Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikah öncəsi məcburi tibbi arayış lazımdırmı?..
Nikah öncəsi məcburi tibbi arayış lazımdırmı?..

2015-ci ildən ölkədə nikaha girən zaman məcburi tibbi arayış tələb edilməyə başladı. Çünki həmin dövrə qədər ailə quran zaman şəxslər, bir-birindən xəstəliklərini gizlədirdi. Və bəzən bu xəstəliklər, dünyaya gələn uşaqlara da sirayət edirdi. Eyni zamanda cinsi yolla keçən xəstəliklər var ki, bu xəstəliklər də fərdlər tərəfindən gizlədildiyi üçün böyük fəsadlarla nəticələnirdi.

Artıq ailə həyatı qurmaq istəyən şəxslər, qan analizi verir və xəstəlikləri müəyyən edildikdən sonra ailə həyatı qura bilirlər. Bu analizlərin nəticələri ancaq şəxsin özünə verilir. Yəni, qarşı tərəfə bu xəstəliklər barədə demək, onun öz vicdanına buraxılır. Amma daha ağır xəstəliklər olan zaman qarşı tərəf də məlumatlandırılır.

Nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və siflisə görə tibbi müayinədən keçirilir. Türkiyədə isə, bu günlərdə nikaha daxil olan zaman, psixoloji müayinələrin də zərurliliyi müzakirə edilib.

Uzun illərdir Azərbaycan da nikaha daxil olan şəxslərin psixoloji müayinələrdən keçməsini vacib hesab etsə də, bu məsələ baxılmamış olaraq qalır. Elə bu səbəbdəndir ki, psixoloji problemi və ya asılılığı olan, xarakterləri uyğun olmayan şəxslər, ailə həyatı qurur və bu həyat, heç də xoşbəxt sonluqla davam etmir. İntiharlar və cinayətlər, məhz fərdlərin ailə həyatı qurarkən psixoloji müayinələrdən keçməməsi səbəbiylə önlənə bilmir. Çünki psixoloji müayinələr zamanı şəxslərin zəiflikləri, narkotik və digər pis asılılıqları müəyyən edilir. Bu zaman, hər bir tərəf qarşısındakını tanıya bilir.

Qeyd edək ki, bu il yanvar-iyul aylarında nikaha daxil olmaq istəyən 55 min 465 nəfər qan müayinəsinə cəlb olunub. Məlumata görə, yanvar-iyul ayları ərzində nikaha daxil olanların çoxunun müxtəlif xəstəlik daşıyıcısı olduğu məlum olub. Belə ki, aparılan müayinələr nəticəsində 1920 nəfərdə talassemiya daşıyıcılığı, 619 nəfərdə sifilis infeksiyası, 82 nəfərdə HİV (QİÇS) aşkarlanıb. Tibbi müayinələr nəticəsində, 23 cütlüyün hər ikisinin də talassemiya daşıyıcısı olduğu müəyyənləşib.

Bəs siz ailə quracağınız şəxsin xəstə oduğunu bilsəniz, ailə həyatı qurarsınızmı?

29 yaşlı Bakı sakini Nihad Qurbanov deyir ki, əgər ailə quacağı xanım, hərhansı bir xəstəlik daşıyıcısı və ya xəstə olsa, onunla ailə həyatı qurmaz. Çünki... Müsahibimiz ailə həyatının insan üçün önəmli olduğunu və bu həyatın sağlam təməllər üzərində qurulmasının tərəfdarı olduğunu qeyd edir: "Mən xəstə olsam, ailə qurmaram. Çünki həyat yoldaşımın illərlə mənim əziyyətimi çəkməsini istəmərəm. Özüm də kiminsə əziyyətini çəkmək istəmirəm. Bəzi xəstəliklər var ki, uşaq da o xəstəliklə doğulur, bəzi xəstəliklər var ki, uşaq olmur. Sonrakı peşmançılıq, fayda verməz. Buna görə də evlənmərəm".

22 yaşlı Nigar Qurbanova isə, sevdiyi ilə xəstə olsa da evlənəcəyini deyir. O, bildirir ki, sevmək hər halında yanında ola bilmək deməkdir. "Əlbəttə, ailə həyatı quraram. Sevirəmsə, xəstəliyə görə, tərk etmərəm. Amma onun bir xəstəliyi varsa, bunu mənə öncədən deməlidir. Yəni, münasibətlərdə düzgünlük olmalıdır. Düzgünlük olmalıdır ki, mən hər şeyi gözə alıb qəbul edə bilim" - deyə o, bildirib.

Psixoloq Leyla Zaman bildirir ki, gənclər ailə həyatı qurarkən, bu və ya digər səbəblərdən öz xəstəliklərini gizlətməyə çalışırlar.

"Bu, əslində insan psixologiyasına xas bir durumdur. Xəstə insanlar, eqoist olur və xəstəliyi yoluxdurmağa çalışırlar. Çox zaman bu xəstəliyin ciddiliyinə önəm vermirlər. Əvvəllər, tibbi arayış məcburi deyildi. Amma bu, indi məcburidir və heç kim xəstəliyini gizlədə bilmir" - deyən psixoloq, psixoloji arayışı da əhəmiyyətli hesab edir. Onun sözlərinə görə, təkcə bədənlər deyil, ruhlar da sağlam olmalıdır ki, ailənin təməli möhkəm olsun.

"Gənclər psixiatr və psixoloqla görüşmələr keçirərək, sağlam psixikaya malik olduqlarını sübut etdikdən sonra ailə qurmalıdır. Düşüncələr, psixoloji çatışmazlıqlar, xarakterlərin uyğunluğu və s. müəyyən edildikdən sonra ailə haqqında qərar verilməlidir" - deyə o, bildirib.

Bəlkə də, Azərbaycanda psixoloji arayış tələb edilsə, ölkədə baş verən qadın cinayətlərinin, atılan uşaqların sayı azalar. Çünki sağlam ruha malik olan heç kim həyat yoldaşına əl qaldıra bilməz, sağlam düşüncəli heç bir qadın da övladından imtina etməz.

Hər halda, bu mövzu haqqında ətraflı və ciddi düşünməyə dəyər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »