Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...

Ötən gün qarşıma Bakı Nəqliyyat Agentliyi “kinostudiyasının” lentə aldığı bir “Pakovşiklər” adlı film qarşıma çıxdı. BNA-nın əməkdaşları şəhərdə müxtəlif park yerlərində fəaliyyət göstərən “parkovşiklərə” yaxınlaşaraq niyə burda durduqlarını, yığdıqlarını kimə verdiklərini, hansı şirkətlə çalışdıqlarını və s. soruşaraq lentə alıblar.

Sorğu-sual mərhələsinin nəticəsində məlum olub ki, bu qeyri-qanuni fəaliyyət göstərən “parkovşiklər”, əslində “Çinar Park” deyilən bir şirkətin əməkdaşlarıdır. “Parkovşiklərin” iddialarına görə, əslində hansı şirkətə işlədiklərini bilmirlər, amma ayda kartlarına 450 manat vəsait köçür.

BNA yaradıcılığında bu filmin “böyük yeri var” deyə bilmərik. Çünki biz, bu filmin ssenarisini illərdir ki, yazıb müzakirə edir və tənqid edirik. Dediklərimizi təkrar etmək və yaxud bunu lentə alıb təkrarən bizə təqdim etməyin nə məna verdiyini deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu gün Bakıdakı tıxacların çox səbəbi var və onlardan biri isə, Bakıda olan 15 min parkinq yerinin vətəndaşlara açıqlanmamasıdır. BNA rəsmiləri, bu parkalama yerlərinin açıqlanma səbəbini tariflərin müəyyən edilməməsi ilə izah edir. Bəlkə elə buna görə açıqlamırlar ki, əhalinin tıxaclarla bağlı narazılığı Nazirlər Kabinetinin tutulmuş qulağını açsın və bəlkə bundan sonra NK tarifləri müəyyən edə. O zaman qədər də BNA əməkdaşları vətəndaşlara cərimələr tətbiq edərək, qurumun büdcəsini dolduralar.

Mütəxəssislərin fikrincə, bu gün tıxacların aradan qaldırılması üçün yeganə çarə park yerlərinin ünvanlarını vətəndaşlara açıqlamaqdır. Tıxacların əsas səbəbi yol kənarlarında avtomobillərin saxlanılmasıdır ki, bu zaman da BNA əməkdaşları, avtomobillərin fotosunu çəkib dayanma-durma qaydalarının pozulmasına görə cərimə tətbiq edir. Ancaq təsəvvür edin ki, 15 min parklama yerinin ünvanı açıqlansa, necə olar? 15 min parklama yeri, şəhərin hər yerində parklama yerlərinin olması deməkdir. Vətəndaş bu yerləri bilmədiyi üçün, avtomobilini “boş yer” tapan kimi saxlayır. Bu saxlama isə ona azı 20 manata başa gəlir. Ancaq parklama yerinin ünvanını bilən vətəndaş gedib avtomobilini həmin yerdə saxlasa, bu 20 manatlar BNA-nın büdcəsindən düşəcək. Qısacası, bu məntiqə əsaslanaraq ehtimal edirik ki, BNA, bilərəkdən parklama yerlərinin ünvanlarını açıqlamır. Əks halda, cərimələr toplanmaz və büdcə gəlirləri artmaz. İndi oturub hesablayın, gün ərazində BNA -nın əməkdaşları nə qədər protokol tətbiq edib, cərimə yazır.

Bu film niyə çəkildi? BNA bu filmi çəkməklə vətəndaşların gözündən pərdə asmağa çalışır ki, bəs sizdən qeyri-qanuni pul yığan biz deyilik, hansısa bir “Çinar Park”dır. Bəli, bu da qanunsuzluqdur. Bu məsələ ilə də məşğul olan tapılmalıdır. Amma və lakin BNA öz yarıtmaz fəaliyyətlərini bütövlükdə hansısa şirkətə yükləyə bilməz. Əgər bu şirkətin nəzarət etdiyi yerlər parklama yerləridirsə və pulsuzdursa, bu da vətəndaşlara açıqlanmalıdır.

"Örtülü bazar, dostluğu pozar" deyiblər, hansısa 3-5 dəqiqəlik filmlə üsrtü örtülü şəkildə vətəndaşlara “parkalama yerləri pulszudur” deməklə yazılan qeyri-qanuni prokotollara haqq qazandırmaq olmaz.

Açıq deyin ki, biz bu "Çinar Park"ın rəhbərindən çəkinirik və bu gün vətəndaşların pul ödəyib avtomobil saxladığı yerlər də əslində pulsuzdur. Və çəkindiyimiz üçün də parklama yerlərinin ünvanlarını açıqlaya bilmirik. Bu səbəbdən də gücü yaradıcılığımıza verib sizə üstüörtülü mesaj çatdırırıq ki, bəs avtomobilinizi saxlayıb pul ödədiyiniz yerlər əslində pulsuzdur.

Siz vətəndaşlara bu park yerlərinin siyahısını verin, vətəndaş da hüqunu bildiyi zaman “parkovşikə” pul verər, ya verməz, bunu artıq özü bilər. Bu arada Nazirlər Kabineti də başını qaldırıb tariflərə baxsa, yaxşı olar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »