Son vaxtlar bəzi sürücülər nəqliyyat vasitələrində istehsalçı avtomobil zavodları tərəfindən istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan əlavə avadanlıqlar qururlar. Bu avadanlıqlar led işıqlar və ksenon lampalardır. Buna daha çox gənc sürücülər yol verir.
Qanuna görə, xarici işıqlar nəzərdə tutulan qaydalara uyğun olmalıdır. Led işıqlar, xüsusən gecə saatlarında digər sürücülərin narahatlığına səbəb olur. Qarşıdan gələn avtomobilərin işıqları, digər sürücünün gözünə düşür və günün qaranlıq saatında yolu görməsinə mane olur. Bəzi avtomobillər var ki, led işıqları zavod istehsalı zamanı onların üzərində olur. Bəzi avtomobillərə isə sonradan quraşdırılır. Maraqlısı budur ki, zavod istehsalı olan avtomobillər, qaydalara uyğun hesab edilir, sonradan qoyulan işıqlar isə uyğunsuz.
Araşdırmalara görə, led işıq diodlu lampalar, işığı düzgün vurmur. Bu da gecə saatlarında yollarda problemlərə və hətta qəzalara səbəb ola bilir.
Avtomobil ustası İlqar Əliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, led işıqlar zavod istehsalı zamanı nəzərdə tutulmayıbsa, bu artı qanun pozuntusu sayılır. Çünki sürücülərin özləri və ya bu sahəni yaxşı bilməyən ustalar öz bildikləri kimi led işıqlar quraşdırırlar. Bu da yollarda təhlükə deməkdir.
"Bunlar "Yol hərəkəti haqqında qanunda" da nəzərdə tutulub. Sürücüyə xarici işıq cihazlarının miqdarı, tipi, rәngi, yerlәşmәsi vә iş rejimi, nәqliyyat vasitәsi konstruksiyasının tәlәblәrinә uyğun olmadıqda cərimə yazılır. Qeyd edək ki, istehsaldan çıxarılmış nәqliyyat vasitәlәrindә, başqa marka vә modeldәn olan nәqliyyat vasitәlәrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Bununla yanaşı, faraların nizamlanması dövlәt standartlarının tәlәblәrinә uyğun olmadıqda, xarici işıq cihazları vә işıqqaytarıcılar müәyyәnlәşdirilmiş rejimdә işlәmәdikdә vә ya çirklәnmiş olduqda, işıq cihazlarında işıqyayıcılar olmadıqda vә ya hәmin işıq cihazının tipinә uyğun olmayan yayıcılardan istifadә edildikdә, sayrışan işıqlar standartın tәlәblәrinә uyğun qurulmadıqda sürücü haqqında inzibati qərar qəbul edilir. Ümumiyyətlə, sürücü, avtomobili saz vəziyyətdə yola çıxmalıdır".
Həmsöhbətimiz bildirir ki, halogen faranı diod faraya dəyişmək, avtomobilin elektronikasında problem yarada bilər. Çünki hər lampa ayrı müqavimətə malikdir. Yəni lampa dəyişərkən sistem dəyişmədiyi üçün, bu dəyişiklik sonradan problemlə nəticələnə bilər.Lampalar dəyişdirilən zaman, idarəetmə bokunu dəyişdirmək barədə də düşünün. Onun sözlərinə görə, işini bilən ustalar, qanundan xəbərdar olduqları üçün sürücülərə problem yaratmayacaq şəkildə işləyirlər.
"Məsələn, qanunla qadağan edilən işıq və səs siqnalları və yaxud digər cihazların quraşdırılması tələb edilsə də, biz vəziyyəti izah edib sonra işimizi görürük",- deyə usta əlavə edib.
İnzibati Xətalar Məcəlləsinin 342.2 maddəsinə görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına görə sürücülər 150 manat cərimə edilir. Bu cərimə, həmçinin avtomobillərdə qanuna uyğun olmayan şəkildə istifadə olunan pərdə və jalüzlərə də aiddir.
İlahin, Bizimyol.info