Azərbaycanda qadınlar öldürülür. Bəli, bu sadəcə bir iddia deyil. Rəsmi statistikaya görə, ilin 6 ayı ərzində 33 qadın qətlə yetirilib. Deputat Fazil Mustafa çıxışlarının birində qeyd edib ki, qadın ölümləri və məişət zorakılığı ilə bağlı qanuna yenidən baxılmalıdır. F.Mustafa qanunda cəzanın sərtləşdirilməsinin, profilaktik tədbirlərin artırılması məsələsinə yer verilməsinin vacibliyini vurğulayır.
Bəli, Azərbaycanda qadın cinayətlərinin sayı hər gün artır və qadınlar daha vəhşi üsullarla öldürülür. Bunun qarşısını almaq üçün isə, dövlət tədbir görməlidir.
Bu il mətbuata açıqlanmış qadın cinayətlərindən bəzilərini sıraladıq.
İyulun 25-i Bərdə rayon sakini Nərgiz Mustafayeva öldürülüb. Zərərçəkmişin "həyat yoldaşı", 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Gəncə şəhərində bir ay itkin kimi axtarışda olduqdan sonra cansız bədəni tapılan 19 yaşlı Pərvin Musayevanın sevgilisi 20 yaşlı Sərdar Cəfərov tərəfindən qətlə yetirildiyi məlum olub. Sərdar Cəfərov, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
*
Lerik rayonunda üç uşaq anası boğazı kəsilərək qətlə yetirilib. Hadisə Barzavu kəndində qeydə alınıb. Belə ki, 40-45 yaşlarında olan qadın, evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb və qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi, anası ilə birlikdə qalır.
**
Gəncə şəhəri, Məhsəti qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov, iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya ağır xəsarətlər yetirib.
Qadın avqustun 7-də yaşadığı evdə vəfat edib. Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
***
Sentyabrın 6-sı saat 15 radələrində, 1997-ci il təvəllüdlü Təranə Mustafayeva, həyat yoldaşı 1988-ci il təvəllüdlü Tural Mustafayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
****
Mayın 30-da Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov, bağ evində "həyat yoldaşı" Pərvanə Əhmədovanı sinəsindən güllələyərək öldürüb.
Hakim məhkəmədə hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsə də, prokurorluq ona qəsdən adam öldürmək maddəsi ilə ittiham verib.
*****
İyulun 24-də Xəzər rayonu Binə qəsəbəsində Lerik sakini Meyxoş Cəfərov, ondan boşanmaq istəyən "həyat yoldaşı" Xatirə Fərəcovanı işlədiyi gözəllik salonunun qarşısında 10 bıçaq zərbəsi ilə öldürüb.
******
İyulun 23-ü yenə Binə qəsəbəsində 59 yaşlı Zərbəli Quliyev, 45 yaşlı Lyudmila Tataçenkonu şəxsi münasibətlər zəminində bıçaqlayaraq öldürüb və sonra özü də intihar edib.
*******
İyulun 22-də DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Əliağa Soltanov tanışı Mübarək Ağayevanı uşaq bağçasının həyətində küt əşya ilə başından vuraraq öldürüb.
********
İyulun 17-də Abşeron rayonu Masazır qəsəbəsində 1986-cı il təvəllüdlü Kürdoğlu Məmiyev, mübahisə zəminində "həyat yoldaşı", 1984-cü il təvəllüdlü Aidə Məmiyevanı bıçaqlayıb.
*********
İyulun 16-sı Əli Məmmədov, onunla münasibət qurmaq istəməyən Aygün Mirzəyevaya 23 bıçaq zərbəsi vurub. Xəstəxanaya yerləşdirilən Aygün Mirzəyevanın həyatını xilas etmək mümkün olub.
**********
İyulun 13-də Şəmkir rayonunda 1976-cı il təvəllüdlü İntizam Hüseynov, ondan boşanmaq üçün məhkəməyə müraciət edən "həyat yoldaşı", 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı və 1963-cü il təvəllüdlü qaynanası Sədaqət Abdullayevanı bıçaqlayıb. Nəticədə, üç bıçaq zərbəsi alan S.Abdullayeva xəstəxanaya aparılarkən yolda ölüb, Mahizər Hüseynova isə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
**********
İyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsində 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.
***********
İyulun 3-də Göyçay rayonunun Mallı-Şıxlı kəndində saat 19:30 radələrində 1975-ci il təvəllüdlü Elnur Cavadov, ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ülviyyə Cavadovanı güllələyib. İki uşaq anası olan Ülviyyə Cavadova, boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov, həmin silahla özünü başından vuraraq intihar edib.
************
İyunun 27-də Şamaxı rayonunda 1988-ci il təvəllüdlü Səməd Yusifov, "həyat yoldaşı" 26 yaşlı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirməklə qəsdən öldürməyə cəhd edib.
*************
İyunun 27-də Daşkəsən rayonunda altı uşaq anası bıçaqlanıb.
Ramiz Məhərrəmov, 1970-ci il təvəllüdlü "həyat yoldaşı" Zülfiyyə Məhərrəmovanı qarın nahiyəsindən bıçaqlayıb.
**************
İyunun 26-da Salyan rayonunun Yenikənd kəndində 1972-ci il təvəllüdlü Ənvər İsgəndərov həyat yoldaşı, 1982-ci il təvəllüdlü Nuranə İsgəndərovanı bıçaqla vuraraq qətlə yetirib.
***************
İyunun 18-də Tərtərdə üç övlad anası 26 yaşlı Arzu Abbasova, ərindən boşanmaq istədiyi üçün prosesdən çıxan kimi məhkəmənin önündə "həyat yoldaşı" 34 yaşlı Anar Əliyevin üzərində gəzdirdiyi bıçaqla ona 3 bıçaq zərbəsi vurulması və daha sonra boğazını kəsilməsiylə qətlə yetirilib.
****************
İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Svetlana Məmmədovanı boğazından bıçaqlayıb və qadın aparıldığı xəstəxanada ölüb.
*****************
Mayın 28-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1978-ci il təvəllüdlü Namiq Rəsulov 17 il öncə evləndiyi və indi ondan boşanmaq üçün məhkəməyə müraciət edən "həyat yoldaşı", 1984-cü il təvəllüdlü Fərqanə Rəsulovanı bıçaqlayıb. Daha sonra özünə bıçaqla xəsarət yetirib.
******************
Mayın 27-də Cəlilabad rayonunun Təzəkənd kəndində 1980-ci il təvəllüdlü Cavid Bayramov keçmiş "həyat yoldaşı", 1976-cı il təvəllüdlü Rəna Xanalıyevaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.
*******************
Mayın 26-da Gəncə şəhərində "Gəncə səbəti" deyilən bazarda Qafar Amanov keçmiş "həyat yoldaşı" Günay Amanovaya bıçaqla xəsarətlər yetirərək öldürüb. Məlum olub ki, mərhumla Qafar Amanov bir müddət öncə ayrılıblarmış.
*******************
Aprelin 28-də Lerik rayonunun Barzavu kəndinin mollası, 49 yaşlı Murad Əsgərov qonşusu, 40 yaşlı Zəkifə Fərziyevanı onunla cinsi əlaqədə olmaq istəməməsinə görə öldürüb.
Murad Əsgərov, həyat yoldaşı uzun illərdir Rusiyada yaşayan qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Zəkifə Fərziyeva etiraz edərək qışqırıb, bu zaman Murad Əsgərov onu vuraraq yerə yıxıb və daha sonra boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Öldüyünə əmin olmaq üçün isə, sonradan boğazını kəsib.
********************
Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndində Qasım Məmmədov "həyat yoldaşı, 1985-ci il təvəllüdlü Validə Kərimovanı bıçaqlayaraq öldürüb.
*********************
Martın 28-də Qobustan rayonunda, 1980-ci il təvəllüdlü Elnur Rəsulov aralarında yaranmış münaqişə zamanı "həyat yoldaşı", 1986-cı il təvəllüdlü Billurə Rəsulovanın boğazını kəsərək öldürüb. O, daha sonra özünə bıçaqla xəsarət yetirib.
**********************
Martın 19-da Abşeron rayonunun Masazır qəsəbəsində Ramin Şükürov həbsdən çıxandan bir gün sonra yaşadığı evə gəlib və "həyat yoldaşı" Mətanət Şükürovanı döyərək ona ağır xəsarət yetirib. Daha sonra o, evi yandıraraq hadisə yerindən uzaqlaşıb.
***********************
Martın 1-də Zərdab rayonunda 1965-ci il təvəllüdlü Məhərrəm Aslanov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı "həyat yoldaşı", 1968-ci il təvəllüdlü Rəhilə İsrəfilovanı boğaraq öldürüb.
************************
Fevralın 23-də Şəmkir rayonunda 1993-cü il təvəllüdlü Siyavuş Pənahov qısqanclıq zəminində "həyat yoldaşı", 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı döyüb və ona küt alətlə xəsarət yetirib. S.Pənahov daha sonra isə dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.
*************************
Fevralın 1-də Suraxanı rayonunda 1988-ci il təvəllüdlü Etibar Qasımov qısqanclıq zəminində "həyat yoldaşı", 1992-ci il təvəllüdlü Fəridə Qasımovaya bıçaqla xəsarət yetirərək öldürüb.
**************************
Yanvarın 22-də Cəlilabad rayonu, Uzuntəpə kəndində 1969-cu il təvəllüdlü Qədirağa Mirzəyev qısqanclıq zəminində "həyat yoldaşı", 1967-ci il təvəllüdlü Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb.
***************************
Yanvarın 16-da Sumqayıtda oteldə gecələyən evli cütlük arasında düşən mübahisə zamanı, 1992-ci il təvəllüdlü Orxan Həsənov "həyat yoldaşı", 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı yastıqla boğaraq öldürüb.
Qeyd edək ki, yazı KİV-lərdə yer almış qadın cinayətləri xəbərləri əsasında hazırlanıb.
Prokurorluğun verdiyi məlumatda ilin ilk 6 ayında baş verən qadın cinayətlərinin sayı 33 kimi göstərilsə də keçən aylar ərzində bu rəqəm kifayət qədər artıb. Qeyri rəsmi statistikaya görə, il ərzində 70-ə yaxın qadın, "həyat yoldaşı" və yaxınları tərəfindən öldürülüb. Və təəssüf ki, bu statistika bu gün də dəyişib və dəyişməkdə davam edir.
Heç bir cinayət cəzasız qalmır. Amma bir qadın öldürüldükdən sonra cinayətkara uzun illər həbs cəzası verilsə belə azdır. Çünki bir insan öldürülüb, bir insanın həyatına son qoyulub. Odur ki, qadın qətlləri ilə bağlı cəzalar sərtləşdirilməli, qadınları qətlə yetirən şəxslər ağır cəzalandırılmalıdır.
İlahin, Bizimyol.info
Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.