Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İntiharın bir alt planı var" - Psixoloq
"İntiharın bir alt planı var" - Psixoloq

“İntihar, qorxaqlığın sonuncu qapısıdır. Çox zaman yaşamaq, intihar etməkdən daha çox cəsarət tələb edir”, Napoleon Bonapart (fransız hərbi və siyasi lider)

Ölümü, intiharı özünə çıxış yolu seçənlərin, bununla da çiyinlərindəki maddi-mənəvi yüklərdən qurtulacaqlarını zənn edənlərin sayı təəssüf ki, hər keçən gün artır, çoxalır. İntiharı özünə qurtuluş hesab edən şəxslərin sırasına son zamanlar “tələbə” adını daşıyan gənclər də qatılıb. Baxmayaraq ki, onların əksəriyyəti gecəsini gündüzünə qatıb oxuyaraq, güclü iradə nümayiş etdirərək, yüksək ballarla bir çoxlarının xəyalı, arzusu olan universitetlərə, fakültələrə qəbul olurlar. Bir neçə müddət sonra onların intihar xəbərləri saytların “kriminal” bölmələrini, fotoları sosial şəbəkələrin səhifələrini doldurur. Rəy bölümlərində onun hansı səbəbdən dolayı bu addımı atdığını heç sorğulamadan, növ-növ rəylər, fikirlər yazılır. Üstündən bir neçə gün, həftə keçəndən sonra sanki, ümumiyyətlə, yer üzünə belə biri gəlməyib, bu adda biri mövcud olmayıbmış kimi, yenidən günəş doğur, hər kəs öz işinə tələsir, gündəm xəbərləri dəyişildikcə, daha da unudulub, yoxluğa məhkum olursan. Həyat sənin yoxluğunu vecinə almadan, laqeyd şəkildə yenə öz axarı ilə davam edir. Səndən geriyə qalan sağlığında həvəskarı olmusansa, bir neçə şəkil, bir cüt ayaqqabı... Bir də üzərində ətrin qalıb deyə, ata-anana təsəlli olacaq pal-paltarın. Onlar da valideynlər həyatda olduqları müddətcə var olacaqlar. İntihar etmək, ölüb torpağa qarışmaq, yoxluğun qaranlığına qərq olub getmək sənin varlığına son qoyursa, səndən geriyə qalan valideynlərin artıq həyatda ola-ola, nəfəs ala-ala intihar edir. Yaşayaraq intihar edənləri seçənlərə təəssüf ki, heç kim kömək edə bilmir.

Bir çoxları da təəssüf ki, öz yoxluqları ilə kimlərisə cəzalandıracaqlarını zənn edirlər. Bəziləri sevdiyi qızı, ya oğlanı, bəziləri ona qayğı göstərməyən, ya da göstərə bilməyən valideynlərini yoxluğu ilə cəzalandırmağı, bəziləri də maddi problemlərin yükündən qurtulmaq üçün intiharı özünə çıxış görürlər.

Tələbələrin intihara və başqa psixoloji zəiflikdən qaynaqlanan problemlərə yönəlməmələri üçün Təhsil Nazirliyi tərəfindən məktəblərə, universitetlərə bir çox psixoloqlar yönləndirilir, hətta bu yöndə təhsil müəssisələrində psixoloqlar üçün vakant yerlər təşkil edilir. Ancaq son bir neçə ildə baş verən intihar hadisələrinin çoxalması ondan xəbər verir ki, Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilən psixoloq-tələbə münasibətləri o qədər də əhəmiyyətli nəticə vermir. Ya da şagird və tələbələrlə psixoloji iş sıfıra bərabərdir. Bu məsələyə cavab tapmaq üçün Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. Mətbuat Xidmətinin rəhbəri Bizimyol.info saytına açıqlamasında bildirdi ki, Təhsil Nazirliyinin bu yöndə bir çox layihələri var:

“Bizim şagird və tələbələrlə psixoloji iş üzrə bir çox fəaliyyət planlarımız mövcuddur. Onlardan, “Məktəblinin dostu” pilot layihəmiz, məktəblərdə və başqa təhsil müəsisələrində fəaliyyət göstərən psixoloqlarımız var. “Məktəb-valideyn” icmaları fəaliyyət göstərir və sair. Ümumiyyətlə, bu yöndə Təhsil Nazirliyinin daha böyük işləri var və bu fəaliyyətlər getdikcə daha da təkmilləşdirilir. Arzu edənlər, Nazirliyin saytına daxil olaraq, bu proseslərlə yaxından maraqlana bilərlər”

Ölkəmizdə bəzi gənclərin son zamanlar intihara meyilli olmasının səbəblərini, onları bu cür səhv qərarlara aparan problemlərin nələrdən ibarət olduğunu, bu kimi hadisələrin qarşısının necə alınması gərəkdiyini öyrənmək, cəmiyyətimizi məlumatlandırmaq üçün psixoloq Zeynəb Eyyubova ilə söhbətləşdim. Psixoloq Bizimyol.info saytına açıqlamasında bildirdi ki, bəzən bizim üçün kiçik görsənən məsələlər, kimlərsə üçün böyük problem ola bilər: “Ümumiyyətlə, biz psixoloqların işi kiminsə probleminə, kiminsə baxış bucağına “belə kiçik məsələyə görə intihar etdi” deməməkdir. Bəzən bizim üçün kiçik görünən məsələlər, başqaları üçün çox böyük bir problem ola bilər və ya başqaları üçün böyük problemlər, bizim üçün kiçik problemlər ola bilər.

Əvvəla, tələbələrin universitetlərə qəbul olmaları, hələ, o demək deyil ki, onlar normal psixologiyaya sahib insanlardır. Necə ki, bu gün Azərbaycanda yetərincə nüfuzlu həkimlər, psixoloqlar və müəllimlər var, amma özlərinin şəxsi psixoloji vəziyyətləri normal deyil. Universitetin üzərinə düşən vəzifələr psixoloqların tələbələrlə aylıq görüşlərinin təşkil olunması, individual görüşlərin keçirilməsi, hətta ehtiyac varsa, bizim kimi özəl psixoloqların təhsil müəsisələrinə dəvət olunması və sair kimi işlərdən ibarətdir. Ancaq indi bu işlər daha da çoxalıb.

Məsələn, biz əvvəllər məktəblərə, universitetlərə bu qədər dəvət olunmurduq. Amma indi direktorlar, dekanlar, prorektorlar bizi dəvət edirlər.  Sadəcə olaraq, intiharın bir alt planı var. İntihar üç meylli olur: ya hansısa bir travmadan dolayı, ya hansısa düşdüyü psixoloji vəziyyətdən çıxa bilmir, ya da genetik olur. Əgər ailəsində və ya nəslində belə hadisələr baş veribsə, həmin insanların intihara meyilli olması daha çox olur. Ona görə də bu, araşdırma tələb edən bir məsələdir. Təbii ki, bunu da sırf Təhsil Nazirliyinin üzərinə yıxa bilmərik. Doğrudur, onların vəzifəsi təhsil müəsisələrində təlim-tərbiyənin və təhsilin aparılmasıdır. Amma onlar artıq sırf psixoloji iş kimi, kimin şüuraltında hansı problem varsa, onu çıxarmaqda çətinlik çəkirlər. Onlar da birmənalı olaraq, bunu görməyə bilərlər”

Mövzu barədə başqa bir psixoloqun da məsləhətlərini dinləmək istədim. Ancaq O, özünü suallar qarşısında psixoloq kimi yox, tutuquşu kimi hiss etdiyini bildirdi:

“Mən dəfələrlə bu barədə çıxış etmişəm. Xahiş edirəm, “google”da yazın, “filankəs filankəsov (Ad və soyadını deyir – M.Ş) – intihar”. Orda suallarınızın cavabını yüz faiz tapacaqsınız. Başa düşürsünüz, hər dəfə tutuquşu kimi danışmaq ki, nə səbəblər var, necə olub, nə olub..”

Bu söhbətdən də o qənaətə gəldim ki, bəzi psixoloqların fikrincə, insanlar əslində, bir növ texniki vasitədir və onların idarə olunması üçün “google”da “əl kitabça”larını axtarmaq lazım gəlir. Hər bir halda, "hörmətli" psixoloqumuzun bu fikrinə hörmətlə yanaşıram. Nə qədər çətin olsa da, O da öz sağlam psixologiyasını neçə illik ixtisası uğrunda qurban verib. Əks halda, özünü tutuquşu, dəvəquşu, yaxud başqa quş növləri kateqoriyasında görməzdi.

Nəticə etibarilə; gənc nəslin “cəsarət simvolu”na, ailələrinin qorxulu yuxusuna çevrilmiş intihar psixologiyası, həm öz cəmiyyətimizin, həm də ümumbəşəri dəyərlərimizin üzləşdiyi ən şiddətli problemlərdən biridir. Bu problem yalnız sağlam təfəkkürlü, düzgün tərbiyə altında yetişmiş cəmiyyətlərdə öz həllini tapa bilər.

İntihar seçimi problemlərin həlli yolu deyil, əksinə, o, çıxılmaz bir dalan, dəhşətli bir son və acı bir məğlubiyyətdir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
Son xəbərlər
Bütün xəbərlər »