Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bir sıra rayonlarda ümumiyyətlə, kitab mağazası yoxdur”
“Bir sıra rayonlarda ümumiyyətlə, kitab mağazası yoxdur”

“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi (ANİB) Gəncə şəhərində böyük kitab sərgisi keçirməyə hazırlaşır. Bu sərgidə 40-a yaxın nəşriyyat kitablarının sərgilənəcəyi bildirilir.

Bizimyol.info-nun sərgi ilə bağlı suallarını Altun Kitab Nəşrlər Evinin Baş direktoru, filologiya elmləri namizədi Rafiq İsmayılov cavablandırıb. Müsahibəni təqdim edirik:

Rafiq İsmayılov Rafiq İsmayılov

- Rafiq müəllim, salam. Əvvəlcə gəlin sərginin bəzi təşkilati məqamlarına aydınlıq gətirək.

- Salam. Əvvala onu deyə bilərəm ki, artıq bir ilə yaxındır ki, Azərbaycanın bir neçə nəşriyyatının təşəbbüsü ilə (burada gənc naşirlərimizn fəallığını xüsusi qeyd etməliyəm) "Azərbaycan Nəşriyyatlar Assosiasiyası" İctimai Birliyi yaradılmışdır. Birliyin fəaliyyət planında önəmli istiqamətlərdən biri regionlarda kitab sektorunun dirçəldilməsidir. Bu sahədə ilk böyük tədbirimiz Sumqayıt kitab sərgisi oldu. Sözün açığı, Gəncə sərgisini bir neçə ay sonraya planlaşdırırdıq. Lakin I Sumqayıt sərgisinin böyük uğurla keçməsi, insanların kitaba olan marağı və ANİB-ə yeni nəşriyyatların daxil olması bizi ikinci regional sərgini ertələməyə sövq etdi.

- Sərgi üçün Gəncə şəhərinin seçilməsi nə ilə bağlı oldu?

- Bu şəhəri Azərbaycanın ikinci paytaxtı adlandırmaq olar. Bu il 880 illiyini qeyd etdiyimiz Nizami Gəncəvinin vətəni Gəncə ziyalılar və ədəbiyyatsevərlər şəhəridir. Bir də ki, hər bir regional sərgi ilə Azərbaycanın böyük bir regionunu əhatə etməyə çalışırıq. Ümid edirik, Gəncə kitab sərgisinə Mingəçevirdən, Goranboydan, Yevlaxdan, Şəmkirdən, Tovuzdan və başqa rayonlardan da kitab həvəskarları gələcəklər.

Altun Kitab Nəşrlər Evi, kitab sərgisi

- Bu sərgidə daha çox hansı səpkidə kitablar sərgilənəcək?

- Müşahidələrimizə görə bu sərgidə son 20-30 ildə Azərbaycan nəşriyyatlarında işıq üzü görmüş kitab külliyyatının 85-90 %-i nümayiş olunacaq. Bu, ilk növbədə, bədii ədəbiyyatdır. Bununla yanaşı, uşaq kitabları, elmi, publisistik ədəbiyyat nümunələri də kifayət qədər çoxdur. Əvvəlki sərgilərdən fərqli olaraq, bu dəfə tədris ədəbiyyatı daha geniş çeşiddə sərgilənəcək.

- Sərgidə satış da olacaqmı?

- Sözsüz ki, nəşriyyat işi maarifçiliklə yanaşı həm də biznesdir. Nəşriyyatlar buraxdıqları kitabları realizə etməlidirlər ki, yeni kitab layihələri üzərində işləsinlər. Onu da qeyd etməliyəm ki, sərgilərdə kitablar 20%-də 50%-ə qədər endirimlə satılır. Lakin bizim üçün əsas məsələ oxucu ilə birbaşa ünsiyyətdir. Özümüzü oxuculara daha yaxından tanıtmaq və onun - istehlakçımızın zövqünü və tələbatını daha dərindən öyrənmək üçün kitab sərgisi ən yaxşı fürsətdir.

- Başqa hansı bölgələrə kitabla səfər planlaşdırılır?

- Ən böyük arzumuz Şuşada kitab sərgisi keçirməkdir. Qarabağın dirçəldilməsində müşahidə etdiyimiz templər ümid verir ki, yaxın zamanlarda bu arzumuzu gerçəkləşdirəcəyik. Amma ANİB-də müzakirələr zamanı növbəti sərginin şimal (Quba), şimal-qərb (Şəki) və ya cənub zonasında keçirmək haqqında fikirlər səslənir. Bəzi təşkilati məsələlər həll olunsa, məmnuniyyətlə, Naxçıvana da kitabla gedərdik.

- Ümumiyyətlə, bölgələrdə kitaba maraq necədir?

- Uzun müddətdir ki, kitab bölgələrdən uzaq düşüb. Bir sıra rayonlarda ümumiyyətlə kitab mağazası yoxdur. Kitab oxumaq bir vərdişdir, həyat tərzidir. Əgər kitab yoxdursa, vərdiş də yaranmayacaq, ona tələbat da olmayacaq. ANİB-in "Bölgələrə kitabla gedirik" layihəsinin əsas məqsədi də Azərbaycan rayonlarında və kəndlərində kitaba marağı dirçəltmək, bununla da şəhər və kənd əhalisinin intellektual səviyyəsi, dünyagörüşü arasında fərqi aradan qaldırmaqdır. Amma sosial şəbəkələrdə gəncəlilərin kitab sərgisinə reaksiyası göstərir ki, insanların kitaba marağı var. Sadəcə, onun əlçatanlığını təmin etmək lazımdır.

- Bu sərginin nə kimi təsirləri olacağını düşünürsünüz?

- Dediyim kimi, bölgə oxucuları ilə birbaşa ünsiyyətin naşirlərə faydası olacaq. Bu isə son nəticədə kitab nəşrinin oxucu tələbatına uyğunlaşdırılmasına və kitab biznesində dövriyyənin artmasına səbəb ola bilər. Bundan başqa, hər bir kitab sərgisi bir bayramdır. Bu yalnız kitabların nümayişi və satışı deyil, həm də oxucuların sevimli yazıçıları ilə, yaradıcı insanlarla görüşü deməkdir. On da qeyd edim ki, Gəncə kitab sərgisi çərçivəsində təxminən 20 tədbir - yazıçılarla görüşlər, təqdimatlar, imza saatları nəzərdə tutulub. Əminəm ki, 26-28 noyabr gəncəlilərin xatirəsində uzun müddət xoş bir hadisə kimi qalacaq.

- Kitab mağazaları şəbəkələri bölgələri də əhatə edirmi?

- Bölgələrdə kitab satışı çox aşağı səviyyədədir. Ümumiyyətlə, fikir vermisinizsə, insanların sıx məskunlaşmadığı yerlərdə kitab mağazası fəaliyyət göstərmir. Çünki belə yerlərdə kitab satışı iqtisadi cəhətdən səmərəli olmur. Təəssüf ki, bizdə onlayn kitab satışı da çox aşağı səviyyədədir. Güman edirəm ki, burada stimullaşdırıcı dövlət siyasətinə böyük ehtiyac var. Son dövrdə kitab istehsalı, idxalı və satışından ƏDV-nin götürülməsi, bir sıra dövlət orqanlarının bu sahəyə xüsusi diqqət göstərməsi naşirlərdə müəyyən ümidlər yaradıb. Yeri gəlmişkən, Gəncə kitab sərgisinin təşkilində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə, Gəncə icra hakimiyyətinə və  başda Müzadil Zauroğlu olmaqla Gəncə İctimai İştirakçılıq Məclisinə naşirlər adından təşəkkürümü bildirirəm.

Söhbətləşdi: Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »