Dünən - Noyabrın 25-i, 1999-cu ildən BMT Baş Assambleyasının qərarı Qadın Zorakılığına Qarşı Mübarizə Günü kimi qeyd edildi.
Qadın Zorakılığına Qarşı Mübarizə gününün 25 noyabrda qeyd edilməsinin maraqlı tarixi var. Belə ki, 1961-ci ildə Dominikan Prezidenti Rafael Truxilonun əmri iıə siyasi fəal olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.
Qadınlara qarşı zorakılıq dünyanın bütün ölkələrində, eləcə də Azərbaycanda qlobal problemlərdəndir. Hər il yüzə yaxın qadın öldürülür, yüzlərlə qadın zorakılığa məruz qalır. Mütəxəssislərin fikrincə, qadınlar daha çox yaxınları tərəfindən zorakılığa məruz qalır. Belə ki, qadınlar daha çox keçmiş həyat yoldaşı, həyat yoldaşı, ata, qardaş və yaxın qohum kişilər tərəfindən zorakılığa məruz qalır.
Nədir zorakılıq?
Zorakılıq deyildiyi zaman ağlımıza qadınların döyülməsi və ya öldürülməsi gəlir. Əslində isə, zorakılığın müxtəlif formaları var. Qadınlar psixoloji zorakılıq, iqtisadi zorakılıq, virtual-onlayn zorakılıq, fiziki zorakılıq və s. zorakılıq növlərinin qurbanı olur. Qız uşaqlarının təhsildən yayındırılması, erkən yaşlarda nikaha cəlb edilməsi, sonradan ailədə iqtisadi və fiziki zorakılıqla əvəz edilir.
Bu gün ən diqqət çəkən zorakılıqlardan biri, qadınların fiziki zorakılığa məruz qalmasıdır. Qadınlar, həyat yoldaşları tərəfindən əvvəlcə fiziki zorakılığa məruz qalır, şikayətini dilə gətirdiyi zaman isə qətlə yetirilir. Bu il qadınlara qarşı törədilən bir neçə cinayət faktı, ölkədə qadın hüquqlarının yetərincə qorunmadığını bir daha sübut etdi.
Bu ilin avqustunda ana və azyaşlı körpəsinin yaşadıqları evin pəncərəsindən yıxılaraq müxtəlif xəsarət alması ilə bağlı məlumatlar yayıldı. Sonradan məlum oldu ki, gənc ana həyat yoldaşı tərəfindən zorakılığa məruz qalır, mütəmadi olaraq döyülürmüş və onun yıxılmasının səbəbkarı da elə həyat yoldaşı imiş.
Daha sonra Nizami Polis İdarsəinin əməkdaşının həyat yoldaşını polis idarəsində öldürməsi, məhkəmə hakiminin həyat yoldaşını güllələyərək öldürməsi və s. Bu kimi cinayət hadisələri uzun müddət ölkə gündəmini zəbt etmişdi.
Ötən il Qazax rayonunda 12 yaşlı Nərminin öldürülərək yandırılması, bu il 11 yaşlı qızın atalığı tərəfindən zorlanaraq dünyaya uşaq gətirməsi və s. Bu kimi hallar bir daha sübut edir ki, Azərbaycan cəmiyyətində qadınlara qarşı zorakılıq halları durmadan artır. Zorakılıq hallarının qarşısını almaq mümkün olmayacaq həddə doğru yüksəlir.
Bəzi psixoloqlar son 3 ildə zorakılıq hallarının artmasını koronavirus pandemiyası və pandemiyanın yaratdığı psixoloji-iqtisadi fəsadlarla əlaqənləndirir.
Əslində isə, zorakılıq halları daim müşahidə edilib. Sadəcə olaraq, media əvvəllər bu kimi halları daha az ictimailəşdirirdi. İndi isə, oxucu da, KİV də bu məsələlərin işıqlandırılmasında maraqlıdır. Bəzən KİV nümayəndələri, bu məsələlərin işıqlandırılmasında aktivlik nümayiş etdirdiyi üçün ittiham edilir. Ancaq acınacaqlısı budur ki, belə hadisələri məhz media ictimailəşdirdikdən sonra dövlət qurumları məsələnin araşdırılmasında maraqlı olur. Əks təqdirdə hadisələr çox zaman qapalı qalır. Qapalı qalmasında dövlət qurumlarının da marağı var, sanki. Çünki bu gün riskli ailələrin müəyyən edilməsi, riskli ailələrlə söhbətlərin aparılması, risklərin aradan qaldırılması və s. bu kimi işlərin həyata keçrilməsində müvafiq qurumlar maraqlı deyil.
Bəli, məsələ acınacaqlı istiqamətdə inkişaf edir. Çünki dövlət qurumları fəaliyyətlərini şablon, kağız üzərində hesabatlar, xarici səfərlər istiqamətində görmək istəyir. Qısacası, özlərini əziyyətə salmaq istəmirlər. Reallıq isə tələb edir ki, belə ailələr müəyyənləşdirilsin və onlarla daimi şəkildə işlənilsin.
Məsələn; bu gün ailədə həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadınlar polisə müraciət etdiyi təqdirdə “ailədir, hər şey olar” və s. oxşar tövsiyyələrlə qadınlar sakitləşdirilir. Qısacası, ailədaxili zorakılıq halları rəsmiləşdirilmir. Sonradan bu “kiçik” zorakılıq hadisələri qətllər, intiharlarla nəticələnir.
Nə yalan danışaq, bu yerdə yadımıza bir qara lətifə düşür:
“Polislə molla söhbət edərkən, iki nəfərin mübahisə etdiyini görür. Polis müdaxilə etmək istədiyi zaman molla ona imkan vermir. Bir qədər sonra iki nəfərdən biri öldürülür. Bu zaman molla polisə deyir: İndi gedə bilərsən, biri sənin, biri mənim”.
Bəli, bu gün Azərbaycanda da ailə problemləri, ailə daxili zorakılıq halları bu qara lətifədə olduğu kimi həll edilir. Qadınlar öldürüldükdən sonra, hüquq da öz işini görməyə başlayır. Biz bu barədə danışırıq, etirazlarımızı bildiririk, amma nə fayda.
Xarici ölkələrin təcrübəsi ilə Azərbaycanı müqayisə etmək üçün xarici ölkələrə getməkdənsə, öz regionlarımızı gəzin. Səfərlərə, xarici ekspertlərin ölkəyə dəvət edilməsinə və özünüzə yaxın QHT-lərə ayırdığınız vəsaitləri, regionları gəzərək problemli ailələrin aşkarlanmasına xərcləsəniz daha önəmli iş görmüş olarsınız.
Bəli, 25 noyabr - Qadın Zorakılığına Qarşı Mübarizə Günüdür. Hər gün nərminləri, pərvanələri, aytənləri öldürülən bir ölkədə zorakılıqla mübarizə üçün bir gün yetərmi?
İlahin, Bizimyol.info
Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.