İstanbul İqtisadi Araşdırma tərəfindən aparılan araşdırmaya görə, 18-30 yaşlı gənclərin 61 faizi daha yaxşı yaşamaq üçün başqa ölkələrə köçməyə üstünlük verir. İqtisadi şərtlər səbəbilə yaşam keyfiyyətinin aşağı düşməsi gəncləri bezdirir. Xüusilə, internet və sosial şəbəkələr vasitəsilə dünyanın hər yerindən xəbərdar olan gənclər, daha yaxşı yaşamağın mümkün olduğunu başa düşərək, ölkədə olan həyat standartlarını yetərli hesab etmir.
İstanbul İqtisadi Araşırdırmanın 3 min gənc üzərində apardığı araşdırmada gənclərin cəmi 13 faizi gəliri ilə yaxşı yaşadığını bildirib. Əksər gənclər isə, gələcəkdə vəziyyətin daha da pisləşəcəyini düşünürlər. Araşdırmada gənclərin 29 faizi " hazırkı gəlirimlə yaşamağa çətinlik çəkirəm", 27 faizi "gəlirimlə güclə dolanıram", 31 faizi "gəlirimlə dolana bilirəm", deyə bildirib.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Bizimyol.info saytına açıqlamasında bildirib ki, insanlar daha çox iqtisadi səbəblərdən miqrasiya edir.

"Son 30 ilə nəzər saldıqda, ilk 5 illikdə, yəni 90-cı illərə qədər olan statistikada miqrasiya saldosunun mənfi olduğunu görmüş olarıq. Miqrasiya saldosu, ölkə ərazisini tərk edənlərin ölkə ərazisinə gələnlərdən çox olması deməkdir. 90-cı illərdən başlayaraq 2008-ci ilə qədər Azərbaycanın miqrasiya saldosu mənfi idi. Ölkə ərazisini tərk edənlərin sayı bu dövrdə ölkəyə gəlib məskunlaşanların sayından az idi. 90-cı illərdə bu Dağlıq Qarabağ münaqişəsi, SSRİ-nin dağılması, müxtəlif millətlərdən olan insanların öz ölkələrinə üz tutması ilə bağlı idisə, 90-cı illərin axırlarından 2000-ci ilin əvvələrinə kimi bu daha çox iqtisadi xarakter daşıyırdı. Burada əmək miqrasiyası daha çox üstünlük təşkil edirdi. Yəni, insanlar əmək məqsədilə müxtəlif ölkələrə üz tutaraq əmək fəaliyyəti ilə məşğul olurdular" - deyən ekspert bildirir ki, 2008-ci ildən sonra da vətəndaşlar daha çox iqtisadi səbəblərlə gedirdilər. 2008-ci ildən sonra isə, miqrasiya saldosu yüksəkdir. Yəni, ölkəyə gələnlərin sayı ölkədən gedənlərin sayından çoxdur.
"Biz ölkəyə gələnlər və gedənlər dedikdə, ölkəyə daimi əsaslarla yaşamağa gələn və ölkəni daimi əsaslarla tərk edən şəxsləri nəzərdə tuturuq. Müvəqqəti olaraq, xarici ölkələrə gedib əmək fəaliyyəti ilə məşğul olanları nəzərdə tutmuruq" - deyən A.Allehverənov bildirib ki, azərbaycanlılar daha çox Rusiya, Ukrayna, Gürcüstan və Türkiyəyə üz tuturlar. 4 ölkə ilə sıx miqrasiya prosesləri olduğunu qeyd edən Allahverənov bildirir ki, bu ölkələr arasında Rusiya ilə olan miqrasiya mübadiləsi bir çox göstəricilərinə görə, daha aktivdir. İl ərzində çox insan Rusiyaya üz tutaraq əmək fəaliyyəti ilə məşğul olurlar. Daha çox soydaşımızın Rusiyada yaşadığını qeyd edən ekspert bildirib ki, onların əkəriyyəti artıq Rusiya vətəndaşıdır.
"Əgər bu gün Rusiyada 500-600 min civarında azərbaycanlı yaşayrsa və bu gün Rusiya vətəndaşı olan 2 milyon yarıma yaxın azərbaycanlı varsa, Rusiyada 3 milyona yaxın azərbaycanlının yaşadığını görmüş olarıq. Bu insanlar, iki dövlət arasında miqrasiya prosesinin hərəkətliliyinə gətirib çıxarır. Lakin pandemiya səbəbilə ilə Rusiya və bir çox ölkələrlə səhədlər bağlıdır və bu da istər-istəməz miqrasiya prosesinin geniş inkişafına mane olan bir prosesdir".
Bu gün Rusiyadan Azərbaycana gəlmək istəyən minlərlə insanın olduğunu qeyd edən ekspert, Azərbaycanda da minlərlə insanın Rusiyaya getmək istədiyini qeyd edir. Ekspertin fikrincə, bu proses quru yolla həyata keçirildiyi üçün hələ ki, proses dayanıb. Hava yolu ilə getmək mümkün olsa da, maddi imkanlarının olmaması səbəbilə bu baş tutmur.
"Rusiyaya gedənlər əmək fəaliyyəti lə məşğul olmaq üçün gedir. Ümumiyyətlə, əmək fəaliyyəti ilə məşğul olmaq istəyi insanların bu və ya digər ölkələrə üz tutmasına səbəb olur. Eyni ilə Gürcüstan, Türkiyə və s. ölkələrə gedən insanlar əmək fəaliyyəti ilə məşğul olmaq, daha yaxşı həyat axtarmaq üçün gedir. Xarici ölkələrə üz tutan şəxslər, iş tapdıqdan sonra qalmağı düşünürlər. Bundan sonra onlar həmin ölkələrdə müvəqqəti və ya daimi yaşamağa qərar verirlər. Miqrasiyaya səbəblər birmənalı şəkildə iqtisadi səbəblərdir".
Hər bir insan daha yaxşı həyat axtarışında olur. Hər bir insanın maraqları var. İnsanlar çox zaman maraqlarının xarici ölkələrdə reallaşacağını təxmin etdiyi üçün miqrasiya edir. Daha çox divident, daha çox gəlir və daha çox kapital əldə etmək məqsədilə xaricə üz tuturlar. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər kəs başqa ölkədə həyatın daha maraqlı və yaxşı olacağını düşünür.
İlahin, Bizimyol.info