Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayaqlar... baş nazir olanda
Ayaqlar... baş nazir olanda

Daxilən çox kiçik adamlar həmişə böyük iddialarla yaşayırlar. Bu ya reallıq hissini itirməyin nəticəsidir, ya da reallıqdan qaçmaq cəhdi. Ancaq burada üçüncü bir səbən də ola bilər: öz kiçikliyini böyük iddaların fonunda gizlətmək cəhdi. Dövlətlər də insanlar kimidir; zatən insan iştirakçılığının ali formasıdır. Ona görə də içindən kiçik adamların idarə etdiyi dövlətdən böyük iddialar gözləmək gərək. Ermənistan buna bariz nümunədir.

Söhbət, əlbəttə, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarından (vurnuxmalarından) gedir. Bəli, siyasətdə çoxgedişli oyun anlayışı və gələnəyi var. Eyni vaxtda bir neçə aldadıcı manevrlər edib rəqibi çaşdırırsan. Ancaq siyasətdə başqa və daha üstün bir qanunauyğunluq da var: ardıcıllıq. Ölkə daxilində vətəndaşlar, öz hökumətinə inandığı müddətcə, o, legitimdir. Eyni şey bir az başqa formada xarici siyasətdə də var: tərəfdaşlarla və hətta rəqiblərlə münasibətdə belə ardıcıl olmaq. Çünki xarici siyasət mütləq rəqibini aldatmaq deyil. Eyni zamanda etibarlı tərəfdaş olmaq da var axı. Ermənistan isə nəinki rəqibini, hətta tərəfdaşlarını da aldatmaqda ad çıxarıb. Və, əlbəttə, bütün dünyanı...

Əslində özünü aldatdığının heç fərqində deyil. 44 günlük müharibədən də göründüyü kimi...

Çox məsələ var. Aktual olanlara baxacağıq. Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışlarında: “Zəngəzur dəhlizinə razılıq verməyəcəyik” deyir. Bunu da belə əsaslandırmağa çalışır ki, Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin 10 noyabrda imzaladıqları  üçtərəfli bəyanatda “dəhliz”  ifadəsi yoxdur, ancaq “Laçın dəhlizi” ifadəsi var.

Bəli, həmin sənəddə “Zəngəzur dəhlizi” ifadəsi olmalıydı. Necə ki, Azərbaycan və Türkiyə liderlərinin məşhur “Şuşa bəyannaməsi”ndə var. Ancaq üçtərəfli bəyanatda bu ifadənin olmaması dəhlizin mahiyyətcə olmamasına əsas deyil. Əvvəla, ilkin sənəddə bütün nüansların nəzərə alınmamasında subyektiv amillərlə yanaşı, obyektiv səbəblər də rol oynaya bilir. Azərbaycanla Ermənistan arasında davamlı sülhün, regionda sabitliyin və təhlükəsizliyin iki-üç vərəqlik bir bəyanatla təmin olunanacağına inanan varsa, ağlına şübhə etmək gərək. Bunun ardınca başqa razılaşmalar əldə olunmalı, başqa sənədlər imzalanmalıydı ki, bunu elə həmin o bəyanatın özündən çıxış edərək Azərbaycan qarşı tərəfə təklif edib. İkincisi, Azərbaycan tərəfinin bu iddialara elə həmin üçtərəfli bəyanata istinadla konkret cavab arqumentləri də var: həmin sənədin 9-cu bəndində, bəli, “dəhliz” anlayışı yer almayıb, amma orada “maneəsiz hərəkət” ifadəsi var. Yəni nəzarət-buraxılış məntəqəsi olmadan hərəkət. Eyni zamanda, bu, şübhəsiz, hərəkət iştirakçılarının təhlükəsizliyini də önə çıxarır.

Hazırda bizim İran ərazisindən Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəmiz var. Bu, dəhliz deyil. Çünki Azərbaycan və İran, bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədləri müəyyəndir və sair. Əgər hansısa bir dövlətin ərazisindən keçən yollarda hərəkət iştirakçılarına təhlükə hələ qalırsa, o yollara xüsusi bir status verilir ki, hansı məkanda, hansı trayektoriya boyunca, hansı ölçüdə təhlükəsizlik qarantiyası yaratmaq mümkün olar.

Ermənistan ərazisi boyu keçə biləcək yola niyə “dəhliz” deyirik?

Çünki əvvəla, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır – bölgədə davamlı sülhü və sabitliyi bərqərar edəcək təklifləri qulaqardına vurmağa çalışır. Sərhədlərin delimitasiyasından, ardınca demarkasiyasından, sülh sazişindən qaçır. Çünki sərhədlər müəyyənləşəndən sonra onlara hörmət etməli olacaq. Məcburdur. Bundan qaçır. Sülh sazişindən qaçır. Çünki Ermənistanın içində hələ də revanşist əhvalda olanlar, “bəlkə də qaytardılar” xəyalı ilə yaşayanlar, bunun üzərində siyasət konstruksiyası quranlar var. Ona görə, dəhliz söhbətindən də qaçmaq üçün cürbəcür siyasi gəvəzəlik edirlər. Bunlardan da biri odur ki, üçtərəfli sənəddə “Zəngəzur dəhlizi” ifadəsi yoxdur, “Laçın dəhlizi” isə  var. “Laçın dəhlizi” zatən var idi – Laçın və Şuşa işğal olunana qədər də. Ancaq Azərbaycan nəzarət edirdi. Sonra Laçın və Şuşa işğal olundu. Bütün Qarabağ işğal altına düşdü. Və Ermənilər nəinki Gorusdan, eləcə də, Basarkeçərdən Qarabağa maneəsiz daxil olurdu. Qafandan da əlavə yol çəkilirdi: Zəngilandan keçməklə Cəbrayıla qədər. İndi reallıqlar dəyişib. Bəli, Şuşa, Laçın, eləcə də, Kəlbcər, Qubadlı, Zəngilan azad olunub. Buna görə Qarabağın erməni əhali yaşayan hissəsinə gedən yola həmin sənəddə “dəhliz” deyilib. Yəni təhlükəsizlik qarantiyasına ehtiyac olan yol. Buna humanitar xarakterli bir yol olaraq baxılır. “Zəngəzur dəhlizi” isə nəqliyyat arteriyasıdır. Təkcə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirən xətt deyil, bir materiki o biriləri ilə calaşdıran yoldur.

Necə ola bilir ki, Ermənistandan Azərbaycan ərazisindəki Xankəndinə məsələn, yol ola bilir, Azərbaycanın öz ərazisinin bir hissəsindən o birisinə - Naxçıvana yol ola bilməz?! Hansı “ağıllı”nın məntiqidir bu?! Və də məgər “Laçın koridoru” ilə “Zəngəzur koridoru” eyni şeydir?! İrəvandan Xankəndinə qədər olan yol, Çindən İngiltərəyə qədər gedəcək nəqliyyat arteriyası ilə eyni statusda ola bilməz axı. Bunu başa düşmək üçün baş nazir olmağa ehtiyac yoxdur ki?!

Bir də axı hələ Roma mülki hüququndan üzübəri normal qonşuluğun ilkin şərti birinin o birinə su verməsi ilə, od verməsi ilə, yol verməsi ilə müəyyənləşib. Bunlar yoxdursa, düşmənçilikdir. Yaxşı, tutaq ki, Ermənistan hökuməti, siyasətçiləri, hərbçiləri, keşişləri və sair və ilaxır Azərbaycanı və Türkiyəni düşmən seçib. Mərkəzi Asiya ölkələrinə də "Türk dövlətləridir" deyə çəp baxa bilər. Bəs Rusiya, Çin, bəs İttifaqının qapısında boynunu büküb maliyyə diləndiyi Avropa?!

Belə çıxır ki, Ermənistan, dünyanın yarısından çoxuna düşmən kimi baxır?! Və nəhayət, Ermənistan özü özünün düşmənidir?! Axı bu yol – “Zəngəzur dəhlizi” dediyimiz nəqliyyat arteriyası onu onillərlə elə özü özünü məhkum etdiyi dalandan çıxarır. Azərbaycan Gürcüstandan keçib Avropaya çıxanda dəhliz istəyirmi?! Yox! Heç Ermənistan özü də Gürcüstandan: “Mənə dəhliz ver, Rusiyaya çıxım” demir. Çünki normal qonşuluq münasibətləri var. Azərbaycan və Türkiyənin də İrəvana təklifi budur: bütün mübahisəli məsələləri həll edək, Ermənistan da qonşularına ərazi iddialarından çəkilsin, sərhədlər və yollar açılsın. Normal, dinc qonşular olaraq yaşayaq. Biz necə Gürcüstandan rahatca keçib Qərbə gedirik, Ermənistandan da o cür keçib Qərbə gedək. O da bizim ərazimizdən keçib Şərqə, Şimala, Cənuba – hara istəyir gedəcək. Dünənəcən (elə indinin özündə də) “blokada” deyib qışqırırlar. “Türkiyə üzümüzə sərhədi qapayıb” deyirlər. Buyurun, bu da sizə blokadadan çıxış yolu.

Amma yox! Xalqı “Türk düşmənçiliyi” sindromundan, kütləvi psixozdan müalicə edib, ölkəni normal inkişaf yoluna çıxarmaq əvəzinə, anlaqsız siyasətə davam edirlər. İşıq gələn yerə barmaq tıxamaq siyasətdirsə, buna deyəcək başqa söz də qalmır.

Azərbaycan prezidentinin: “Zəngəzur dəhlizi mütləq olacaq, verməsəniz, zorla alacağıq” sözlərini özlərinin ideoloji qəliblərinə uyğunlaşdırıb: “Azərbaycan bizi işğalla hədələyir” tipli spekulyasiyalarla məşğuldurlar. Eynilə Azərbaycanın özündə və kənarında belə mövqedən çıxış edən bəzi azərbaycanlı “çoxbilmiş”lər də var. Deyirlər: “Azərbaycan əsgərinin Ermənistanın ərazisində nə işi var?!” və sair.

Bu, əslində Azərbaycanı təcavüzkar kimi göstərmək istəyən Ermənistanın və onun arxasındakıların işinə yarayan tezisdir. Neyləyək ki, sərhəd xətti hər zaman coğrafi oriyentirlərlə müəyyənləşir?! Biz öz dağımızın zirvəsində mövqe tutmuşuqsa, qarşı tərəfin kəndi, şəhəri dağımızın dibindədirsə, ya çayın o biri sahilidirsə, bu, o deməkdir ki, Ermənistan ərazisindəyik?! Müharibənin qızğın vaxtı – Gəncəyə, Bərdəyə, elə Bakının özünə Ermənistan ərazisindən raket atılanda, biz o əraziyə daxil olmadıq da, indi daxil oluruq?! Ermənistan ordusu Murovun pikində, Kəpəzin dikində qərar tutanda Gəncəyə 30-40 kilometrlik artilleriya məsafəsindəydilər. Onda deməliydik ki, Ermənistan Gəncəni işğal edib?! Biz öz ərazimizdə yerləşirik, öz sərhədlərimizin müdafiəsi üçün postlar qurmuşuq, rəqibin şəhəri atəş məsafəsinə düşür, biz nə edək?! Qafan hava limanını orda biz tikmişik?!

Qayıdaq, “...zorla alacağıq” bəyanatına. Kim deyib ki, “Zəngəzur dəhlizi”nə razılıq verməsə, Azərbaycan ordusu Ermənistana daxil olacaq?! Ermənistan bizimlə münasibətləri hər zaman silahla, qanla, qətliamla həll etməyə çalışdığı, alışdığı üçün, eynisini yanlış olaraq bizdən gözləyir. Xeyr! Bizim elə öz ərazimizdə sülhə məcburetmə əməliyyatlarını genişlətmək kimi imkanlarımız qalır. “Laçın dəhlizi”ni bağlaya bilərik və sair. Gorus-Qafan yolunda necə həll etmişiksə, elə. Yaxud  “Zəngəzur dəhlizi”ndə maraqlı olan başqa güclərin Ermənistana təzyiqinin artmasına nail ola bilərik. Bu yol təkcə bizə lazımdır ki?!

“İrəvana qayıdacağıq” deyib İlham Əliyev. İrəvana indiki 21-ci əsrdə məgər ancaq tankın üstündə getmək olur?! Başqa cür mümkün deyil?!

Özləri Bakıya gəlmək üçün tankdan, PDM-dən başqa nəqliyyat vasitəsi təsəvvür etmirdilər, indi yenə də öz arşınları ilə ölçərək mülahizə yürüdürlər. Milli təfəkkürləri o qədər militaristləşib ki, Türklərlə (hər halda indilik, sadəcə, Türklərlə) ünsiyyət forması kimi ancaq və ancaq müharibəni düşünürlər. 30 il Qarabağda daşı daş üstündə qoymayanlar indi durub Azərbaycanı Ermənistana qarşı aqressiyada təqsirləndirməyə çalışırlar. Sözün bitdiyi yer!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
››› Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
››› İlin sonunda bürcləri nə gözləyir...
››› Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
››› İTV-nin "şəhidin sevgilisi" təqdimatı saxta çıxıb: Hanı üzrxahlıq?..
››› Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...
››› Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Son xəbərlər
Bütün xəbərlər »