Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünüdərkdən başlayır sahib olduqların, dəyər verdiklərin...
Özünüdərkdən başlayır sahib olduqların, dəyər verdiklərin...

"Kaş ki, Azərbaycanımızın sərvəti olan Nizami Gəncəvi “Xəmsə”sini hər evə, hər kəsə paylaya bilsəydim... Oxutdura bilsəydim...”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib. Bəli, dahi şairin 880 illiyi ərəfəsində onun irsinə yeni baxış bucaqlarının olacağına ümid edir, eyni zamanda, Nizami ucalığına olan bəşəri heyranlığın yenidən təzahürünü görəcəyimizi düşünürəm.

Amma... Amması odur ki, sosial şəbəkələrdə gördüyüm qədərilə heç də hamı mənim kimi düşünmür. “Nəyimizə lazımdır Nizami ili?”, “Kimdi axı, Nizami?”, “Fars şairi Nizami” kimi hər bir azərbaycanlının ürəyindəki sarı simi gərən ifadələri oxuduqca həm əsəbiləşir, həm də böyük bir təəssüf hissi keçirirəm. Çünki bütün dünyanın böyüklüyünə heyran qaldığı Nizamini anlamayan, dərk etməyən insanlarla eyni cəmiyyətdə yaşamaq ağrıdır məni... Onların anlamamağı bir yana, anlamağa çalışmamaları isə incidir, əsəbiləşdirir məni... Bu gün balaca bir məktəblidən: “Kimdir Nizami?” -deyə soruşsaq fəxrlə, qürurla, başını dik tutaraq cavab verir: “Dahi Azərbaycan şairi Nizami Gəncəvi!”

Bəs, elə isə, bu qürurdan niyə hər kəs öz payını götürmür? Əksinə, sanki bu böyüklüyün bizə-Azərbaycan xalqına mənsubluğundan qıcıqlanırlar... Bunun səbəbini çox düşündüm öz-özümə... Səbəb savadsızlıqdırmı? Məncə, yox... Bəs nə? Bilmirəm... Nə qədər savadsız olursan ol, öz xalqının böyüklüyünü dərk edə bilmirsənsə, öz xalqının mənəvi sərvətinə sahib çıxmağı özünə borc bilmirsənsə, demək, sənin həyat missiyan da səninçün qaranlıqdır. Bəlkə özün də özünə qaranlıqsan...

Özünüdərkdən başlayır vətən, millət anlayışı... Özünüdərkdən başlayır sahib olduqların, dəyər verdiklərin... Hərdən də fikirləşirəm, görəsən niyə Nizamiyə qarşı bu aqressiya hardandı bəzilərdə? Görəsən Nizamiyə nə veriblər ala bilmirlər?

Fikirlərimin bu yerində dilimdən bir “kaş ki...” çıxır... “Kaş ki, Azərbaycanımızın sərvəti olan Nizaminin “Xəmsə”sini hər evə, hər kəsə paylaya bilsəydim... Oxutdura bilsəydim... Bütün dünyanın beyt-beyt, sətir-sətir oxuyub heyran qaldığı o əsərlərin yazıldığı məkanın bizim gözəl Gəncəmiz olduğunu anlada bilsəydim... Kaş ki...”

Fəlsəfi və tərbiyəvi fikirləri, cəmiyyət və hakimiyyət barədə gəldiyi qənaətləri ilə Nizami həmişəyaşarlığını özü qazanıb. Onun əsərləri hələ də dünya ədəbiyyatının həmişəyaşıl, heç vaxt köhnəlməyən öyrəniləsi mənbələri sırasındadır. Məhz elə buna görə də ədəbiyyat tarixinin nadir incilərindən sayılan bu əsərlərin müəllifinə-dahi mütəfəkkirə sahib çıxmaq istəyənlərin sayı günbəgün artır. Amma o, bizimdir! Nizami Azərbaycanındır!

Farsların neçə yüz ildi dünyaya söylədiyi “Nizami bizimdir!” yalanına yaxın illərdə ermənilər birini də əlavə ediblər. Onlar da bu yandan “Nizami erməni şairidir!” deyib boğazlarını yırtırlar. Biz, məhz elə bu yalanı söyləyəcək qədər özlərini cürətli sayan ermənilər və farsları dəqiq tarixi və elmi faktlarla susdurmağı bacarmalıyıq. Onlara Gəncəmizin şanlı tarixindən danışmalı, bu şəhərin minilliklərdir mədəniyyət mərkəzi olduğunu deməliyik. Üstəlik, anlatmalıyıq ki, Nizami kimi bir dahini yetişdirmək üçün minilliklərin o tayından üzübəri gələn milli-mədəni dəyərlərə malik bir xalq lazımdır. Bu xalq Azərbaycan xalqıdır! Öz zəmanəsinin farsca yazmaq ənənəsinə uyğun olaraq əsərlərini bu dildə yazan hər şairə farsların “mənimdir” deməsindəki absurdluğu görmək üçün dünyanın gözü önünə həqiqəti sərməliyik! Bu həqiqət isə məhz Nizaminin öz əsərləridir; Misirdə və hazırkı Ermənistanda arxivlərdə saxlanılan türkcə yazılmış qəzəlləridir...

İlyas İbn Yusifin- Nizami Gəncəvinin “Xəmsə”sinə sahib çıxmağı bacarmalıyıq, cənablar! Bunu bacarmasaq, “Nizami bizimdir!”-deyə bütün dünyaya səs salmaqdan həya etsək, bir gün onu da itirəcəyimizdən qorxuram.

İllərdi itirə-itirə gedirik. Amma indi bizim olanlara sahib çıxmaq vaxtıdır! Necə ki, 44 günlük Vətən müharibəsində Qarabağımıza, Şuşamıza sahib çıxmağı bacardıq, bax, eləcə, əl-ələ verib Ali Baş Komandanın arxasında durmalı, onun “Nizami ili” elan etdiyi 2021-ci ildə Nizaminin bizim olduğunu daha ürəklə, daha ucadan hayqırmalıyıq!

İtaliyanın paytaxtı Romada “Villa Borgeze” adlanan bir park var. Nizami Gəncəvinin “Villa Borgeze” parkındakı abidəsinin açılışı 2012-ci il aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iştirakı ilə olub. Bu, Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən, ədibin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində baş tutub. Romada sözügedən abidənin ucaldılması Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı səfirliyinin yaxından iştirakı ilə həyata keçirilib. Abidənin müəllifləri xalq rəssamı Səhlab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir.

“Villa Borgeze” parkındakı heykəlin açılışı zamanı İranın rəsmi dairələri bu məsələdən bərk qıcıqlanıb, hətta İtaliyada yaşayan iranlılar heykəlin üstündəki “Azərbaycan şairi Nizami Gəncəvi” yazısının dəyişilməsi, Nizaminin fars şairi olduğunu “sübut etmək” üçün imza da toplayırlar. Təbii ki, tarixi faktlar qarşısında əsassız iddialar boşa çıxır, elə ona görə də həmin vaxt imza toplayaraq Roma bələdiyyəsinin qarşısına toplaşanların arzuları gözlərində qalır. Bu gün də “Villa Borgeze” parkında dahi şairin heykəli göz oxşayır və üstündəki “Azərbaycan şairi Nizami Gəncəvi” yazısı parkın hər bir ziyarətçisinə Azərbaycandan da “danışır”.

2018-ci ildə Romaya səfər edəndə həmin parka da getdim. Böyük şairin heykəli önündə qəhərimi cilovlamağa da çalışmadım; qürur və sevincdən axan göz yaşlarım içimdəki duyğuların dilinə çevrilmişdi. Fəxarət hissilə heykələ baxarkən iki ingilis turist yaxınlaşdı və heykəlin üstündəki yazını oxumağa başladılar. Onlara öz dillərində Azərbaycandan, xalqımızın milli-mədəni dəyərlərindən, Nizaminin böyüklüyündən danışdım. Heyranlıqla qulaq asırdılar. Sonra Nizaminin heykəlinin önündə baş əyib dedim: “ Bizi dünyaya tanıtdığınız üçün sizinlə qürur duyuram, böyük Nizami”.

Romaya getmək istəyirəm, məhz Nizaminin o abidəsini yenidən görmək üçün. Getsəm, Nizami Gəncəvi haqqında əcnəbi turistlərə daha çox məlumat verəcəm. Qoy bilsinlər ki Nizami Azərbaycanındır!

İran ədəbiyyatşünaslarının: “Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir”-deməsindən sonra, Amerika tarixçisi Lev Slyozkinin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırmasından sonra hələ də Nizamini “özününküləşdirmək” istəyənlərin susmamasına cavab olaraq yeni araşdırmalar, yeni tədqiqat əsərləri yazılmalı, dünyaya çıxarılmalıdır.

Nizami türk olub! Fars yox! Nizami farsca yazan Azərbaycan şairidir, fars şairi deyil. O, əsl türk oğlu türk, Azərbaycan şairdir. Gəncədə doğulan şair necə fars ola bilər?

Elə ona görə də 2021-ci ilin “Nizami ili” elan olunmasına sevinməli, ömrümüzdən keçib gedəcək olan bu ili tariximizin yaddaşına şanlı səhifələrdən daha biri kimi yazmalıyıq... Və biz bunu bacararıq!

Leyla Turan

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər