Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan həyatının manata bağlı olduğu səhiyyə sistemi...
İnsan həyatının manata bağlı olduğu səhiyyə sistemi...

Ölkənin təməlinin möhkəmliyi, eyni zamanda səhiyyə sisteminin gücü ilə müəyyən edilir. Çünki vətəndaşın sağlamlığı, məhz bu sistem tərəfindən idarə edilir. Səhiyyə sistemi çökmüş, işləməyən ölkələrin vətəndaşları ya məhv olur, ya da dərdinin əlacını başqa ölkələrdə axtarmağa başlayır. Azərbaycanın səhiyyə "sistemi"... Nə sən soruş, nə mən deyim...

Bəlkə də, dünyada analoqu olmayan bu sistem ölkəmizdə çoxdan çökmüş olsa da, bunu etiraf edib deyə bilən və ya yeni sistem qurulmasını tələb edən kimsə olmayıb. Əslində Azərbaycanda heç bir zaman güclü səhiyyə olmayıb. Gözümüzü açandan xəstələrin Türkiyə, İran, İsrail kimi ölkələrə sağlamlıq üçün qaçdığına şahid olmuşuq. Hətta Səhiyyə sistemində çalışanların özləri belə, zaman-zaman sağlamlıqlarını bərpa edə bilmək üçün yad ölkələrə üz tutub.

Niyə Azərbaycanda köklü səhiyyə sistemi olmayıb?

Bu sual, əslində hamı üçün maraqlıdır. Səhiyyənin kökünün quruması Əli İnsanovla başlayıb. İxtisasca pulmonoloq, həkim ftiziatr olan Ə.İnsanov, 1993-cü ildə Səhiyyə Naziri təyin edilib. 2005-ci ilə qədər bu vəzifəni tutan İnsanov, vəzifəsindən uzaqlaşdırılandan sonra yerinə Oqtay Şirəliyev təyin edilib. Təbii ki, Oqtay Şirəliyev də sələfinin yolunu davam etdirib. Jurnalistlər, 16 il nazir vəzifəsində "çalışan" Şirəliyevi çıraqla gəzirdi. Vəzifəsinin son günlərində fotoları sosial şəbəkələrdə paylaşılanda sevinmişdik ki, "bizim də səhiyyə nazirimiz varmış".

Nə qədər acınacaqlı olsa da, bu ölkədəki səhiyyə nazirlərinin fəaliyyəti heç bir zaman ürək açan olmayıb. Səhiyyə sistemində rüşvət, savadsızlıq, ölüm halları, insana pul kimi dəyərin verilməsi və s. hər zaman müşahidə edilib. Xəstələrin həkim biganəliyindən ölməsi, sol ayaq əvəzinə sağ ayağın kəsilməsi, arı sancan gəncin həkim laqeydliyi nəticəsində ölməsi, doğuş zamanı ana və uşaq ölümləri, həkimlər tərəfindən yararsız dərmanların təyin edilməsi, həkimlərin dərman firmalarıyla işbirliyi və s. və ilaxır. Bu hallara illərlə şahid olmuşuq.

2006-2007-ci illərdə OMD adlanan uşaq xəstəxanasında övladımın müalicəsi üçün qaldığım zaman insan həyatının manata bağlı olduğunu öyrəndim. Kənardan fərqli görünə bilər, kənardan hamı danışa bilər. Amma həkimlərin laqeydliyini, övladımın qolundan tutub əşya kimi tərəziyə atandan sonra ədyala büküb "apar, bacarırsan yaşat" deyə qoluma verdikləri zaman anladım. Beləcə, həkimlər haqqında deyilənlərə inandım... Başa düşdüm ki, neçə nazir dəyişsə də, səhiyyə sistemi kökündən dəyişməsə, vəziyyət "köhnə hamam, köhnə tas" olaraq qalacaq.

Qlobal böhran başlayandan Səhiyyə Nazirliyi, bir daha işəyaramaz olduğunu sübut etdi. Təcili Yardım Xidmətinin yaxşı işləməməsi, vaxtında çağırışlara çatmaması, koronavirus xəstələrinin xəstəxanalara yerləşdirilərkən onların ailələrindən pul alınması və s. bizə təkrar xatırlatdı ki, "Azərbaycanda səhiyyə ölüb, gününə ağlayan yoxdur".

Əvvəllər Səhiyyə Nazirliyində heç olmasa, suallarımıza cavab verən vardı. Sonradan mətbuat xidmətinə yeni işçilər alındı, onlarla danışmaq isə "müsibəti-Fəxrəddin"i xatırladırdı. Beləcə əvvəlcə sistemi zəlil etdilər, sonra da jurnalistlərlə əlaqəsi olan işçiləri də işdən uzaqlaşdıraraq nazirliyi cəmiyyətə qapalı və fəaliyyətsiz quruma çevirdilər.

Bu gün səhiyyə naziri vəzifəsini nazirin birinci müavini Teymur Musayev icra edir. Amma həqiqətən çox maraqlıdır, görəsən, səhiyyə nazirinin vəzifəsi nədən ibarətdir?

Hər bir ölkənin təməli, onun sağlam səhiyyəsidir. Səhiyyəsi sağlam, güclü olmayan ölkələrin vətəndaşları elə bizim kimi olar. Elə mənim kimi...

İlahin, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
Son xəbərlər
Bütün xəbərlər »