Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan kinosu: "Pərdə" filminə baxmağa dəyərmi... - Video
Azərbaycan kinosu: "Pərdə" filminə baxmağa dəyərmi... - Video

Pərdə...

Bəzən gözümüzün önünə çəkilir, görməli olduqlarımızı görməmək üçün. Sonra biri gəlir, o pərdəni paramparça edir. Gördüklərimiz xoşdurmu? Əsla! Bəzən gözümüzdə pərdə olmasını istəyirik, görməzliyə qoyuruq özümüzü. Xoşdur bizə belə həyat gözümüzdə pərdə...Pərdə ilə həyatı xoş görməyə alışmışıq. Gerçəyi qəbul etməmək üçün "gözümüzdən asırıq pərdə"...

Emil Quliyevin 2016-cı ildə quruluş verdiyi "Pərdə" filmində gözlərdə olan pərdə açılır...

"Bacısını götürüb, qaçırdılar, bunun dalından xəbəri yoxdur. Sən də adını kişi qoymusan? Biqeyrət"... - Bu sözlər Zaura ünvanlanır. Toyuna 10 gün qalan bacısının, dostu ilə xoşbəxt olacağına inandığı üçün onlara qaçmağa şərait yaradan və yardım edən Zaur.

Sakitəbiətlidir Zaur, böyüyə hörmət etməyi bacardığı qədər, böyüklərdən fərqli olaraq gerçəkləri görə bilir. Bilir ki, bacısı ancaq sevdiyi Emillə xoşbəxt ola bilər. Emil də ona söz verir:

"Hər şey yaxşı olmayana qədər ona əlim dəyməyəcək".

Bir qədər Azərbaycan reallığından uzaq bir ssenaridir, bəlkə də. Dostu ilə bacısının sevgisinə hörmət edə bilmək, onların birlikdə ola bilməsi üçün yardım edə bimək...

Valideynlərinin istəyi ilə evlənən Zaur, özü xoşbəxt ola bilmədiyi üçün bacısının xoşbəxt olmasını arzulayır... Ya da... Anasının atası ilə xoşbəxt olmadığını başa düşən Zaur, bunu dilinə gətirir və anasına başa salmağa çalışır ki, "sən nəyəsə görə dözürsən. Taxdığın brilyantlara, insanlar arasında filankəsin "xanımıdır" xitabına görə dözürsən"... Ailənin məqsədi, övladlarını daha imkanlı şəxslərin övladları ilə evləndirib daha güclü olmaqdır. Uşaqların istəyi, arzuları önəmsizdir. Bu ailədəki uşaqlar, istifadə olunmaq üçündür...

Aktyor Tural Əhməd, Zaur obrazını gözəl yaradıb.

Rauf: Uzun zamandır Zaurun bacısında, öz əmisi qızı Lalədə gözü var. Nə qədər Laləyə yaxın durmağa çalışsa da, alınmır. Əslində çox vicdansız, ikiüzlü və öz xeyrini güdən biridir, Rauf. O, Emilin Laləyə qovuşmaması üçün əlindən gələni edir.

Lalə, Raufun təklifləri haqqında Emilə danışır:

"Elə o vaxtdan istəyirdi məni"...

Lalə, bunu istək kimi qəbul edir. Əslində isə, Raufun sadəcə çirkin istəklərini həyata keçirməkdən başqa bir istəyi yoxdur. Canıyanan əmioğlu, spirtli içki aludəçisi, təcavüzkar və əslində qisasçı Rauf. Əmisinə, əmisinin uşaqlarına və hətta Laləyə də nifrət edən Rauf, bunun əvəzini Laləyə təcavüz etməklə çıxır. Lalə bu utancı qəbul etmir və imtina edir Emilə olan sevgisindən. Deyə bilməsə də,dilinə gətirməsə də, imtina edir bu sevgidən.

Filmin sonunda bütün hadisələrin gedişatı zamanı hər şeyə müşahidəçi qalan Fuaddan başqa heç kim gerçəyi bilmir. Sonda Zaur Emilin qatilinə çevrilir. 1 saat 12 dəqiqəlik "Pərdə" filmi bir tək Fuadın gözündə pərdələrin yox olduğunu göstərir. Ağır olsa da, bir tək Fuad bilir hər şeyin düzünü. Lalə ona təcavüz edən Raufdan hamilədir.

Filmdə Azərbaycan qadının yaxınları tərəfindən təcavüz edilməsi, zorlanması, alçaldılması da xüsusi qeyd edilib. Nə qədər acınacaqlı olsa da, biz Azərbaycan cəmiyyətində gözlərimizdə pərdə çəkilmiş halda yaşayırıq. Sevməkdən qorxuruq, dostluqdan xəyanət görürük. Ailələrimiz belə mənfəət üzərində qurulur. Kiminsə xanımı olmaqdır arzumuz, kimsə öz həyatını öz istədiyi kimi yaşaya bilmir...

Filmdə istifadə edilən musiqilər, hadisələrin fonunda o qədər yerində seçilib ki, filmin sonunda həmin musiqi bütün filmi yenidən göz önünə gətirir.

Dostluq, yaxınlıq, sevgi və qisas... Gözlərinizdən pərdəni götürə bilmək üçün, "Pərdə"yə baxmağa dəyər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »