Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxanalarda çağırışçıları kim və niyə süründürməçiliyə salır?
Xəstəxanalarda çağırışçıları kim və niyə süründürməçiliyə salır?

Çağırışçıların sağlamlığının müayinə olunduğu iki tibb institutunnda – Travmatologiya və Ortopediya İnstitutunda, bir də Zərifə Əliyeva  adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldum.

Qarşılaşdığım bir problem var: uzaq rayonlardan, şəhərlərdən gələn çağırışçıların süründürməçiliyindən şikayətlər var. Onlara: “Get, sabah gəl” deyilir bir çox hallarda. Əziyyət çəkib, uzaq yoldan Bakıya üz tutan, yolboyu cibindəki pulları taksilərə, avtobuslara xərcləyən, burada qalmağa yeri olmayan bu şəxsləri gəldikləri bu uzun yolu bir də geri qayıtmağa nə üçün məcbur edirlər? Bunu etmələrinə səbəb nədir?

...Travmatologiya və Ortopediya İnstitutunun girişində Azərbaycanın və Türkiyənin bayraqları məğrurca dalğalanır. Yan tərəflərdə müzəffər Azərbaycan əsgərinin və dəmir yumruğun iri şəkilləri asılıb. Bayraqların və şəkillərin yanından keçib, Rentgen şöbəsinə yaxınlaşdım. Ətrafda demək olar ki, bir neçə xəstədən və mühafizəçidən başqa heç kəs yox idi. Bir az gözlədikdən sonra içəridən çıxan işçilərdən biri ilə söhbətləşdim. Çağırışçıların üzləşdiyi problemlə bağlı özündən soruşduqda, adının çəkilməsini istəməyən tibb işçisi bildirdi ki, günah tibb müəsisəsində yox, çağırışçıları bura yönləndirənlərdədir: “Çağırışçılar bura, əsasən, onurğa, ayaq rentgenindən keçmək üçün gəlirlər. Bizim işimiz onurğanın rentgenə salınması ilə bağlıdır. İşimiz saat 09:00-da başlayır, ta saat 15:00-a kimi. Bir də görürsən, bir neçə çağırışçı birdən gəlib. Onurğa üçün rentgen aparatı cəmi bir ədəddir. O da neçə ilin aparatıdır. Bu yaxınlarda xarab oldu, düz bir ay işləmədi. Bax, o oğlanı (içəridə işləyən başqa işçini göstərir- M.Ş.) görürsən? Bax, o, öz cibindən 3 min manat pul qoydu,  aparatı öz hesabına təmir etdirdi. İndi gözləyirik ki, heç olmasa, bizim bu şöbəni də versinlər TƏBİB-in balansına. O da ki, çətin. TƏBİB-dən keçən il gəldilər, baxdılar, sonra dedilər: “Buranın xərci çoxdur”. Qəbul eləmədilər buranı. O biri şöbələri götürüblər, bir bura qalıb”.

Həmsöhbətimiz daha sonra içəridən çıxan oğlanı göstərib deyir: “ Bu oğlanı Respublikada tanımayan komissarlıq yoxdur. Kimdən soruşsan, tanıyır, artıq məşhur olub (gülür)”. Dostu da onun dediklərini başı ilə təsdiqləyir: “Nə yalan deyim, elədir. Komissarlıqlara gələn çağırışçıları göndərirlər bura yoxlanmağa. Deməli, biri gəlib, sağ əlindən dörd barmağı yoxdur. Soruşdum: “Səni bura nəyə göndəriblər?” Dedi: “İldə bir dəfə çağırırlar, ünvan verirlər: “Get, bu yerlərdə yoxlan, sağlamlığınla bağlı sənəd gətir” deyirlər. Oğlanın da olardı 19-20 yaşı. İndi bax, günah kimdədir? Bizdə, yoxsa elə vətəndaşları necə gəldi, götürüb bizə göndərənlərdə? Hələ bir neçə gün öncə birini maşınla gətirdilər, adamın bədəninin bəlkə də 50 faizi iflic idi, mühafizəçilər sağ olsunlar, kömək etdilər, valideynləri maşından düşürdü. Soruşdum, atası dedi ki, yoxlanmağa göndəriblər, sənəd verməlidir. Bu insanların bədənləri ev, maşın, hansısa qurğu deyil ki, təmir edəsən, deyəsən: “Hə, düzəldi, artıq yararlısan, dur, get”. Bu, insandır. Onun hərbi xidmətə yararasız olduğunu anlamaq üçün nə hərbi komissarlıqda işləməyə ehtiyac var, nə də həkim diplomuna” – deyə, İnstitutun Rentgen şöbəsinin işçisi bildirib.

Gələn çağırışçıları niyə geri göndərdiklərini  soruşdum, həmsöhbətim bildirdi ki, burada onların  məsuliyyəti yoxdur: “Cavan oğlanın çağırış vaxtı gəlir, zəng edib çağırırlar ki, gəlib komissiyadan keçsin. O da gəlir. Saata, vaxta da diqqət etmirlər, ünvanı verirlər ki, gəlsin, yoxlansın, sənədi aparıb təqdim etsin. Həmin çağırışçının yanında  nümayəndə gəlməlidir, ona nəzarət etməlidir. İndi bir azdan saat 15:00 olacaq, bizim iş vaxtımız bitəcək. Bizdən sonra da növbə yoxdur. Bura bağlanandan sonra yoxlanış üçün gələn çağırışçı günahı kimdə görməlidir? Bizdə, yoxsa Onu bura göndərənlərdə?”

Çağırışçıların müayinə olunduğu aparatla maraqlandım. Rengten aparatının şəklini çəkmək istəsəm də, işçilər buna razı olmadılar; onlara problem yaratmağımı istəmədiklərini bildirdilər: “Yox, qardaş. İcazə yoxdur. Gərək, baş həkimdən icazə alasan. İşimizə problem yaranmasını istəmirik”.

Oradan çıxıb Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna getdim. Burada da ümumi mənzərə əvvəlkindən fərqli deyildi. Öyrəndim ki, çağırışçıların müraciət etdiyi şöbədə iş saatı 07:30-da başlayır, 10:00-da bitir. Yəni bu vaxta qədər özünü çatdırmağı bacardınsa, bacardın, şatmadınsa,  get, sabah bir də gəl. Sabah yenə gəldin, ancaq sıra götürüb, yenə gecikdinsə, qal, sırağagün yenə gəl. Görünən odur, “sonsuz dövri onluq kəsr sistemi” kimi davam edən bu proses çağırışçının çevikliyindən daha çox, onun bəxti, qisməti, taleyi ilə bağlı məsələyə çevrilib. İşçilərdən biri bildirdi ki,  axşam saat 10:00-da iş vaxtı bitsə də, saat 11-12-də burda çağırışçı əlindən yer olmur.

Bura yoxlanış üçün bütün ölkə üzrə çağırışçılar gəlir. İş vaxtı bitsə də, hələ də gələnlər olur. Buna görə də müayinəyi başqa günə saxlayıb, onları geri qaytarmalı olurlar.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »