Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən böyük pasifist... bizim əsgər!
Ən böyük pasifist... bizim əsgər!

Florensiyalı Nikollo Makiavelli bu dünyadan köç edəndə Pənahəli xanın Qarabağda səltənət qurmağına 220 il vardı. Siyasi praqmatizmin atası, “fəlsəfi amansızlığın” babası olan o məşhur italyan olsa-olsa, Füzulinin “Mətləül-etiqad” risaləsini oxumuş olardı, ya olmazdı. Bizim haqqımızda nə bilirdi, bilmirik. Ancaq onu bilirik ki, müharibənin nə demək olduğunu bilirdi. Çünki: “Müharibədən qaçmaq mümkün deyil, onu yalnız düşməndən üstün olana qədər təxirə salmaq olar” demişdi.

Bəli, Makiavelli “düşüncə qəddarıdır” və halı ilə: “Müharibədən qaçmaq olmaz...” demişdi. Biz də müharibədən qaçmadıq, qaça bilmədik. Ona görə ki, Makiavellizm beynimizi bulandırmışdı?! Yox, əsla! Ona görə ki... əsla qaça bilməzdik. Sadəcə, biz düşmənimizdən üstün olana qədər müharibəni “qapı arxasında” gözlətdik.

Hə, bir az çox çəkdimi?! Çox çəkdi. Ancaq bir nəsil doğulub, böyüyüb, ayağına əskər çəkməsi, əyninə zabit mundiri geyinənə qədər çəkdi. Müharibənin dəhşətlərini yaşamış, müharibənin dərindən yaraladığı, bəlkə müharibənin qorxularını da içində böyütmüş nəsil yerini yeni nəslə verənə qədər... Düşməndən təkcə silahımızla deyil, həm də ruhumuzla daha güclü olana qədər...

Bəli, biz müharibədəm qaçmadıq. Qaçmağa yerimiz həm də niyə yox idi, bilirsinizmi?! Çünki arxada müharibənin bitməsini çox istəyən və gözləyən xalq vardı və yenə var. O xalq çox yaxşı anlayırdı ki, müharibəni bitirməyin yeganə yolu... onu müharibə ilə bitirməkdir. Daha bunun adına “sülhə məcburetmə” də deyə bilərik, başqa bir ad da qoya bilərik. İnsanlarımımız sonunda sülh olsun deyə müharibə istədilər, ardından müharibə olsun deyə sülh istəmədilər. Və bu gün də heç kim müharibə istəmir. Ancaq heç kim müharibənin dondurulmasını da istəmir.

... 20 il bundan qabaq Almaniyada bir beynəlxalq tədbirdəydim. Mövzu “Fundamentalizm və media” idi. İordaniyadan atası xristian ərəb, anası erməni olan Maher adlı bir iştirakçı terrorçuluğa dair çıxış elədi və o, terrorun İslam dininə mənsub insanın olayı olduğunu “əsaslandırmağa” çalışdı. O zaman buna etriraz etdim və dedim ki, Adəmin bir oğlu o birisini öldürəndə İslam yox idi...

Salona sükut çökdü. Sonra davam etdim və Cənubi Amerikadan Şimali Avropaya, Uzaq Qərbdəki Priney yarımadasından Uzaq Şərqdəki yapon aadalarına qədər dünyanın müxtəlif bölgələrində terrorun intişar tapdığı haqda fikirlərimi bacardığım kimi bildirdim. Terror protestantın və ya katolikin, şiənin və ya sünninin, lamaistin və şintoistin... olayı da deyil, bu, bəşəri bəladır. Əgər birimiz: “Terror xristianların icadıdır”, o birimiz: “Yox, terror İslamdan gəlir”, üçüncümüz: “Bu, buddizmin əsəridir” desək – bu cür ayrımçılıq qəflətinə düşsək, onda Dünyanı açarını terrorçuya könüllü təhvil verib oturmalı, Əzrayılın ayaq səslərini dinləməliyik...

Bu davranışın balaca modelini biz öz müharibəmizə aid edək. Biz müharibəni törədən səbəbləri və səbəbkarları bir qırağa qoyub da, orda iştirak formatımıza dair təhrifli polemikalara qoşulsaq, bir də görərik ki, Bakıda yad bayraqlar dalğalanır. Necə ki bir əsr və daha əvvəl dalğalanırdı. Yaxşı, tutaq ki, haqlısınız. Onda gəlin deyək ki, Türk İslan Ordusu gərək Bakını azad etməyədi. Çünki müharibə pis şeydir. Onda nə olardı?! Bu polemika da olmazdı. Çünki biz olmazdıq. Nəinki biz özümüz, heç bizi dünyaya gətirənlərin özləri də olmazdı...

...Mayda 20 gün ABŞ-da –İllinoysda qaldım. Mənim məsləkdaşım –yazıçı-publisist Ernst Heminqueyin evini də görmüşəm. Sakit, səssiz bir yer. İdilliya üçün tam bir ilham qaynağı. Bu adam niyə öz sakit, axarlı yaşamını müharibə yazarlığına dəyişdi?! Bu məsum Oak Parkda 62 il yox, lap 162 il il də yaşamaq olardı. Bu halda onun savaş İspaniyasında nə iti azamışdı?!

Belə düşünmək üçün əsasım vardı. Ancaq bu müharibələr, Franko faşizmi Heminqueyin günahı deyildi axı. Bu savaşlar, bu qan gölləri, bu göz yaşı... Hemunqueysiz də vardı. Və yazıçı: “Müharibələr o zaman bitər ki, tərəflərdən biri qalib gəlsin, ya da müharibədən qazanc götürənlər tapılıb güllələnsin” demişdi. Onun yaradıcı avtobioqrafiyasında “Əlvida silah” var. Ancaq Dünya silaha əlvida demədi, əksinə ən dəhşətli yeni toplu qırğın silahlarına “xoş gəldin” dedi. Onun reportyor kimi içində olduğu savaşlarda qalib tərəf, məğlub tərəf vardı. Bəlkə buna görə savaşlar dayanırdı. Ancaq: “Qazanc götürənlər nə oldu?” deyə soruşsanız, onlar nənki tapılıb güllələndi, əksinə əldə etdiyi qazanclardan bir qismini yeni savaşlara sərmayə olaraq yatırdı. Bu təkcə Çikaqolu yazıçının şəxsi faciəsi deyildi, insanlığın faciəsi idi.

Bəli, Heminqueyin romanındakı əsgərlər italyan dağlarında faşizmə qarşı silah qaldırmaq əvəzinə özlərini yaralayıb arxaya – dinc həyata qayıtmaq illüziyasına qapılmışdılar. Dünyada isə dinc yer yox idi. Dinc yaşama qayıtmağın yolu savaşı bitirmək idi. Barışın yolu savaşmaqdan keçirdi. Əsərin fabulasında təkcə insanlığın savaşdan yorulduğu deyil, savaşı... savaşaraq bitirməkdən başqa yol olmamasına vurğu da vardı.

Nə yazıq ki, bu, bizim olayımızda da keçərli oldu. “Danışmaqla bitmədi, savaşmaqla bitirək” dedik. Ona görə savaş üçün birləşdik. Savaşdıq da. Biz bitirdik deyərkən bitmədi. Çünki... Tanqonu Argentina sahillərində oyna, yoxsa Qafqaz dağlarında- fərq etməz; burda iki tərəf var. Müharibəyə də tanqonun çevrilmiş forması kimi baxsaq, biz bitirsək də, qarşı tərəf davamına təhrik edər. İçində olduğumuz durum bu.

Bəli, birləşmiş(d)ik. Ancaq indi ortaya “yoxsul öldü, varlı qaldı” diskursuna qapılmışıq. Hələ ortada sülh müqaviləsi yox (“tanqo” partnyorumuz qaçır bu sülhdən), hələ sərhədlərimizi tam bəlirləmədik (ki, ona köklənmişik), hələ də qarşı tərəfin davranış biçiminin rejissurası qıraqdan gəlir: suflyorlar onun qulağına nə pıçıldayırsa, o cür hərəkət edir...

Əvvəllər də yazdığım kimi, mürəkkəb məsələnin sadə həlli yoxdur. Bir ildə bütün məsələləri çözmək illüziyasına qapılmayaq. “Əlvida silah”dakı əskərin dünya savaşının ortasında dinc həyat axtarmağı kimi bir qorxunc aldanış içinə düşməyək.

“Müharibəyə yox!” deyənləri də anlayıram; onların çoxu öz ölkəsindən qopub Qərbə yapışmış insanlardır; vicdanlı yanılmalar da var təbii, qəsdən ara qarışdırmalar da. Müharibə dövründə və sonrasında çox ayrımçılıq çabaları gördük nə yazıq ki! Əvvəl etnik kimliklər üzərindən ayrımçılıq etməyə çalışdılar; filan xalqın oğulları getdi, daha çox vuruşdu və sair. Bu keçmədi. Sonra dini məzhəbçilik üzərindən “yürüdülər”- “İran gərginliyi” günlərində bu cəhdlər kulminasiya nöqtəsinə çatmışdı. Hətta bu müharibəni başqa dinlərə mənsub ölkələrin, “yad” xalqların öz maraqlarına görə dizayn etməsi ilə bağlı demoqogiyalar baş alıb gedirdi. Bu cəhdlər də uğursuzluğa düçar idi, oldu da. İndi yeni bir bölücü tezis tapıblar və bunun üzərindən həm milləti, həm də ordusunu ortadan ikiyə bölməyə çalışırlar. “Yoxsullar ölür, varlılar qalır” tezisindən söhbət gedir. Atları döngədə dəyişməzlər, həm də bu cür sərt tarixi-geosiyasi döngədə. Bu polemikada haqlını-haqsızı bir kənara qoyaq hələ. Başlıcası, yersiz, zamansız, hətta amansız bir diskussiyadır.

Ermənistanın arxasındakı güclərlə birlikdə başlatdığı və davamına çalışdığı müharibə indi ara-ara, lokal miqyasda sərhədlərimizdə gedir. Hələ qarşımızda çox iş var və çox da çətinliklər var. Hələ genişmiqyaslı müharibə risqi tam olaraq keçməmiş, kimlərsə “varlı-kasıb” ayrımı ilə o müharibəni sərhədlərdən götürüb içimizə daşımaq istərkən, buna səssiz qala bilmədim.

Ermənsitanla müharibə istəməyənlər, vətəndaş müharibəsi təhlükəsini körüklədiklrinin fərqində deyillər. Adını da “Qərb dəyərləri” qoyublar. Ən amansız, ən dağıdıcı müharibələr elə o Qərbdən qaynaqlanmadımı, əzizim?! Tarixdə ən uzun sürən savaş - Yüzillik müharibə Fransa ilə İngiltərə arasında olmamışdımı?! Yoxsa ki cəmi 21 il fasilə ilə ard-arda iki Dünya Müharibəsinin ocağı Qərb deyildi?! Bu gün ən böyük hərbi büdcəsi olan Amerika demokratiyası deyilmi?! Ən çox müharibə aparan ölkə Qərb ölkələri deyilmi?! Bəlkə “Ərəb baharı” bizim əsərimizdir, ya “Əfqanıstan payızı”...

Dünyanı yüz dəfələrlə məhv etmək gücünə sahib, ən yeni ölüm texnolojilərinə vaqif, ən amansız silahlanma yarısının öncülü təkcə şərqimizdəki Çin, yaxud şimalımızdakı Rusiyadırmı ki?! Bizim içimizə çat salmağa çalışan o sinik Soros donorçuluğu özünün “sivil Qərb”inə nə zaman “dur” dedi də, biz eşitmədik? Bax, o Qərb araşdırma şirkətlərdən birinin keçirdiyi mötəbər sorğulardan birinin nəticələrinə görə, vətəndaşlarınn çoxu hətta öz ölkəsi üçün silah götürməkdən imtina edən ölkələr “Böyük Yeddilik”dəkilərdir.

Almaniya, məsələn. Bu ölkənin rəyi sorşulan vətəndaşlarının 90 faizindən çoxu öz ölkəsi üçün də olsa belə, vuruşmaqdan boyun qaçırıb. Bu insanların rəyini nəzərə aldımı federal alman hökuməti?! Xeyr, almadı. Həmin sorğuda Türkiyə respondentlərinin 90 faizindən çoxu öz ölkəsi üçün vuruşmaq istədiklərini demişdi. Bilirsinizmi, niyə?! Çünki həmin o alman bundesverinin instruktorları Qəndil dağlarında PKK terrorçularına Türkiyəyə qarşı savaş təlimləri keçirlər. Həmin fransız hərbi mühəndisləri Türkiyə sərhədi boyunca Şimali Suriyada terror dövləti qurmağa qolaylanmış PYD üçün bunkerlər qazmışdılar. Və Amerika ordusu bu ərəb çöllərindəki türk düşməni terror qrularına havadan silah dolu “bəxşiş” qutuları səpələyir... Qərb dediyiniz bunlardırsa, onların dəyərləri müharibəsiz Dünyadırsa, bəs o sadaladıqlarımız nədir?!

Və bu gün Ermənistanla savaş niyə bitmir, bilirsiniz?!

Çünki həmin o Qərb Qarabağda münaqişənin bitmədiyini, məzlum erməni azlığının hüquqlarının pozulmaqda davam etdiyini, bizim Qarabağ dağlarındakı bir ovuc azlığa hansısa bir xüsusi status verməli olduğumuzu... “əsas” tutaraq müharibənin bitməsinə imkan vermir. Məsələ təkcə Rusiya deyil, biləsiniz. ABŞ və eləcə də. Fransanın timsalında Avropa İttifaqı bu qanlı müharibənin dayanmasında maraqlıdırmı, sizcə?! Xeyr! Niyəsi var. Çünki Minsk Qrupu formatını dirildib yenidən bölgəyə gəlmək üçün onlara Ermənistanla Azərbaycan arasında sülh yox, savaşın davamı lazımdır. Bu, açıq-aydın ortadadır. Qərbin o “işıldaquş pasifizm”inin qrant bərəkətindən bəhrələnənlər, “Ermənistanla müharibə istəmirik!” deyərkən, yersiz və zamansız “Dədə Qorqudçu” pozlarınızla əslində öz donorlarınızın üzünə ağ olduğunuzun fərqindəsinizmi?! Müharibəni biz deyil, onlar istəyir. Belə sülhsevəriksə, öz torpağını qorumağa gedən əskərimizə deyil, bizim torpağımıza hərblə gələnlərə: “Dur!” deməliyik. Pasifizmin gerçək məğzi işğalçını, müharibə törədəni durdurmaqdır, özünü qoruyanı deyil. Bu anlamda ən böyük pasifist elə... bizim Əskərdir. Qrantsız-filansız.

...Cinayət qanununda “zəruri müdafiə həddində adam öldürmə” deyə bir anlayış var. Qəsdən adam öldürəni məsuliyyətdən kənarda buraxıb, özünümüdafiə həddində adam öldürəni və hətta özünü, öz şərəfini qoruyarkən öləni belə ittiham etmək absurdunamı yuvarlanmışıq?! Üstəlik ölümləri çeşidləmək sinizminə...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »