Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin gərgin olması ilə bağlı Təhlükəsizlik Şurasının iclasında məlumat verib. O məhz bu səbəbdən müdafiə nazirini dəyişdiyini açıqlayıb.
Paşinyan qeyd edib ki, dünəndən bu formatda bir neçə görüş keçirib, görüşlərdə Azərbaycan - Ermənistan sərhədində baş verənlər müzakirə olunub. Bu kontekstdə baş nazir Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad etdiyini və onun yerinə baş nazirin müavini Suren Papikyanı təyin etdiyini bildirib.
"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim, dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırda vəziyyət məni belə bir qərar qəbul etməyə məcbur edib. Nazir dəyişikliyi qərarı verdiyimi söylədim", - deyə Paşinyan bildirib.
İki il ərzində ermənistan ordusu dördüncü müdafiə nazirini qəbul edib.
30 il havadarlarının köməyi ilə qələbə qazandıqları döyüşdəki uğurlarının eyforiyası ilə yaşayan Ermənistan 44 günlük müharibədəki məğlubiyyətin şokundan hələ də ayıla bilməyib. Anlaqsız hərəkətlər və uğursuz terror cəhdləri cəmiyyətin dövlətin prioritet məsələlərinə adekvat reaksiya verə bilməməsini göstərir. Cəmiyyətin Azərbaycana qarşı müharibə çağırışları, hərbçilərin bu istiqamətdə uğursuz cəhdləri Paşinyanın əleyhinə işləyir.
İndi Paşinyan Azərbaycanla sərhəddə gərginliyin yaranmasına maraqlı deyil. O, ilk növbədə ölkənin iqtisadiyyatını tənzimlənəcək hala gətirməyə çalışır. Paşinyanın hədəflərini gerçəkləşdirmək üçün münaqişəyə loyal münasibət sərgiləməsi müxalifətlə yanaşı, onun kabinetinə də təsirsiz ötüşmür. Buna görə də o, ard-arda nazirləri dəyişmək məcburiyyətində qalır.
Hələ ki, Paşinyan onunla işləyə biləcək müdafiə nazirini arayır. Paşinyanla işləyəcək nazir isə həm Rusiyanın, həm də Qərbin dəstəyini ala bilməlidir. Əks halda, görünən odur ki, gücündən böyük iddialarla yaşayan erməni cəmiyyətinın və ordusunun “üzü çox üzlər görəcək”.
Qadir Həzi, Bizimyol.info