Bir axşam taksidən düşüb payıza,
Bilmədik haraya, hayana gedək.
Bahar həsrətilə payız axşamı
Yenə həzin-həzin titrədi ürək ...
İlk sevgisini unutmayan Əsmər, onun doğum gününü qeyd etmək bir günlük Bakıya gəlir. Bu görüş ağlında qalan və uzun zaman cavab axtardığı, amma tapa bilmədiyi suallara aydınlıq gətirir... İlk məhəbbət, etiraf edilməyən hisslər...
Beləcə gün keçir. Film 1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Ssenari müəllifi Anardır. Ümumiyyətlə, Anarın əsərlərində nakam sevgilər, təmiz eşqlər yer alıb. Bəlkə də, Anar, öz dövrünün ədəbiyyatında əvəzolunmaz bir yazıçıdır. Bunu bu gün bir çoxu etiraf etməsə də, Anarın əsərləri fərqlidir, sevgi doludur, qeyri-səmimilik yoxdur...
“Gün keçdi”...
Baş rollarda Leyla Şıxlınskaya və Həsən Məmmədovun yer aldığı “Gün keçdi” filmi Bakıda İçərişəhərdə yaşayan iki gəncin etiraf etmədiyi sevgisindən bəhs edir. Sevgisini etiraf edə bilməyən Oqtay, illər keçsə də, evlənmir. Həyatını sənətinə həsr edən arxitektor Oqtay, İçərişəhərin taleyinin həll edilməsində rolu olan insanlardan biridir. Sanki Anar, 50 il əvvəl Bakının bu gününü görərək qələmə alıb bu əsərini. İçərişəhəri yox etmək istəyən arxitektorlar, köhnə evləri söküb qutu kimi mənzillərlə əvəz edən komitə işçiləri və o evlərdə yox olan xatirələr...
“İçərişəhər bizim misilsiz xəzinəmizdir. Biz, onun hər daşını qorumalıyıq” deyə düşünür, Oqtayın dili ilə Anar. Deyir ki, bu dar və əyri-üyrü küçələr bir daha olmayacaq.
Bəziləri isə düşünür ki, “İçərişəhəri Bakının yaraşığı etmək üçün, onu əməlli-başlı təmizləmək lazımdır. Ən qiymətli memarlıq abidələrini saxlamaq, qalanlarını isə... o söz... söküb, dağıtmaq”...
Bakıya gələn Əsmər, öz hisslərini Oqtaya çatdırmağa çalışır. Yuxularına girdiyini etiraf edir:
“Sən də mənim yuxularıma girirdin. Səninlə oxuduğumuz illər. Əgər mən onları təzədən yaşasaydım”...
Oqtay isə hələ də Əsmərə qarşı olan hisslərini başa düşmür. Bilmir ki, bu sevgidir, aruzlamaq, istəməkdir, hər nədir...
Əsmər Bakıda yaşadıqları evin söküldüyün görüb kədərlənir. Oqtay isə soyuqqanlılıqla təsəlli verir:
“Bu evlər, ilk məhəbbət kimidir. Keçib gedir, saxlaya bilmirsən . Heyfsilənirsən, amma saxlaya bilmirsən”...
Ad günündən bir gün öncə keçmişdən gələn qonağı, Oqtayın düşüncələrini alt-üst edir. Əsmər gəldiyi üçün sevinir, hesab edir ki, illərlə ürəyində daşıdğı hisslərindən azad olub. Oqtay isə gələcəyə baxmağı, keçmişi unutmağı tövsiyə edir.
Əziziyəm bir də mən,
Doldur içim bir də mən.
Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən...
Əsmər razılaşmır. Deyir gün keçə bilər, amma ömür hələ qarşıdadır. Oqtay çox soyuqqanlıdır, tövsiyə verir: “Sən də xoşbəxt olacaqsan, Əsmər”...
Əsmər, illərlə saxladığı boş kibrit qutusunu hədiyyə olaraq Oqtaya verir. Oqtay isə, yenə soyuqqanlıdır.
Gün bitir, Əsmər Moskvaya qayıdır, Oqtay isə, işini düşünməyə başlayır. Oqtay həyatında ikinci dəfə Əsmərdən imtina edir. Özü də bilmədən. Bəlkə də platonik sevgidir sevgisi, bəlkə də heç bu sevgi deyil. Ancaq Əsmər, artıq daha rahatdır. Çünki illərin həsrətinə son qoyur, ağlındakı suallara cavab tapır. Hər kəs yoluna...
Arada qalan isə, məktublar olacaq. Əsmər üçün sadəcə təsəlli, Oqtay üçün isə hələ də bilmədiyi hiss... Filmin sonunda gələn məktuba da Əsmər məhz "Kamikadze" imzası qoyur. Çünki bu, Bakıya bu bu hisslərlə sonuncu gəlişi idi...
Bakı isə dəyişir. Hələ 71-ci ildə Bakının göydələnlər şəhəri olacağı proqnozu verilir... Anar filimində Bakının qədimliyini məhv etmək istəyənlərin də, Bakını qorumaq istəyənlərin hisslərini ifadə edə bilib...
Qısacası; “Gün keçdi” romantik, reallıqlarla dolu, Azərbaycan qadını və kişisinin hisslərini əks etdirən filmdir... Yəqin baxmısınız... Bu dəfə daha diqqətli baxın...
Əzizim bəxti yarım, baxtımın taxtı yarım,
Üzündə göz izi var, sənə kim baxdı yarım...
İlahin, Bizimyol.info
Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.