Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tamaşalara gələn kişi və qadınlar buradan özü üçün mesaj alır"
"Tamaşalara gələn kişi və qadınlar buradan özü üçün mesaj alır"

İki ildən artıqdır ki, dünyada tüğyan edən COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimi bir çox sahələrin, eləcə də teatrların fəaliyyətini dayandırmışdı. Bu il oktyarbın 1-dən teatrlar fəaliyyətini bərpa etdi. Etiraf edək ki, 2 illik fasilədən sonra yenidən teatra, səhnəyə qayıtmaq aktyorlar üçün o qədər də asan deyil. Xüsusilə də, Pantomima teatrının aktyorları üçün. Pantomima teatrında tamaşalar digər teatrlardan fərqli olaraq jest və mimikalar üzərində qurulur. İşıqları düzgün izləmək, fikirləri jest və mimikalara təqdim etmək asan məsələ deyil. Artıq noyabr ayının 20-dən Pantomima teatrı, öz qapılarını tamaşaçılarının üzünə açır.

Bu barədə Bizimyol.info saytına əməkdar artist, Pantomima teatrının direktoru Elman Rəfiyev məlumat verib: "Pantomima" teatrı, bədən və mimika üzərində qurulmuş bir teatr növüdür. Aktyorlarımız iki il məşqlərdən, trenajlardan, səhnədən uzaq düşdüyü üçün yaddaşını yeniləməyi lazımdır.

Teatrımızın bədii rəhbəri və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə, aktyorların qarşısına məqsəd qoydu ki, gecə-gündüz çalışıb tamaşaları bərpa etmək lazımdır. Bir tamaşanın hazırlanması 6-7 ay, bəzən bir il çəkir. İki ildir ki, həmin tamaşalar oynanılmır. Həmin tamaşanı yenidən yada salmaq, zaman alacaq. Bizim teatrın tamaşalarının hər birinin özünəuyğun, fərqli hərəkətləri var. Bu isə, aktyordan böyük əmək tələb edir. Yenidən həmin ab-havaya düşmək, işığını, musiqisini yada salmaq vaxt aparır.

Biz, teatrlar açılandan sonra oktyabrın 1-dən başlayaraq, hər gün məşq edirik. Məşqlər, gücləndirilmiş iş rejimi şəklində davam edir. Bu da, öz bəhrəsini verdi. Əslində, biz uzun müddət tamaşa oynamayacağımızı düşünürdük. Çünki hələ nə olacağını bilmirdik. Amma Bəxtiyar müəllimin nəzarəti və aktyorların səyi nəticəsində, tamaşalarımız yenidən bərpa olundu. Tamaşalar bərpa olunduqdan sonra, Bəxtiyar müəllim tapşırdı ki, bu ayın axırından tamaşalara başlayaq. Söz yox ki, repertuarda tamaşalar çox olduğundan əvvəllər biz bir gün bir tamaşa, ertəsi gün başqa tamaşa oynayırdıq. Uzun müddət tamaşaların oynanılmadığını nəzərə alaraq, Bəxtiyar müəllim belə qərar verdi ki, eyni tamaşanı iki gün ard-arda oynayaq. Şənbə günü baxa bilməyən, bazar günü gəlib baxa biləcək. Biz artıq "Instagram", "Facebook" və digər sosial şəbəkə hesablarımızda elan vermişik".

Qeyd edək ki, dünyada davam edən COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan qaydalara əsasən, tamaşa zalına daxil olan tamaşaçıların sayı, 50 faizdən çox olmamalıdır. Pantomima teatrının tamaşaçı zalı 40 nəfərlik olduğu üçün teatr, hər tamaşada 20 nəfər tamaşaçı qəbul edə biləcək. Məsafə qorunacaq. Artıq oturacaqlarda da məsafə qorunması barədə məlumatlar yerləşdirilib. Hətta oturacaqlara lent bağlanacaq ki, tamaşaçı oturmasın. Tamaşalara iki doz vaksinlənərək COVID-19 pasportu almayan şəxslər buraxılmayacaq.

E.Rəfiyev əlavə edib ki, teatrın ilk tamaşası, Bəxtiyar Xanızadənin "Kişilər və Qadınlar" əsəridir: "Repertuarlarımıza nəzər saldıqda, kişi və qadın mövzusuna tez-tez müraciət edildiyini görmək mümkündür. Çünki dünyada böyük bir mövzu var ki, hər zaman insanları narahat edir. Kişi və qadın! Adəm və Həvvadan tutmuş bu günə qədər, kişi və qadın problemi hər zaman olub. Buna görə də bu mövzu, bütün zamanlarda və dövrlərdə aktualdır. Tamaşalara gələn kişi və qadınlar buradan özü üçün mesaj alır. Mənə elə gəlir ki, bu mesajların teatrda canlı şəkildə ötürülməsi insanlara birbaşa təsir edir. Cansız ekran və ya televiziya qarşısında oturan zaman fikrin yayına bilər. Ətrafa baxırsan, kiminləsə danışırsan, kimsə gəlib sənə nəsə deyir və sənin diqqətin ekrandan uzaqlaşır. Pantomima teatrında isə, bu olmur. Çünki sən tamaşa zalına daxil olanda, başqa ab-havaya düşürsən. İstər-istəməz hər şeyi izləyirsən".

Aktyorun fikrincə, Pantomima teatrının tamaşaçısı olmaq, bu qədər məsuliyyətlidir. Çünki bu teatr, mimika və jestlər üzərində qurulmuş bir teatrdır. Tamaşaçı, zalda 45 dəqiqəlik tamaşaya baxan zaman, yanında olan şəxsə nəsə demək istəsə, səhnədə 2-3 hərəkəti itirmiş olur.

"Bu zaman tamaşanın mənasını başa düşməyəcəksən. Buna görə də, bizim tamaşaların müddəti 40-45-50 dəqiqəlikdir. Çünki insan beyni, hərəkətlər toplusunu qavraya bilməlidir. Buna görə də, bu müddət ərzində tamaşaçı, tamaşanı rahatlıqla izləyə bilir. Biz hər zaman tamaşaçılara bildiririk ki, tamaşaya gələn zaman çöldəki ab-havadan uzaqlaşıb teatr ab-havasına düşüb, buradakı hadisələri və insanlara ötürülən mesajları izləyə bilsinlər".

Əziz teatr sevənlər, artıq noyabrın 20-dən Pantomima teatrı öz fərqli tamaşaları ilə sizin yolunuzu gözləyir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »