Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Deputatı gülüm olanın, başına külüm olar" - Azərbaycanın parlament faciəsi
"Deputatı gülüm olanın, başına külüm olar" - Azərbaycanın parlament faciəsi

"Milli Məclis Aparatının işçiləri üçün yaşayış binasının tikilməsinə köməklik edilsin". Bir həftə öncə bu çağırışı ilə deputat Tahir Kərimli, sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi. O, Milli Məclisdəki çıxışında qeyd etmişdi ki, Milli Məclisin deputatlarına avtomobil də ayrılmalıdır.

Qeyd edək ki, deputat Tahir Kərimli hər zaman yerində olmayan fikirləri, tələbləri və anlaşılmaz təklifləri ilə gündəmdə olub.

Deputat bir müddət əvvəl həmkarı Eldəniz Səlimovu müdafiə edərkən də uyğun olmayan ifadələr istifadə etmişdi. Mövzu barədə "fikir" bildirən Tahir Kərimli deyirdi: "Orada polisin həddində idimi ki, deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz nə edək? Rayonlara gedəndə polis bizə hərbi salam verirdi. İndi bizmi onlara verək?”.

Tahir Kərimli Tahir Kərimli

Tahir Kərimlinin bu açıqlamaları birmənalı qarşılanmamışdı. Polisi aşağılayan ifadələri ilə gündəm olan T.Kərimli sanki bu günlə yaşamır. Onun verdiyi açıqlamalar şəxsin dünya görüşünü əks etdirir. Özünü “yiyəsiz” hesab edən deputat əslən Ağsu rayonundandır. 65 yaşlı T.Kərimli Milli Məclisin beşinci və altıncı çağırış deputatıdır.

Bu günə qeyri-ciddi təklifləri ilə yadda qalan Tahir Kərimlinin son zamanlar verdiyi açıqlamalar onun başqa dünyada yaşadığını sübut edir. Milli Məclisin sədri Sahibə Qafarova deputatın ev və avtomobil istəyini gözündə qoyub. Qarabağın işğaldan azad edildiyini və 1 milyon məcburi köçkünün olduğunu xatırladan Sahibə xanım deputatı susdura bilib. Hələ üstəlik təsəlli də verib ki, bu problemlər həll olunsun, sonra baxarıq. Bundan sonra T.Kərimli növbəti iclasda xalqdan və Milli Məclis sədrindən üzr istəyib. Amma, üzrü qəbahətindən böyük...

Seçiciləri ilə ancaq seçki təbliğatı zamanı görüşən, "seçiləndən" sonra Milli Məclis kürsüsündə yuxulayan və rahat əmək haqqı alan deputatlar, bəzən niyə "seçildiklərinin" və yaxud öz təbirləri ilə desək “təyin olunduqlarının” səbəbini belə anlamırlar. Onlar avtomobil, ev, kirayə haqqı və toxunulmazlıq tələb edərkən seçicilərinin onlara olan ehtiyaclarını unudurlar. Elə buna görədir ki, hansı bölgədən seçici ilə danışsan, ərazi üzrə deputatını tanımadığını və yaxud seçki təbliğatında gördüyünü deyir.

Sabunçunun deputatı Eldar Quliyev də belə deputatlardandır. Əslən, Bakıdandır. 70 yaşlı deputatın Sabunçu rayonunda heç seçki təbliğatında da görmək mümkün deyil. Sanki bu mandat onun adına biçilib və fəaliyyətindən asılı olmayaraq, daima bu mandatda olmalıdır. Bu gün Sabunçu seçiciləri Eldar Quliyevin sadəcə, adını eşitdiklərini deyə bilərlər.

Eldar Quliyev Eldar Quliyev

Ümumiyyətlə, bu gün Milli Məclisdə yer məşğul edən və heç bir fəaliyyəti olmayan deputatların sayı, onlarladır. Onların seçiciləri ilə görüşləri də, "gizli" seçim yolu ilə aparılır. Məsələn, bu gün deputatın köməkçisi ərazidə kiçik məmur vəzifələri daşıyan şəxsləri çağırıb tapşırığnı verir. Görüşə xüsusi seçicilərin çağrılacağını bildirir. Və beləcə “seçicilərlə görüşlər” keçirilir. Dərdi olan, kömək istəyən seçicilər isə yaxına buraxılmır.

Bəzən kənardan baxanda düşünürsən ki, əgər işəyarayan fəaliyyətləri yoxdursa, niyə bu şəxslər Milli Məclisdə yer "alır, hansı "üzlə" kreslo məşğul edir?

Təbii ki, bu suala cavab tapmaq asan məsələ deyil.

Əgər yadınızdadırsa, ötən illərdə Tahir Kərimli ayların adının dəyişdirilməsini təklif etmişdi. Deyirdi; "Noyabr ayına Xəzəl ay deyək..." Yəni ayda 1700 manatdan başlayan əmək haqqı alan deputatların fəaliyyəti, cəmiyyətin tələb və ehtiyaclarından kənarda qalan mövzulara "baş" qoşmaqdan ibarətdir.

Bölgələrdə yollaırn vəziyyəti, işıq-su-qaz problemi, işsizlik və s. problemlər qalıb bir kənarda, "bizim" deputatlar isə özləri üçün avtomobil, ev və kirayə pulu hayındadır…

Bu yerdə deyiblər, "utanmasan, oynamağa nə var ki?!" Bir də deyiblər ki, "deputatı gülüm olanın, başına külüm olar"…

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »