Bu günki mövzu çox gərəkli və hər kəsə maraqlı olan bir məsələdir . Demək, cəmiyyətin bir çox nümayəndələrinin müşahidələrinə görə, telefonla danışdıqları və ya telefon sönülü halda kiminsə yanında etdikləri söhbətlər özlərinə geri dönür. Daha izahlı desək, haqqında danışdığımız mövzu ilə bağlı reklamlar sosial şəbəkələrdə dərhal qarşımıza çıxmağa başlayır.
Heç bir axtarış vermədiyimiz halda, telefonumuzun interneti sönülü olduğu halda və yaxud heç bir sosial şəbəkəyə həmin anda giriş olmadıqda belə, bir müddət sonra danışdığımız mövzu haqqında reklam xarakterli xəbərlər, postlar, storilər və s. videolar, şəkillər qarşımıza çıxır. Bunu nə ilə izah etmək olar? Sosial şəbəkələr bizim danışdığımızı qeyd edir, yaxud səsimiz dinlənilir? Bu bir fərziyyədir ya həqiqət?
Məsələ ilə bağlı İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-nun suallarını cavablandırıb və bir çox qaranlıq qalan məsələlərə aydınlıq gətirib. O bildirib ki, sosial şəbəkəyə daxil olmağımız artıq bizim məlumatlarımızın necə olur, olsun, “database serverlərinə” köçürülməsi deməkdir.
“Telefon kontaktlarımız, etdiyimiz “screenshot”lar, dinlədiyimiz mahnılara qədər hər bir məlumat saxlanılır. Sual oluna bilər ki, bəs bu nə üçün olunur? Qeyd etmək istərdim ki, sosial şəbəkələr tək ünsiyyət üçün fəaliyyət göstərmir, burada ən çox yer alan reklamlar olur və sosial şəbəkələrin əsas gəliri sponsorlu reklamlardan ibarətdir. Bizim məlumatlarımızın doğruluğuna və axtarış motorikasının nəticələrinə əsaslanaraq sosial şəbəkələr reklam “targeting”ini müəyyən edir. Hətta geolokasiya ötürülməsi nəticəsində əldə olunan məlumatlar belə sosial şəbəkə təsisçilərinin işinə yarayır. Soruşa bilərsiniz ki, bəs necə olur ki, telefonumuz sönülü ola-ola sosial şəbəkələr bizim danışıqlarımızı qeydə alıb ona uyğun reklamlar tərtib edir?
Bu da çox asanddır, bir neçə həftə öncə sosial şəbəkələrdən birinə sahiblik edən şirkətin adını dəyişdirməsi barədə məlumat yayıldı. Bu, süni intellektin inkişafı, virtualizasiya dövrünün artıq sürətlənməsi deməkdir. Biz bu izlənmə prosesini indi fərq etsək də, bu çoxdan başlayıb. Google axtarış motorikasında artıq uzun zamandır ki, “səsli axtarış” mövcuddur. Bu da o deməkdir ki, bir dəfə səsimizin yazılmasına telefonun menyusundan icazə verdiyimiz zaman, sosial şəbəkə növbəti dəfə icazə istəmir və istədikləri məlumatları cihazımızdan yönləndirə bilirlər.
Audit nəticəsində sosial şəbəkə istifadəçilərinin danışıqlarının dinlənilməsi məlum olub. Səsli mesajların şifrəsini açmaq üçün yüzlərlə üçüncü tərəflərdən istifadə edilib”.
Səkinə İlqarqızının sözlərinə görə, sosial şəbəkə nümayəndələri hətta öz açıqlamalarında da bu faktı etiraf ediblər. Onların sözlərinə görə, telefonların dinlənilməsi və istifadəçi danışıqlarının qeydə alınması gizli şəkildə həyata keçirilib və artıq sosial şəbəkədə tətbiq edilmir. Yəni sosial şəbəkələr artıq bunu dayandırdıqlarıbı bildirirlər. Amma gələn şikayətlərdən belə aydın olur ki, əslində dinlənilmələr heç də dayandırılmayıb.
Leyla Mirzə, Bizimyol.info