Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq XİN rəhbəri: “Qarabağda anti-terror əməliyyatlarının nə üçün aparılmadığına yüz səbəb saymaq olar”
Sabiq XİN rəhbəri: “Qarabağda anti-terror əməliyyatlarının nə üçün aparılmadığına yüz səbəb saymaq olar”

Erməni silahlıları bu gün gecə saatlarında Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Ordumuzun mövqelərini atəşə tutub. Beləliklə, bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.

Bir neçə gün öncə Şuşada rus sülhəramlıları və Ordumuzun şəxsi heyətinin yerləşdiyi postlardan birinə əl qumbarası atan erməni yaraqlıları, görünür, Müdafiə Nazirliyinin həmin zaman onlara etdiyi xəbərdarlığı elə də ciddiyə almayıblar.

Hadisə ilə bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Bizimyol.info-ya müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

-  Tofiq bəy, ard-arda baş verən bu və bundan öncəki  terror-təxribat hadisələri ilə bağlı Azərbaycan hansı konkret addımları atmalıdır?

Mən bu təxribat hadisələrinin artmasını onda görürəm ki, bölgədə yaşayan ermənilərin vəziyyətində bölünmə baş verib.  Bir qismi başqa yerə getmək istəmir. Onlar anlayırlar ki, çıxış yolu yalnız Azərbaycan tərkibində vətəndaşlıq alıb, yaşamaqdır. Digər qismi isə bunlarla barışmaq istəmir. Onlar bu və ya digər təxribatlar törətməklə, özləri əleyhinə olan proseslərin qarşısını alıb, hadisələri başqa bir istiqamətə yönəltmək istəyirlər. Məqsəd nədir? Bir neçə məqsədləri var. Məsələni gərginləşdirib, belə bir mesaj vermək istəyirlər ki, güya, burada təhlükəsizlik yoxdur.  Azərbaycan tərəfi tədbirlər görəndə, başlayacaqlar , “ay-haray bizi qırırlar”. İkinci məqsəd isə Azərbaycanla sülhməramlılar arasında gərginlik yaradıb, bununla da onları öz tərəflərinə çəkməkdir. Çünki onlar yaxşı başa düşürlər ki, tək başlarına heç bir iş görə bilməzlər. Qeyd etdiklərimizdən də yola çıxaraq, Azərbaycanın nələr etməli olduğu, hansı addımlar atmalı olduğu bəllidir.  Öncəliklə, rus sülhməramlıları ilə önə çıxan məsələlərdə daha tələbkar mövqedən çıxış etməli, onların bu və ya digər vəzifələrini icra etmələrini tələb etməli, onlarla işbirliyini daha da gücləndirmək və bununla da həmin radikal qruplarla ciddi mübarizəni təmin etmək lazımdır.

- Cəmiyyətdə daha çox belə bir fikir formalaşıb ki, bu hadisələrin arxasında elə məhz, bölgədəki rus sülhməramlıları dayanır. Necə ki, biz bunun örnəyini Krımda, Dombasda gördük. Siz bu barədə nə düşünürsünüz?

Bilirsiniz, bu və ya digər şübhələrin altında faktlar olmalıdır. Biz başa düşməliyik ki, ora gələn sülhməramlılar, onların bəyanatları və gəliş səbəbləri bir qədər fərqlidir.  Bir qədər yox, elə əməlli-başlı fərqlidir. Amma bunun qarşısını almaq üçün iki yol var: ya vəziyyəti kəskin şəkildə onlara qarşı dəyişmək – yəni bu və ya digər mözvuları böhran səviyyəsinə çıxarmaq, ya da onların işlərinə və əməllərinə elə kontur-taktikanı seçmək ki, onların manevr üçün imkanları  azalsın. Mən hesab edirəm ki,indiki mərhələdə bizim əsas məqsədimiz, sülhməramlıları öz tərəfimizə çəkib, öz məqsədlərimizə uyğun olan işlərə cəlb etməkdir.  Bu, təbii ki, çətin bir məsələrdən biridir. Ermənilərin ən böyük məqsədlərindən biri də odur ki, bizlərlə onları küsdürmək, sonra da Rusiyanı bizə düşmək etmək. Yəni, münqaşiboyu bu taktika onlarda mövcud olub. İndi söhbət ondan gedir ki, biz bu vəziyyəti keçən il dəyişmişik.  Əvvəlki vəziyyətə yenidən qayıdaq yoxsa yox? Ya da digər daha incə diplomatik yollardan istifadə edib, vəziyyəti öz xeyrimizə dəyişək. Söhbət təkcə bundan gedir. Yəni heç kəs deməsin ki, mən filankəsi sevirəm, ya sevmirəm. Söhbət burda sevməkdən getmir. Doğrudur, özümüzdən başqa heçkəsi sevməli deyilik. Hamı ilə iş qurmaq lazımdır.

- Siz vurğuladınız ki, Ermənistan tərəfi bölgədəki rus sülhməramlıları ilə Azərbaycanın arasını vurmaq, onları bizə küsdürmək istəyirlər. Bəs siz necə düşünürsünüz, sülhməramlıların Xocalıda kilsə tikdirməyi, yaxud da digər bölgələrimizdə bu cür işlər aparmaları Azərbaycan tərəfini küsdürmürmü? Özünü sülhməramlı adlandıran tərəf heç düşünürmü ki, onlar bu addımı atmaqla Azərbaycan tərəfindən hansı kəskin reaksiya ilə qarşılaşa bilərlər? Biz siyasətimizi balansı qorumaq üstündə qurarkən, qarşı tərəf nə üçün bunu düşünmür?

Mən bunu başa düşürəm. Biz fikirləşəndə ki, Rusiyada ermənipərəst, antitürk, islamafob və digər  müxtəlif baxışların tərəfdarları var, onda qəbul etməliyik ki, heç də onların hamısı bizi sevmir.  Bu baxımdan biz görürük ki, Azərbaycan ictimaiyyətini qıcıqlandıran müxtəlif addımlar atılır. Heykəllər qururlar, bəzi çıxışlar edilir ki, onlar beş ildən sonra buradan getməyəcəklər və sair. Bu baxımdan, biz bilirik ki, ermənipərəst qüvvələr həm də Rusiyada da öz işlərini görürlər. Digər tərəfdən isə biz qeyd etməliyik ki, bir çox məsələlərdə sülhməramlılar ermənilərin sevməyəcəyi işləri də görürlər.  Ümumi emosional baxış siyasət üçün yararlı deyil. Biz bizə müsbət yanaşan qüvvələrə dəstək verməli, bizə qarşı olan qüvvələri isə neytrallaşdırmalıyıq. Şüarlarla heç bir işi həll etmək olmur. Hə, bu, bizim düşmənlərimizdir. Yaxşı, onlarla müharibəyə başlayaq, ya nə edək? İş görülməlidir, düzdür, ya yox? Bəzilərinin emosional yanaşmasını da anlamaq olar.

- Cəmiyyətimizdə çoxluq təşkil edən düşüncə bundan ibarətdir ki, əgər bölgədə sülhməramlılar olmasaydı, Azərbaycan əsgəri anti-terror əməliyyatı ilə bu terroristləri çoxdan bölgədən təmizləmişdi. Ancaq sülhməramlıların bölgədə olması və buna mane olmaları, insanlarımızda aqressiya yaradır. Siz bu fikirlərlə razısınızmı?

Buna heç bir şübhə yoxdur. Siz elə bilirsiniz kiminsə buna şübhəsi var və ya kimsə bunu istəmir? Amma deməli, hansısa məsələlər var ki, bunu etməyə imkan vermir. Bunu bəyəm anlamaq çətindir? Mən yüz səbəb deyə bilərəm ki, hələ, bu, alınmır.  Bəli, qısa deməli olsaq, hələ, bu, alınmır.  30 il ərzində digər işlər alınmırdı. İndi isə bu alınmır. Səbrli olmalı, işimizi bilməli, fəal olmalıyıq. Məsələlərə soyuqqanlılıqla yanaşmağı bacarmalıyıq. Siyasətdə emosiya yolverilməzdir. Çünki, bir çox addımlar ona görə yönəlib ki, bizim ictimaiyyətin emosiyaları,əsəbləri kimlərsə tərəfindən idarə edilsin.

- Müsahibə üçün təşəkkür edirik, çox sağ olun.

- Sağ olun.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər