4 yaşlı Mirismayılın gözündə problem bir il olar yaranıb. Əvvəlcə göz qapağı aşağı əyilib, sonradan problem dərinləşib. Həkimlərin təyin etdiyi dərmanlar işə yaramayıb. Uşağın gözü əməliyyat edilib.
Atası Mirvaleh Ağalarov, Bizimyol.info saytına açıqlamasında bildirib ki, Mirismayılın gözü düzgün əməliyyat edilmədiyi üçün yenidən problem yaranıb: "Əməliyyat zamanı gözünə çirkin və qanın axmasını önləmək üçün port qoyulmalı idi. Qoyulmadığı üçün göz sıradan çıxdı. Azərbaycanda dedilər ki, göz götürülməlidir. Bir ayın içində göz şişdi. Azərbaycanda 20-yə yaxın xəstəxanaya apardım, dedilər gözü götürməliyik. Uşağa Onkologiyada radio-sarkoma diaqnozu qoyulmuşdu. Sonra Dünyagöz xəstəxanasında bir Türk həkim gəldi. Müayinə etdikdən sonra dedi ki, gözdə bir damar var və o, yandırılmalıdır. Mənə bildirildi ki, Türkiyədə gözü əməliyyat etdirib sağaltmaq mümkündür".
Bundan sonra Mirvaleh Ağalarov, övladını da götürüb Ankara şəhərində yerləşən Hacəttəpə Universitetinin xəstəxanasına gəlir. Balaca Mirismayıl, burada yenidən əməliyyat edilir. Azərbaycanda verilən diaqnozun təsdiqini tapması üçün yenidən 4 xəstəxanada müayinə edilir və yenə də eyni diaqnoz qoyulur.
"Deyirlər Hindistan və Almaniyada "ağıllı dərman" adlı dərmanlar var. Ondan vurulmalıdır. Dərmanın 1 ədədi, min dollardır. Uşağa 3 dərman vurdurduq. Hazırda Mirismayıl, şüa mülaicəsi alır. Ancaq yenidən əməliyyat olunmalıdır. Çünki gözündə 2 mm şiş qalıb. Şişi tam götürmək mümkün olmayıb. Gözün arxasında bir damara həmin şiş sarıldığı üçün götürmək çətindir. İndi uşağın göz qapağı da təmiz aşağı düşüb. Göz qapağını da estetik əməliyyatla qaldıracaqlar. Əvvəlcə mənə demişdilər ki, 4 aya müalicə bitəcək. 4 ay qaldım. İndi deyilir ki, müalicə davam etməsə uşağın həyatı təhlükə altına düşə bilər. Buna görə də qalmışam burda" - deyə Mirvaleh Ağayev danışır. Onun sözlərinə görə, həkim bidirib ki, Mirismayılın xəstəliyi nadir xəstəlikdir. Amma buna baxmayaraq, müalicə öz təsirini göstərib. Belə ki, gözdə olan şiş 50 mm-dən 2 mm-ə düşüb və göz formasına qayıdıb.
"Bundan sonra göz əməliyyat edilməli və müalicələr davam etdirilməlidir. Bunun üçün ailəyə 10 min dollar vəsait lazımdır. Bu günə qədər 18 min dollar xərcləmişik" - deyə Mirvaleh Ağayev bildirib.
Atanın tək arzusu, övladını sağlam görməkdir. Buna görə də o bir ilə yaxındır ki, amansız xəstəliklə mübarizədə oğlunun yanındadır.

Bu günə kimi Mirismayıl xeyirxah insanların yardımları ilə müalicə alıb. Onun mülaicəsinin davamı da sizlərin yardımına bağlıdır. M.Ağalarov deyir ki, müalicənin davam etməsi üçün onun imkanları yoxdur və sizlərdən yardım gözləyir.
M.Ağalarov: +994 55 757 52 42 (Hazırda Türkiyədə olduğu üçün sadəcə Whatsapp üzərindən əlaqə qura bilir)
İlahin, Bizimyol.info