Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kimsə götürüb “koridor artıq açıldı” yazırsa, bu, dövlətlərin mövqeyi deyil”
“Kimsə götürüb “koridor artıq açıldı” yazırsa, bu, dövlətlərin mövqeyi deyil”

Bu gün sosial şəbəkələrdə və bir çox media orqanlarında Zəngəzur dəhlizinin Azərbaycan üçün açılması ilə bağlı məlumatların yayılmasının şahidi olduq. Ancaq nə qədər gözləsək də, aidiyyatı dövlət qurumlarından informasiyanın düzgünlüyünü təsdiqləyən hər hansısa bir məlumata rast gəlmədik.

Mövzu ilə bağlı Bizimyol.info-ya danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, yayılan bu xəbərlər hüquqi cəhətdən əsassızdır:

Elxan Şıxəliyev Elxan Şıxəliyev

“Birincisi, bu dəhlizlə bağlı yayılan xəbər, hansı ki, orada birbaşa göstərilib ki, “dəhliz açıldı”, bu, hüquqi cəhətdən əsassız məlumatdır. Nəyə görə əsassızdır? Ona görə ki, adətən bu məlumatı ikitərəfli anlaşmanın nəticəsinə görə dövlət orqanları bəyan etməlidirlər. Yəni, hər bir halda, Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə Zəngəzur koridorunun açılmasının statusuna dair razılaşma əldə olunandan sonra elan olunmalıdır. Bu gün üçün həmin informasiyanın olmaması, bu sənədin imzalanmaması, xəbərin tələskənliklə verilməsinin, kiminsə şəxsi mövqeyinin göstəricisi sayıla bilər. Gələcəkdə nələr baş verməsi ilə bağlı bizim bu sərhədlərimizdə baş verənlərlə paralel olaraq, Azərbaycanın və Ermənistanın üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi üzrə Moskvanın vasitəsi ilə masaya oturulmalıdır. Orda əsas elementlər nədən ibarətdir? Öncəliklə, sərhədlərin tanınması, Zəngəzur koridorunun və digər kommunikasiya xətlərinin açılması məsələləridir. Bunlar bir paketdə də həll oluna bilər. Amma bu, çox çətindir. Ona görə ki, sərhədlərin tanınması məsələsinə görə, gərək Ermənistan Qarabağ ərazisini tanısın. Digər bir məsələ olan koridor məsələsi isə ayrı bir sənəd halında razılaşdırıla bilər. Bu məsələlər detalların müzakirə olunması şərtilə bir sənəd üzərindən razılaşdırıla bilər.

Görünür, Rusiyanın səyləri bu yöndədir ki, dövlət başçıları ya görüşsünlər, ya da digər işçi qruplar bunun üzərində bir qərara gəlsinlər. Qərara gəlmə nöqtəsində nüans ondan ibarətdir ki, Azərbaycan tərəfi Zəngəzur yolunun koridor statusunda olmasını istəyir. Necə ki, Laçında bizim gömrük və müşahidə postlarımız yoxdur və Ermənistan vətəndaşları oradan rahat hərəkət edə bilirlər. Eyni qaydada da Zəngəzur koridoru o statusa malik olsun. Bu, o deməkdir ki,gələcəkdə həm avtomobil, həm dəmir yolu gələcəkdə qurulacaq. Həmin infrastrukturlar orada indi sıfır vəziyyətindədir. Biz indi adını çəksək də, orada həmin dəmir yolundan heç bir əsər-əlamət, xəbər yoxdur. Çünki keçmiş infrastruktur ordakı dağların içindəki tunellərdən keçirdi. Müharibədən dolayı, Ermənistan çoxunu partlatdı ki, bu yol bağlansın. Bunlardan əlavə, orada Xudafərin Su Anbarı mövcuddur. Həmin anbar tikiləndən sonra qalxan su oradakı yolları, əraziləri kəsib. Yəni, ümumi olaraq, orada kommunikasiya qurulacaqsa, sıfırdan qurulmalıdır. Buna görə də gərək öncəliklə razılaşma olsun.

Görünən odur, gələcəkdə bu koridorun açılması mümkün olacaq. Amma hansı statusda olması, masaya yatırılan məsələlərin nəticəsində ortaya çıxacaq. Bu yol koridor şəklində olsa da, beynəlxalq tranzit yolu şəklində olsa da, bura nəzarət Rusiya Federal Sərhəd Xidmətinin tabeliyində olacaq. Həmin ərazi Ermənistanın ərazisi kimi tanınacaq, amma yuristiksiyada nəzarət və təhlükəsizlik Rusiya sülhməramlılarının nəzarəti içərisində olacaq. Bunun hansı yöndə olması, nəticə etibarilə Azərbaycan, yaxud da Ermənistanın istəyi üzərinə olması nəticəsini biz üçtərəfli razılaşmadan sonra biləcəyik. Ya sənəd şəklində, ya şifahi şəkildə, hansı ki, razılığa gəlindi, masaya oturuldu, detalları anlaşıldı və sair kimi müddəalar olacaq. Bu yöndə hər iki tərəf Rusiyanın müşahidəçiliyi ilə öz rəylərini müsbət yöndə veriblər.

Hər iki tərəf də bildirib ki, bu yöndə fəaliyyətlər başlayacaq. Bu, o deməkdir ki, masaya oturmaq nöqteyi nəzərdən müsbət dinamika izlənilir. Amma “dəhliz artıq açıldı, artıq hazırdır, biz artıq orada işləməyə başlamışıq” kimi ifadələr işlətmək, bir qədər tələskənliyn göstəricisi ola bilər. Bu, beynəlxalq münasibətlərdə sənədləşmələrdən sonra bəyan olunacaq məsələdir. Təbii ki, koridorun açılması bizim istəyimizdir. Kimsə götürüb, “koridor artıq açıldı” yazırsa, bu, o demək deyil ki, o, dövlətlərin mövqeyidir. Belə fikirləri mətbuatda səsləndirmək bir qədər məsuliyyət tələb edir. O yöndə ki, istinad göstərilsin. Necə ki, məsələn, sizdən soruşsalar: “bunu kim dedi?”, deyəcəksiniz: “Elxan müəllim dedi”. Əsasını istəsələr, diktofondakı səs yazımı göstərəcəksiniz. Elə deyilmi? Həmçinin bu məlumatı yayan şəxs də istinad mənbəsini göstərməlidir. Bilirsiniz, bu, balaca məsələ deyil. Ona görə də biz, dövlət mövqeyini də gözləməliyik” – deyə, Elxan Şıxəliyev bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »