Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”

"Şəhid olmasa, Vətən olmaz!"

İkinci Qarabağ müharibəsi zamanı 30 illik həsrətə son qoyulmasını, torpaqlarımızın hər qarışına kimi azad olunmasını, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş insanların qisasının alınmasını arzulayan, döyüş zamanı birlik göstərərək tarixin ən şərəfli səhifələrini yazan cəmiyyətdə indi belə bir fikir formalaşıb ki, müharibə olmasın.

Düşmənin öz mənfur əməllərinə son qoymadığı bir vaxtda bu düşüncə nə dərəcədə doğrudur? Düşmən barış əvəzinə müharibə təklif edirsə, bu zaman Azərbaycan nə etməlidir?

AY Partiya başqan müavini Rəşad Bakuvi Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bunu təklif edənlər Azərbaycan xalqının böyük əksəriyyətinin tarix boyu döyüşkən ruhu özüylə daşıyan türk qövmündən gəldiyini unudur.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

“Mən bu sualın qoyuluşu ilə razı deyiləm o mənada ki, bu zaman iki qrup yaranır, sanki bir tərəf daim sülh göyərçini roluna üstlənir, müharibələri zərərli hesab edir, müharibə olmasın deyir, amma digər tərəf elə bil qana susayıbmış kimi, qanlı savaşlar arzulayır, problemlərin həllini məhz döyüşməkdə görən tərəf kimi təqdim olunur. Halbuki müharibələr heç də bu iki qrupun sözügedən mövzu ətrafında bitib-tükənməyən dartışması nəticəsində baş vermir. Heç bir tərəf müharibə arzulamır, çünki nəticələri ağır olur, ömürlər qısalır, ailələrdə faciələr yaşanır, heç bir halda şüurlu şəkildə kimsə qan-qada istəməz. Müharibə o zaman baş verir ki, artıq dövlətlər ya xalqlar arasında sülh danışıqları heç bir nəticə vermir, çarə mübahisələri güc yolu ilə həll etməyə qalır.

Azərbaycanla Ermənistan arasında baş verənlər də hansısa qrupların məqsədli formada ortaya atdığı bir müharibə deyil, bu, sırf özünün dərin tarixi, siyasi səbəbləri olan, qarşı tərəfin yersiz torpaq iddiaları fonunda partlayan bir olaydır. Ərazi bütövlüyü hələ tam mənası ilə həll olunmamış, qonşusu tərəfindən torpaqlarına göz dikilən, daim təhdid olunan bir ölkənin vətəndaşları arasında müharibənin olmamasını istəyənləri anlamaqda çətinlik çəkirəm. Azərbaycanda o ailə yoxdur ki, onların doğmaları, yaxınları son 30 ildə Vətən savaşı Şəhidi, yaxud Qazisi olmasın. Hər birimiz bu itkiləri, bu acını yaşamışıq, yaşamaqdayıq. Ancaq Azərbaycan hər hansısa bir icma, qəbilə deyil, Dövlətdir. Dövlət, ona xaricdən təhdid yaranarsa, hər an döyüşə hazır olmalıdır. Müharibə istəməyənlər, adətən ailələrə şəhid tabutlarının gəlməməsi, qan-qadanın olmaması, ömürlərin yarım kəsilməməsi, valideynlərin gözüyaşlı qalmamasından dolayı belə danışırlar. Ancaq gəlin, birdəfəlik anlayaq ki, Dövlət varsa, onu qorumaq da var. Bir millətin böyüklüyü onun uğrunda ölməyə, qan tökməyə, canından keçməyə hazır olan vətəndaşlarının olmasıdır. Həyat fani, ölüm cani deyib atalarımız, əlbəttə, hər kəsin də bir ömür payı var, kimisi qocalaraq, kimisi yataqda, kimisi yolda yeridiyi yerdə, kimisi də daha şərəfli, dövlətinin, xalqının təhlükəsizliyi, ölkəsinin bir qarış torpağı düşmən tapdağında qalmasın deyə, savaşda ölür. Tarix boyu yaşadığımız coğrafiyada müharibələr, savaşlar bitməyib, Azərbaycan da ordusu olan yox, özü bir ordu dövlətidir və biz azərbaycanlılar üçün müharibədə ölmək şərəf işidir.

Kimsə müharibə arzulamır, hamımız sülh tərəfdarıyıq, ancaq bir halda ki, dörd yanımızı saran düşmənlər barış əvəzinə müharibə təklif edirlərsə, o zaman Azərbaycanın qeyrətli igid oğulları əllərinə gül-çiçək alıb əli silahlı düşmənin qarşısına çıxa bilməzlər, bunu təklif edənlər Azərbaycan xalqının böyük əksəriyyətinin, tarix boyu döyüşkən ruhu özüylə daşıyan türk qövmündən gəldiyini unudur. Türk qövmü üçün savaş varsa, toy-düyün var deməkdir”.

Rəşad Bakuvinin sözlərinə görə, bu gün Ağdərə, Xocalı, Xankəndi, Əsgəran, Xocavənd şəhəri və müəyyən kəndləri, Şuşa rayonunun 35 kəndi, Laçın dəhlizi hələ də Azərbaycan ordusunun nəzarətində deyilsə, hələ də bu torpaqlarda Azərbaycan bayrağı dalğalanmırsa, hələ də bu torpaqlar düşmən tapdağındadırsa, Ermənistanın milli valyutası orada işləkdirsə, hələ də Azərbaycan yuridiksiyası o ərazilərdə hakim deyilsə, demək Azərbaycan insanının müharibə ovqatı, savaş ruhu bir an olsun belə dinə bilməz, bir an olsun belə ayıq-sayıqlığı itirməməliyik.

“Müharibə istəməyən qrupun isə fəaliyyəti bir az şübhəlidir, çünki bəllidir ki, Azərbaycan xalqının, əsgər və zabitlərinin döyüş ruhu, əzmkarlığı, iradəsi ötən il baş tutan 44 günlük Vətən savaşından sonra hər kəsi qorxudub, narahat etməyə başlayıb. İndi bu döyüşkən ruhu öldürmək, xalqımızın cəsur iradəsini sındırmaq üçün, əsasən, xaricdən körüklənən bir proses qənaəti formalaşdırır "nowar"çuluq. Aydındır ki, Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etməsini istəməyən, başının daim torpaq münaqişələrinə qarışmasını, belədə ərazi və humanitar problemlərdən, sıxıntılardan qurtulub dövlət olaraq öz inkişaf yolunu tutmasını istəməyən xeyli üzdəniraq dövlətlər var. Məhz onların Azərbaycanın daxilində yaratdıqları hibrid təzyiq qrupları vasitəsilə ölkə insanının altşüuruna təsir etmək cəhdi, cəmiyyəti öz hədəfindən, məqsədindən yayındırmağa yönəlik fəaliyyətinə qarşı ciddi bir təpki dalğası yaradılmalıdır. İnsan ömrü, təbii ki, heç nə ilə müqayisə oluna bilməz, ancaq dünya, həyat elə qurulub ki, yaşadığın, nəfəs aldığın evi, ailəni, dövləti qorumaq məcburiyyətində qalırsan və bu zaman qan qaçılmaz olur. Torpaqlarımız uğrunda Şəhidlik zirvəsinə yüksələn o nəhəng insanlar yeni gələn nəsil, uşaqlarımız üçün bir Vətən sevgisi örnəyidir həm də. Onlar bu qəhrəmanların döyüş, igidlik yolu haqqında oxuduqca, onların niyə öz canından bu rahatlıqla keçdiyi barədə öyrəndikcə daha çox Azərbaycana bağlanacaq, onu göz bəbəyi kimi qorumağın həyatda hər şeydən daha vacib olduğu gerçəyini anlayacaqlar. Ən son olduğum bir Şəhid ailəsində, qəhrəmanımızın atasının başını dikəldərək məğrurca dediyi bir cümlə heç vaxt yadımdan çıxmaz. Qəlbində övlad sızıntısı yaşadan ata dedi ki, "Şəhid olmasa, Vətən də olmaz!" Bax, bu milli ruhu yaşatmaq üçün azərbaycanlı olmağa, türk oğlu türk olmağa dəyər!

Təbii ki, dövlət işini elə qurmalıdır ki, Vətən uğrunda canından keçmiş vətəndaşların, Qazilərin həyat şəraiti, sosial problemləri, mənzil sıxıntıları birdəfəlik aradan qaldırılsın ki, cəmiyyətdə neqativ fikirlər əmələ gəlməsin. Hökumət bu istiqamətdə işlər görür və bunu danmaq olmaz, sadəcə, bunu daha geniş, kompleks formada həyata keçirməyin doğru çözüm yolları tapılmalıdır.”

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »