Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Potensial təhlükə mənbəyi olan oksigen balonları ilə necə rəftar etməli?
Potensial təhlükə mənbəyi olan oksigen balonları ilə necə rəftar etməli?

Dünən paytaxt Bakının Sabunçu rayonu ərazisində oksigen balonunun partlaması nəticəsində ölüm halı baş verib.

Belə ki, Xasmət Xadıyev rayonun Bakıxanov qəsəbəsində yerləşən Elektrik avadanlıqları dükanına məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

Baş vermiş hadisə, ümumiyyətlə yaşayış yerlərində, iaşə obyektlərində, eyni zamanda minik maşını və ictimai nəqliyyatda bu növ balonlarla necə rəftar etməli olduğumuzu bizə bir daha xatırladır. Elə həmin bu qaz balonlarına yanğınsöndürən balonlarını da əlavə etsək, yəqin ki, yanılmarıq. Bu balonların mövcud olduğu yerlərdən biri də məktəblər, digər təhsil müəsisələridir. Hərçənd ki, bu balonlarla da düzgün rəftar edilmədiyi zaman partlamamasına heç kəs zamin dura bilməz. Elə isə həyatımızı fövqəladə hallarda xilas etməyimiz üçün mövcud olan bu balonlar, digər tərəfdən, bizə hansı ciddi təhlükələri törədə bilər? Onlarla necə, hansı üsullarla davranmaq lazımdır? Bu barədə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı bölmələri balonların saxlanıldığı yerlərdə onlarla düzgün rəftar qaydalarını öyrədən lazımi, zəruri məlumatları öncədən bildirirlərmi?

Yəqin ki, elə bir çoxumuz istər məktəbdə, istər hansısa iş yerlərində, iri ticarət mərkəzlərində üzərini toz basmış, yaxud üzəri köhnəlməkdən paslanmış bu növ balonların varlığının şahidi olmuşuq. Ətrafına xeyrindən çox, zərər gətirə biləcək potensialda olan bu “ölüm balonları” neçə aydan bir yenilənməli, aidiyyatı şəxslər onu hansı müddətdən bir yoxlamağa gəlməlidir? Yəqin ki, hər birimiz üçün bu sualların cavabı maraqlıdır. Gözləyirdik ki, baş vermiş bu bədbəxt hadisədən sonra FHN-dən bu növ balonlarla düzgün rəftarla bağlı xəbərdaredici, önləyici tədbirləri artıracaq məlumatlar paylaşılacaq. Amma gözləntimiz özünü doğrultmadı. Bildirək ki, bu analoji hadisə keçən il dekabrın 17-də FHN-nin tabeçiliyində olan Zığ qəsəbəsindəki modul tipli xəstəxanalardan birində baş vermiş, oksigen balonu partlamışdı. Həmin zaman sistem sıradan çıxmışdı. Bir çox xəstə saatlarla oksigensiz qalmışdı.Məlumata görə, oksigensiz qalan 40-dək xəstə vəfat etmişdi. Həmin tarixdə TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən bu barədə heç bir açıqlama verilməyərək, bildirilmişdi ki, həmin xəstəxana FHN-in tabeliyindədir: “Oradakı tibbi personal da Nazirliyin işçiləridir. Odur ki, bizim bu barədə nəsə açıqlama vermək səlahiyyətimiz yoxdur”.

Biz də bu gün suallarımıza cavab almaq üçün FHN-nin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq hər zamankı kimi telefonu qaldırıb, suallarımızı cavablamağı özünə sığışdırmayan bəzi mətbuat xidmətləri kimi, FHN-nin Mətbuat Xİdməti də zəngimizi cavablamadı. Daha sonra FHN-in çağrı mərkəzi “112” ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, “112” çağrı mərkəzi və Nazirliyin özü bir-birindən ayrıdır, ona görə də, suallarımıza cavabı yalnız Nazirliyin Mətbuat Xidməti verə bilər. Əlavə olaraq, onu da bildirdilər ki, Nazirliyin Mətbuat xidməti ola bilsin ki, pandemiya şəraiti ilə əlaqədar iş vaxtını azaldıb, bu gün onlar üçün iş günü olmaya da bilər. Naməlum, qeyri-adekvat cavabların bizi bir yerə çıxarmayacağını anlayıb, özümüz öz başımızın çarəsinə baxmalı olduğumuzu anladıq.

Belə ki, ümumi qaz-oksigen balonları və onlarla bağlı kiçik bir araşdırma apardıq. Müxtəlif mənbələrə müraciət edib, oxucularımız üçün bu balonların istifadə qaydaları ilə bağlı müəyyən məlumatlar toplaya bildik. Aşağıdakı zəruri təlimatları oxucularımıza təqdim edirik:

Oksigen cihazının təhlükəsiz istifadəsi;

1.Evdə oksigen balonundan istifadə edərkən bütün təhlükəsizlik qaydalarına riayət edin.

2. Yanan alova 3 m-dən artıq yaxınlaşmayın. Yanmayan atəş mənbələrinə isə 1,5 m-dən çox yaxınlaşmayın.

3. Siqaret çəkməyin. Siqaret çəkənlərə çox yaxınlaşmayın.

4. Oksigen çənini qazlı, elektrikli sobalardan və qazlı, elektrikli qızdırıcı mənbələrdən ən azı 1,5 m məsafə uzaqda tutun(saxlayın).

5. Otağın qapısını açıq saxlayın. Beləliklə mühitin hava axını təmin edilər və otağın havasızlığının qarşısı alınmış olar.

6. Oksigen cihazınızın zərbə almaması və yıxılmamasına diqqət edin.

7. Oksigen cihazınızı etibarlı yerdə dik saxlayın.

8. Cihazınız zərbə alıb və səs verirsə dərhal cihazı söndürün.

9. Tənzimləyiciniz işləmir və ya cihazı söndürə bilmirsinizə boruları çıxardın və otağı tərk edib dərhal təchizatçıyla əlaqə yaradın.

10. Boruların ayağınıza dolaşmamağına diqqət edin

11. Parafin, vazelin tərkibli krem və losyon istifadə etməyin. Bu məhsullar oksigenlə təmas etdikdə yanıcı ola bilər. Cihazınızı bu cür məhsullarla eyni vaxtda istifadə etməyin.

12. Oksigenlə ehtiyatsız davranmaq təhlükəlidir. Təchizatçının təlimatlarına əməl edin. Özünüzü və ətrafınızı riskə atmayın.

13. Təcili vəziyyətə hər zaman hazır olun. Təchizatçı və təcili yardım əlaqə nömrələri daima yaxınınızda olsun.

Oksigen balonunun baxımı;

Oksigen balonunun baxımı üçün təchizatçının tövsiyyələrini nəzərə alın. O, sizə cihazın fərqli hissələrini hansı tezlikdə dəyişilməli olduğunu izah edəcəkdir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »