Xalq Cəbhəsinin hakimiyyəti dövründə - 1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş, bu vəzifədə işlədiyi dövrdə Qarabağ döyüşlərində iştirak edib, uğurlu Başkənd əməliyyatına rəhbərlik etmiş Saleh Rüstəmli 11 gündür ki, həbsdə aclıq edir. 3 il yarımdır ki, qanunsuz həbsdə saxlandığını deyən Saleh Rüstəmli aclığa başlayarkən bəyan edib ki, bu aksiyanı sonadək davam etdirməkdə qərarlıdır.
“Hər iki halda buradan çıxacam: ya ölü, ya da diri…”, - Saleh Rüstəmlinin sözləridir.
Saleh Rüstəmli noyabrın 6-da aclığa başlayandan sonra saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və hazırda da orada saxlanılır.
Bizimyol.info xəbər verir ki, noyabrın 16-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Müalicə Müəssisəsində Saleh Rüstəmli ilə görüşüb. Bu barədə məlumat verən oğlu Sezgin Rüstəmovun sözlərinə görə, təşkilatın nümayəndələri onun vəziyyətinin kritik olduğunu, hər an komaya düşə biləcəyini vurğulayaraq, tərkibində qida olmayan sistemin vurulmasının vacib olduğunu deyiblər: “Atam razılaşıb. Atamın vəziyyəti stabil olaraq ağırdır. Buna baxmayaraq, aclığı davam etdirəcəyini bildirib”.
Noyabrın 16-da Saleh Rüstəmlinin bacı və qardaşları da onunla görüşüb. Qardaşı Taleh Rüstəmov onun durumunun ağır olduğunu deyir.
Vəkili Bəhruz Bayramov isə Saleh Rüstəmlinin işinə baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib. Vəkil müraciətinə Saleh Rüstəmlinin banklardan 5-7-10 min (ümümilikdə 30 minə yaxın) dollarlıq kreditlər götürdüyünü təsdiqləyən sənədlər təqdim edib.
Saleh Rüstəmli ilə bağlı cinayət işinin materiallarında iddia olunur ki, o, Rusiyadan Bakıya – Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) 412 min dollar pul göndərib.
“Kiməsə 412 min dollar göndərməyə imkanı var idisə, niyə 5-10 min dollarlıq kreditlər götürürdü? Həmin kreditləri biz hələ də ödəyib qurtarmamışıq. Bu sənədlər bir daha sübut edir ki, atama qarşı ittihamlar yalandır”,- oğlu bildirib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak da Saleh Rüstəmlinin durumuyla bağlı açıqlama verib. O, “Turan” agentliyinə bildirib ki, Saleh Rüstəmli ətrafında baş verənləri diqqətdə saxlayır: “Mən həftələrdir Rüstəmli işini izləyirəm. Bu məsələni Avropa Şurasının növbəti plenar sessiyasına çatdıracağam. Şəxsən özüm Bakı ilə əlaqə saxlayacam. Ümid edək ki, Saleh Rüstəmli tezliklə azadlığa çıxacaq. Təəssüf ki, Bakı problemlər üzrə gerçək danışıqlara hələ də hazır deyil”.
Ombudsman Aparatı da Saleh Rüstəmlinin durumunu diqqətdə saxladıqlarını açıqlayıb. Bu qurumun Milli Preventiv Qrupunun həkim üzvləri ona baş çəkərək, durumuyla maraqlanıb.
Saleh Rüstəmli 1998-ci ildə ağır xəstə olan övladının müalicəsi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı. Rusiyada kiçik bizneslə məşğul olan sabiq icra başçısı həm də bu ölkənin vətəndaşıdır. O, 2018-ci ilin mayında Azərbaycanda olarkən – qardaşı və onun həyat yoldaşıyla birlikdə avtomobildə gedəndə Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər. Bu müddətdə onlardan Saleh Rüstəmlinin AXCP-yə pul göndərməsi, Vidadi Rüstəmlinin də əmisinin göndərdiyi pulları cəbhəçilərə çatdırması barədə ifadələrə imza atmaq tələb olunduğunu bildirirlər.
Daha sonra - mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda bildirilir ki, Saleh Rüstəmli, qardaşı oğlu və 3 nəfər cəbhəçi çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. İttihama əsasən, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.
Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edib. Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmlinin cəzasını 2 ay azaldıb.
Məhkəmənin hökmündə Saleh Rüstəmlinin yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.
Bizimyol.info