Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlillik dərəcəsi qalmaqalı: kim haqlıdır, kim haqsız?
Əlillik dərəcəsi qalmaqalı: kim haqlıdır, kim haqsız?

Doğrusunu deyim, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, el arasnda deyildiyi kimi, əvvəldən qanımız qaynamayıb. Yəqin ki, qarşılıqlıdır. Yoxsa bizi də bugünkü mətbuat konfransına çağırardı. Biz də gedib ordan canlı yayım edərdik və dəbdə olan ifadə ilə desək, Sahil Babayevin həqiqətlərini dünya ictimaiyyətinə çatdırardıq. Ancaq olsun. Bunun səbəbini ondan, ya da onun Nazirliyindən ayrıca soruşarıq. Ancaq bizim orda olub-olmamağımızdan asılı olmayaraq, həqiqət dəyişmir. Bizim də işimizin məğzi, mayası həqiqətə münasibətlə bağlıdır.

Bu arada bir zamanlar bu Nazirliyin yerləşdiyi həmin o hüündür binada – bir küncdə “Həqiqət” adlı qəzet çıxırdı...

İndi orda “Həqiqət” yoxdur. Amma binanın çölündəkilərin bir cür, içəridəkilərin başqa cür həqiqətləri var. Qarabağ müharibəsi qaziləri və ümumiyyətlə, ya əlillik dərəcəsi ala bilməyən, ya da əlilliyi ləğv edilmiş xeyli müharibə veteranı Nazirliyin binasının ətrafında öz həqiqətlərini hayqırır. Deyirlər, Nazirlik düz işləmir, əlilliyi düzgün təyin etmir, qazilərin haqqını yeyir və sair.

Bəli, bu Nazirlikdən biz də dəfələrlə yazmışıq. Əlillik məsələsi, pensiya məsələsi və sair. Elə götürək, yoxsullara verilmiş xəstə heyvanlarla bağlı qalmaqalları. Hər dəfə bu cür məlumatlar yazılanda ya “nazir Sahil Babayevin trolları” deyə biləcəklərimiz tökülüşüb səhifədə - paylaşımımızın altındakı şərh yerində basabas salır, ya da nazir özü əli çatan-ünü yetən hər yerə bizdən şikayətlənirdi. Amma, dediyim kimi, bu Nazirliyin də öz həqiqətləri (həqiqət saydıqları) var.

Bu cür məsələlərdə məsələnin emosional tərəfi var, bir də rasional tərəfi var. Binanın çölündəki, əsasən. emosional... həqiqətdir. Ya da emosional tərzdə ifadə olunan rasional da ola bilər (ifrat ümumiləşdirmə aparmayaq). Nazirlik isə bugünkü mətbuat konfransında rasional saydığı həqiqətləri sadaladı. Hərçənd minlərlə insanın dövlətdən aldığı sosial ödənişləri ləğv etməyi, daha doğrusu, illərlə alınmış-xərclənmiş bu ödənişlərin geri qaytarılması tələbini necə rasional saymaq olar?! Onu bilmirəm. Bu da dövlət emosiyasıdır yəqin ki. Ancaq, ümid edirəm ki, bunun da bir məntiqli açıqlaması var.

Açıqlama demişkən, mətbuat konfransında Nazirliyin yüksək vəzifəli şəxslərindən biri – Anar Bayramov açıqlamaları daladal düzmüşdü. Onun sözündən belə çıxırdı ki, saxta əlillik dərəcələrin ləğv edilməsi həqiqi əlillərin sosial müdafiəsini gücləndirmək üçündür.

Baxın, necə də sarı simə toxunur; rasional yanaşma elə sərgiləyir ki, emosiyalarımızla səsləşsin. Buna nə deyə bilərsən?! Həqiqətən də saxta əlillik dərəcələri niyə verilib? Niyə verilməliydi və niyə verilməlidir ki, sonra da ləğv etmək lazım gəlsin?! Bir məmur səhv (cinayətə bərabər səhv) edir, yenisi özündən əvvəlkinin səhvlərini düzəltmək iddiası ilə gəlir. Və səhvi bəzən daha böyük səhvlərlə düzəltməyə çalışır. Başqa sözlə, “səhv” etmək zorunda buraxılıb. Bir yandan baxarsan, bu qədər əlilliyin ləğvi sanki səhvdir; sosial gərginlik, hökumətdən, hətta bütövlükdə dövlətdən narazılıq yaradır, o biri tərəfdən, saxta əlilliyə göz yummaq, bu sxemi davam etdirmək də başqa (ola bilsin) daha böyük səhvdir.

Necə deyərlər, İmam üçün ağlayanda bir-iki ağız ağını da Yezidin ünvanına göndərmək lazımdır: saxtakarlıq, sui-istifadə halları da çoxdur, az deyil. Hətta bildiyimiz qədər əlilliyi olan bəzi insanlar vəfat etdikdə yaxınları ölüm şhadətnaməsi alıb Nazirliyə verməyi qəsdən gecikdirir ki, artıq ölmüş adamın müavinətini alıb xərcləməkdə davam etsin və sair. Amma əlilliyin özünün təyin olunmasında da müəyyən yanlışlar var. Doğrudur, insan faktorunun təsirini azaltmağa çalışıb dövlət. Hər şey rəqəmsala keçir; məmurla vətəndaş arasında birbaşa – fiziki əlaqələr minimuma ebdirilib. Bununla belə risqlər yenə də maksimumda - olur ki, adamın bir qolu, bir qıçı yoxdur, ancaq Nazirliyə elektron qaydada göndərilmiş həkim-ekspert rəyində adamın bu durumda olduğu əksini tapmayıb. Adamın başqa xəstəliklərini yazıblar, əsas şeyi ya qəsdən yazmayıblar, ya da bilmyərəkdən unudublar. Yəni Nazirliyin rəsmilərindən qeyri-rəsmi olaraq eşitmişik ki, deyirlər: “Biz vətəndaşı görmürük, bizə həkim-ekspert rəyi gəlir, biz də o sənədə əsasən qərar veririk. Məntiq də var: insanın əlil olub-olmadığını həkim müəyyən edir, nazirlik aparatında oturan iqtisadçı, ya da hüquqşnüas yox. Deməli, məsələnin kökünü hazırda “başsız atlı”ya bənzədilən Səhiyyə Nazirliyindədir.

Və... Nəticədə vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin timsalında dövlərtdən narazı qalır. Hərçənd Nazirliyin açıqladığı həqiqət versiyasından görünür ki, dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin timsalında elə bu ilin 10 ayında 50 minə yaxın insana əlillik dərəcəsi verib. Bunun da əvvəlki - uyğun dövrdəkindən iki dəfə çox olduğunu deyiblər. Daha bir rəsmi həqiqət: bu ilin həmin dövründə Vətən Müharibəsinin 2200 qazisinə əlillik dərəcəsi verilib və artıq onlara pul ödənilir. 200 mindən çox adamın əlilliyinin ləğvi ilə bağlı deyilənlərin şişirtmə olduğu da Sahil Babayevin nazirliyinin açıqladığı həqiqətidir. Deyirlər, ümumiyyətlə, heç kimin əlilliyinə görə ödənişi dayandırılmayıb, Birinci Qarabağ Müharibəsindəki xeyli əlilin də dərəcəsi tanınıb, uzadılıb və sair.

Nazirlik rəsmisindən sitat: “Bəzən şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verir, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur. Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir”.

Bundan başqa daha bir rəsmi həqiqət odur ki, uzun illər əsassız olaraq əlilliyə görə müavinət almış şəxslər təkrar əlillik müddətini uzatmaq istəyir, bu alınmayanda narazılıq edirlər. Və bu narazılar arasında ən azı nəzəri cəhətdən haqlı narazılar da ola bilir. Yəni səhvlərdən heç kim sığortalanmayıb. Ümumilikdə Sahil Babayevə və onun Nazirliyinə münasibətimizdən asılı olmayaraq, saxta əlilliyə haqq qazandırmaq nə qanuna uyğundur, nə insafa. Çünki bu sosial təyinata ayrılan büdcə vəsaitinin bir bəlli həddi, konkret məbləği var.Saxta yolla əlillik almış hər bir şəxs gerçəkdən gedib döyüşüb əlil olmuş başqa bir şəxsin haqqını yemiş olur. Buna, təbii ki, yol vermək olmaz. Ancaq bütövlükdə narazılıqlar, şikayətlər də çox diqqətlə araşdırılmalıdır. Çünki bu insanlar həssas təbəqədir; hər fakt üzrə ətraflı və obyektiv araşdırma olmalıdır ki, insanların hüquqları da qorunsun, dövlətin maraqları da. Bu, çox incə bir xəttdir; onun üzərində hərəkət edərkən çox diqqətli olmaq lazımdır.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »