Son zamanlar toy karvanlarında avtoxuliqanlıq edən şəxslərin saxlanması halları ilə qarşılaşırıq. Bir müddət əvvəl Binədə toy karvanında avtoxuliqanlıq edən 16 nəfər saxlanmışdı. Bu günlərdə isə Goranboy rayonunda toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin son olaraq toy karvanında diqqət mərkəzinə düşmək istəyən sürücünün qarşıdan gələn yük maşınının altında qalmasını əks etdirən videogörüntülər yayılıb.
Avtoxuliqanlığın hüquqi cəzası nədir?
Hüquqşünas Elçin Ağayev qeyd edir ki, avtoxuliqanlıq əməlləri İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə tənzimlənir. Avtomobil sürücüsü, ictimai qaydanı və əhalinin dincliyini açıq şəkildə - nümayiş etdirərək pozursa, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozursa və digər qərəzli hərəkətlər edirsə, bu zaman nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.
Bəzən isə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Toy karvanlarında avtoxuliqanlıq hallarına gəldikdə isə, 511-ci maddənin 3 müddəası ilə bu hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Və yaxud nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Hüquqşünas bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə görə, təkcə avtoxuliqanlığa görə avtomobil dayanacağa aparıla bilməz.
"Avtomobil, nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda və ya digər hallarda saxlanıla bilər. Ancaq sənədləriniz qaydasındadırsa, avtomobilinizdə quraşdırılmış əlavə cihaz və s. yoxdursa, sadəcə olaraq sizə 511-ci maddə ilə protokol tərtib edilməsini tələb etməlisiniz. Çünki sizin avtoxuliqanlıq etdyiniz barədə şəkil, video və s. sübut olmasa, mühakimə edilməyiniz sual altındadır. Özünüzü haqqlı hesab etdiyiniz təqdirdə məsələni araşdırın".
Bu sahədə vəziyyət artıq kritik həddə çatıb. Xüsusən gənc sürücülər Rusiya istehsalı olan və təhlükəsizlik funksiyaları praktik olaraq sıfır səviyyəsində olan avtomobillərlə "şou" göstərməsi artıq potensial deyil, real təhlükəyə çevrilib. Görünür, bununla bağlı olaraq ayrıca tədbirə ehtiyac var. Ya belə karvanlar qadağan edilməlidir, ya da toy sahibləri üçün də belə hallara görə müəyyən inzibati məsuliyyət müəyyən edilməlidir. Təkliflər və variantlar çox ola bilər, amma bu, fakt olaraq qalır: Bu sahədə ciddi tədbirlər görülməlidir.
İlahin, Bizimyol.info