Politoloq Natiq Miri: "Qarabağda yaşayan əhali də artıq inteqrasiyanı istəyirlər"
Rusiya Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Makrov bu gün Bakıda verdiyi açıqlamasında bildirib ki, hazırda Qarabağda yaşayan icmanın tədricən Azərbaycan cəmiyyətinə inteqrasiyasına nail olmaq lazımdır. O, qeyd edib ki, qonşuluqda azərbaycanlılar yaşayan yaşayış məntəqələri ilə ticarət əlaqələrinin başlaması, Azərbaycan manatının ödəniş vasitəsi kimi istifadə edilməsi inteqrasiya üçün ilk addım ola bilər.
Bəs hazırkı məqamda, yəni atəşkəsin tez-tez pozulması, sülh müqaviləsinin imzalanmaması və sərhədlərin müəyyən edilməməsi kimi halların olduğu bir vaxtda bu icma ilə inteqrasiya məsələsini müzakirə etmək nə dərəcədə realdır?
Sergey Makrovun fikirlərinə münasibətini şərh edən politoloq Natiq Miri Bizimyol.info saytına açıqlamasında bildirdi ki, bu fikirlər ilk baxışda cəlbedicidir və inteqrasiya üçün əsas şərtlərdən biridir.

"Bir də bu məsələnin çox mühüm və həlledici bir sualı var: Görəsən, Rusiya sülhməramlı qüvvələri də bunu istəyirmi? Əsas sual budur! 5 il sonra da Rusiya, Qarabağın azadlığını şərtləndirən hüquqi zəmin yaratmaq istəyir. Buna nail olmadıqda isə, müxtəlif yöndə danışılmış terror hadisələri və hərbi təxribatlar törədilir" - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, bu gün Ermənistanla birbaşa dialoqun və müəyyən anlaşmaların qarşısını alan əsas həlledici amillərdən biri məhz Rusiyadır: "Cənab Markov bu fikri səsləndirən zaman, rəsmi Bakı buna müəyyən cavablar verməli və Kremlə tənqidlərini yönəltməlidir. Azərbaycan dövləti, həmişə inteqrasiyanın tərəfdarı olduğunu bəyan edib. Çünki, Qarabağda yaşayan və əlini qanımıza bulamamış mülki insanlar da Azərbaycan vətəndaşlarıdır və ölkəmizdə yaşamaq hüququ qazanacaqlar. Təbii ki, bu kontekstdə inteqrasiyanın baş tutması üçün konkret addımlar atılacaq".
Azərbaycanın buna hazır olduğunu düşünən müsahibimizin sözlərinə görə, Qarabağda yaşayanlar da artıq inteqrasiyanı istəyirlər: "Çünki, Qarabağda yaşayışın ağır olduğunu və infrastrukturun zəif inkişaf etməsi, əhalinin sosial rifahı üçün normal şərait yaratmır. Buna görə də mütləq mənada Azərbaycan kimi ciddi dövlətin bu yükün altına girməsi vacibdir. Ölkəmiz istənilən infrastruktur, enerji təminatı, müəyyən iş yerlərinin açılması kimi bir çox layihələri həyata keçirməyə hazırdır. İşğaldan azad edilmiş ərazilərdə sürətlə inşa və bərpa işlərinin aparıldığını, bütün dünya, eləcə də Azərbaycan vətəndaşı olan Qarabağ sakinləri də yaxşı görürlər".
Rövşən Ziya, Bizimyol.info