Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qələbə oğruları və bir qumbara məsafəsindəki "sülh"
Qələbə oğruları və bir qumbara məsafəsindəki "sülh"

Şuşa şəhəri yaxınlığında (!) hərbi postumuza qumbara atıldı. 3 əsgərimiz yaralandı. Onlar həlak ola da bilərdilər (bu arada bizə, sadəcə, "yaralandılar" deyildi; yaraları ağırdırmı, yüngülmü - bilmirik. Allah şəfa versin).

Sonrasında nə görürük?

Sanki sıradan bir olaymış kimi üstündən ötüb keçirik. Hə, cinayət işi qaldırılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyimiz birgə məlumat yaydı... Bunlar gündəlik iş, prosedur gərəyi. Cinayət işi qaldırmışıq, bəlli ki, "istintaq-istintaq" oynayacağıq. Çünki artıq cinayəti törədən Nrayr Mirzəyan Ermənistana təhvil verilib. Onu Rusiyanın Qarabağdakı hərbi kontingenti tutub, sonra da Ermənistana verib. Nəymiş?! Ermənistan vətəndaşı imiş. Rusiyanın Qarabağdakı hərbi kontingenti dövlətdir, ya nədir?! Azərbaycan ərazisində terrorçunu tutur. Sonra da Ermənistana təhvil verir.

Əvvəla, Rusiyanın Qarabağdakı hərbi kontingenti (hətta dırnaq içində belə "sülhməramlı" adlandıra bilməyəcəm) "müvəqqəti yerləşdirildiyi" əraziyə məsuliyyət daşıyırsa, törədilmiş terrora görə də cavabdehdir; təqsirkar təkcə Nrayr Mirzəyan deyil, həm də Rusiyalı hərbçilərdir. Ki, Ermənistan vətəndaşının orda qumbara ilə dolaşması, posta ataraq hərbçilərimizi yaralaması cinayətində Ermənistan terrorçusu ilə yanaşı Rusiya hərbçiləri də günahkardır. İkincisi, əgər bizim Baş Prokurorluq istintaq aparacaqsa, gedib Rusiya hərbi kontingentinin komandanlığını və əraziyə məsul şəxsləri dindirsin. Baş şübhəlini dindirə bilməyəcək; Rusiya onu tezbazar Ermənistana qaçırıb. Niyə?!

Səbəbi İstanbuldakı Türk zirvəsi. Bu qumbaranı Türk Dövlətləri Təşkilatına atmışdılar. Sonra da Ermənistana komanda verildi ki, Azərbaycan ordusunun Kəlbəcərdəki postlarına hücum etsin (daha doğrusu, hücum imitasiya etsin). Realiti-döyüş səhnələri düzəltsin. Əslində o hücum cəhdi də qumbaranın davamı idi. Ermənistan radikallarının Rusiya səfirliklərinə "təhdid sovurması" da diqqəti yayındırmaq üçün şou idi.

Xatırlayırıq, 1992-ci ilin oktyabrın son günlərində ilk dəfə Ankarada Türkdilli Dövlətlərin Sammiti keçiriləndə Ermənistan Rusiyanın dəstəyi ilə Zəngilan istiqamətində hücuma keçmiş və bir neçə kəndimizi işğal etmişdi. Necə deyərlər, tarix təkrar olunur.

Bunların, əslində, daha uzağagedən hədəfləri də var. Azərbaycan cəmiyyətində belə bir tənqidi fikir formalaşıb: ordumuz dayanmamalı idi; Xankəndi başda olmaqla indi Rusiyanın nəzarətində olan bütün əraziləri azad etməliydi. Bunu etməmək və xüsusilə, oraya Rusiya hərbi kontingentini buraxmaq ictimai rəyimizdə çox böyük səhvlər olaraq qiymətləndirilir. Buna qarşılıq olaraq hökumət iki arqument göstərə bilir: bir, Ağdam, Laçın və Kəlbəcərin döyüşsüz (yəni itkisiz) azad olunması, iki, Zəngəzur dəhlizi. Ki, buna da Ermənistan bir yana qalsın, onun dəstəkçisi olan xeyli xarici güc müqavimət göstərir. Rusiya, elə İran da "3+3" formatına razılıq verir, ancaq Moskva son sözü guya İrəvana ötürürmüş kimi davranır. Eynilə Belarus-Polşa sərhədində yaşanan (yaşadılan) insanlıq dramındakı kimi. Putin Qərbdən gələn zəngləri Minskə yönləndirir; "Rusiyaya dəxli yoxdur, gedin, Lukaşenko ilə danışın" deyir. Eyni oyunu bizim bölgəmizdə də oynayırlar və hər iki ölkəni daxildən idarə etməyə çalışırlar. Moskvada yaxşı bilirlər ki, Qarabağ məsələsi Azərbaycan cəmiyyətini qeydsiz-şərtsiz birləşdirən bəlkə yeganə faktordur. Qarabağda və Ermənistanla sərhədlərimizdə təxribatlarla nəinki israrlı olduğumuz sülh müqaviləsini bloklayırlar, həm də Azərbaycanın daxili ictimai-siyasi tarazlığını təhdid altında saxlayırlar. Bir də ki, adam öz doğma şəhərlərini partladaraq Rusiyada hakimiyyətə gəlib, bizəmi qumbara atmayacaq?! Şuşaya "İsgəndər-M" atanlardan söhbət gedir...

Çox qəribə, acı bir reallıqla üz-üzəyik: Rusiya, Qarabağda qazandığımız qələbəni, yumşaq desək, oğurlayıb, indi də öz qələbəmizdən özümüzə... atəş açır. Yəni qanımızla qazandığımız zəfəri silaha çevirib bizə yönəldib. Və eyni zamanda həmin silahla Ermənistanı girov götürüb istədiyini elətdirir. Yəni əslində bölgədə elə də çox şey dəyişmədi; Rusiya hegemonluğu, yenidən şəkilləndirildi deyə bilərik.

Doğrudur, torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdik. O əraziləri bərpa edirik. Zəngəzur dəhlizi ilə Naxçıvanı böyük torpağa birləşdirməyi hədəfləyirik. Üstəlik, bundan daha böyük hədəf - Türk dünyasının coğrafi-siyasi bütünlüyünə nail olmaq var. Ondan da böyük olan - Çini Avropanın uzaq şimal-qərbi ilə birləşdirən logistik arteriyanın mərkəzi məntəqəsinə çevrilməkdir... Bu, özlüyündə qlobal geopolitik projenin bir parçası olmaq deməkdirsə, həmin fonda bəlkə də Xankəndi boyda şəhər də görünməz qalır. Türk birliyi real məzmun və təbii ki, real güc qazana bilərsə, arxasında Böyük Britaniyanın dəstəyi və Çinin ən azı susqun razılığı varsa, bəlkə də bizim Xankəndi təlaşımız yersizdir deyə düşünənlər də olacaq yəqin ki. Bu düşüncənin yanlış olduğunu düşünməsək də, siyasətdə, xüsusilə, geosiyasətdə xırda şey yoxdur. Geosiyasi həqiqət də ən çox detallarda gizlidir: Şuşa yaxınlığında əsgərimizə atılan qumbaranın hədəfində tək bizim yox, elə Ermənistanın özü də daxil olmaqla çox aktoru görə bilərik: Türkiyəni, Britaniyanı, hətta Çini... Ancaq o qəlpələrin real - fiziki, siyasi və mənəvi olaraq yaraladığı bizik. Təbii ki, ağrıtdığı da bizik. Ürək yanmasa, gözdən yaş çıxmaz. Ürəyi yanan biziksə, başqa gözlərdən yaş ummaq əbəs, hətta təhlükəli vaxt itkisi olar.

Biz minlərlə can qurban olduğu qələbəmizə durub qıraqdan baxası deyilik. Torpaqlarımızı düşməndən geri aldığımız kimi qələbəmizi geri qaytarmağın yolunu tapmaq zorundayıq. Bunun yolu Şuşa-Laçın yoludur, Ağdam-Xankəndi yoludur, yoxsa Zəngilan-Naxçıvan yoludur?! Yaxud bəlkə başqa yoldur. Hər halda biz bu yolu tapmalıyıq; bu Rusiya tələsindən qurtarmağı bacarmalıyıq. Hə, biz Pekin-London marşrutu boyunca, ya da Adriatik dənizindən Sakit okeana qədər, Anadolu yaylasından Ural dağlarına, Macar ovalıqlarından Sibir tayqasına, Türküstan çöllərindən Yakut buzlaqlarına qədər Türk coğrafiyası miqyasında qlobal düşünə bilərik. Ancaq lokal davranmaq Xankəndi, Xocalı... deməkdir. Əsgərimizə atılan qumbaranın fitilini çəkənlərlə haqq-hesab çəkmək deməkdir. Üçtərəfli razılaşmanın 4-cü bəndinin pozulması ilə razılaşmamaq deməkdir. Qarabağda antiterror əməliyyatları deməkdir. Əks halda Xankəndinə, sadəcə, Şuşa yamaclarından və ən yaxşı halda turist marağı ilə baxa-baxa qalarıq. Mən hələ demirəm, qumbara məsafəsindən qurban gözü ilə...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »