbliğindən necə qoruya bilərik?

Son zamanlar narkotik vasitələrin sosial şəbəkələrdə təbliği və satışı hallarına tez-tez rast gəlirik. Narkotik vasitələr reklam edilir və sosial şəbəkələr üzərindən satılır. Sosial şəbəkələrdəki narkotacirlərin tələsinə, daha çox yeniyetmələr və gənclər düşür. Həyatına "məna" qatmağa çalışan 14-18 yaşlı gənclər, bu mənanı çox zaman narkotik vasitələrdə görür. Bu yaşdakı uşaqlar üçün isə, narkotacirlərin cənginə düşmək o qədər də çətin olmur. Özünü yeni tanımağa başlayan yeniyetmə, bir neçə dəfə narkotik vasitəsini daddıqdan sonra asılılıq yaranır və bir daha bu asılılıqdan qurtula bilmir. Valideynlər isə, uşaqlarının vəziyyətindən xəbər tutduqları zaman gec olur.

Bəzən mütəxəssislər valideynlərə uşaqların sosial şəbəkə istifadəsinə nəzarəti gücləndirməyi təklif edirlər. Ancaq son dövrlərdə təhsilin distant olması, onlayn kurslar və s. uşaqları bütün gün komputer qarşısında keçirməyə məcbur edir.

Uşaqlar, narkotik vasitə istifadəçisinə çox rahatlıqla çevrilə bilər. Çünki narkotacir və narkokuryerlər, hansı uşaqların daha tez “ilişəcəyini” öncədən müəyyən edə bilir. Uşaqların sosial şəbəkə statusları, etdiyi paylaşımlar və bəyəndiyi videolara yazdığı şərhlər uşaq ovunda olan narkokuryerlər üçün, sözün əsl mənasında ipucu ola bilər.

İqtisadi baxımdan sıxıntılar yaşayan və yaşıdları ilə ayaqlaşmağa çalışan uşaqlar, çox zaman öz hisslərini şəbəkələrdə açıq şəkildə biruzə edir. Pusquda duran narkokuryerlər uşaqlara və gənclərə pul qarşılığında narkotik satışı və s. təklif edirlər. Əvvəlcə bu proses, şirnikləşdirmə üsulu ilə həyata keçirilir. Sonradan narkotik vasitə istifadəçisinə çevrilən uşaq, özü narkokuryeri axtarmağa başlayır və beləcə bir gəncin dramı başlayır.

Sosial şəbəklərə sadəcə nəzarət etməklə, uşaqları narkotacirlərin qurbanı olmaqdan qurtarmaq mümkün deyil. Çünki bəzən uşaqlar sosial şəbəkə profilində qarşılaşdıqlarını silə və yaxud gizli şifrələr qoya bilərlər. Bu zaman heç bir valideyn, uşağın nə ilə məşğul olduğundan xəbərdar ola bilməz.

Uşaqları narkotik vasitələrdən və narkokuryerlərdən qorumaq üçün uşağa qadağalarla yanaşmaq, valideynlərin atdığı səhv addımlardandır.

Hər bir valideyn nəzərə almalıdır ki, 14-18 yaş uşağın ən təhlükəli yaşıdır. Bu yaşda uşaq ətraf təsirlərə rahatlıqla düşə bilir. Uşağı bu təsirlərdən qorumaq üçün onunla dost olmağı bacarmaq lazımdır. Uşaqla problemləri, sevincləri paylaşmaq onunla böyük kimi davranmaq, onun fikrilərinə əhəmiyyət verdiyini göstərmək, onun düşüncələrini dinləmək, ona -düşüncələrinə xüsusi əhəmiyyət verildiyini hiss etdirmək lazımdır. Hətta özünüz, hərhansı sosial şəbəkə videosunu uşağınızla müzakirə etməyə çalışmalısınız və bu yolla onun fikrilərini öyrənməyə səy göstərməlisiniz. Diqqət etmək lazımdır ki, qadağalar, uşaqları yorur və onlar, qadağalardan kənara çıxmağa can atır.

Mütəxəssislər, çox zaman qeyd edir ki, narkokuryerlərin tələsinə çox zaman iqtisadi sıxıntıları olan ailələrin uşaqları düşür. Bu, yanlış fikridir. Çox zaman iqtisadi baxımdan heç bir problemi olmayan uşaqlar da, yeni bir həzzi əldə etmək üçün narkotacirlərin qurbanı ola bilir.

Uşaqları sosial şəbəkələrdə narkotik təbliğ edənlərdən qorumaq üçün, qadağaları aradan qaldırmaq lazımdır. Uşaqlar valideynin ona inandığını hiss etdiyi və qadağaların olmadığı zaman, səhv addım atmağa can atmırlar.

“Narkotik nədir, dadına baxım - öyrənim” və s. bu kimi söhbətlər açıq şəkildə aparıldğı zaman, uşaq nəyin pis, nəyin yaxşı olduğunu özü müəyyən edə bilir. Ancaq uşaq, “onu bilməsin”, “bunu öyrənməsin” və s. düşüncələri ilə böyüyən zaman hər şeyi öyrənməyə, hər şeyi bilməyə can atır.

Uşağı həyata qazandırmaq üçün, nəzarətli azadlıq vermək lazımdır. Uşaq, azad olduğunu hiss etməlidir və siz də nəzarəti əlinizdə saxlamalısınız.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »