Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Türk Şurasını necə gücləndirdi
Azərbaycan Türk Şurasını necə gücləndirdi

Azərbaycan Türk Şurasına 2019-cu il oktyabrın 15-dən sədrlik edir. İndi isə sədrlik Türkiyəyə keçir; bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vlll Zirvə görüşü olacaq və Azərbaycan Şuraya sədrliyi Türkiyəyə ötürəcək.

Azərbaycanın Təşkilata sədrliyi dövründə Türk dövlətləri arasında inteqrasiya baxımından çox ciddi addımlar atıldı. İqtisadiyyatı götürsək, Türk İnvestisiya Fondunun yaradılması, təhlükəsizlik məsələlərinə baxsaq, Türk dövlətlərinin müştərək hərbi təlimlərini göstərə bilərik. Kəşfiyyat xidmətləri də koordinasiyanı gücləndirib.

Bu misallardan görünür ki, türk dövlətləri iqtisadi və hərbi gücünü birləşdirir. Eləcə də, siyasi gücünü. Beynəlxalq müstəvidə əvvəllər Azərbaycan və Türkiyə vahid mövqedən çıxış edirdilər. İndi bu sıraya Türküstan (Mərkəzi Asiya) dövlətləri də qoşulur. Qazaxıstanda və Özbəkistanda türk identikliyi bu son iki ildə daha da çox dərk olundu. Tacikistanla sərhəd krizisində Türkiyədən və Qırğızıstan da Türk Şurasında daha fəal mövqeyə keçdi. Eyni zamanda Türk Şurasının sədri kimi Azərbaycan hər iki ölkə ilə yüksək münasibətləri səbəbilə sabitləşdirici faktor kimi qəbul edildi; türkdilli dövlət olmayan Tacikistan bu böhranı aşmaq üçün Azərbaycandan kömək istədi. Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələrinin Xəzərdə birgə təlimlərini də xatırladaq. Çünki bu, çox ciddi, yeni regional strategiyanın başlanğıcı kimi qavranılır. 5 Xəzəryanı dövlətdən üçü - Azərbaycan, Qazaxıstan, Türkmənistan Türk Şurasının üzvləridir. Azərbaycan vasitəsilə Türkiyə də Xəzər dənizinə çıxış əldə edir. Azərbaycanın 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etməsi (təbii ki, Türkiyənin siyasi, hərbi-texniki, mənəvi və media dəstəyi ilə) Azərbaycanın sədrliyi ilə Türk Şurasının qazandığı ən böyük uğurdur. Hazırda reallaşdırılmasına başlanılan Zəngəzur dəhlizi Türkiyəni Azərbaycanla və Xəzər vasitəsilə Türküstanla bağlayacaq. Bu da o deməkdir ki, Xəzər faktik olaraq Türk Şurasının daxili dənizi olacaq. Azərbaycan Türk Şurasına sədrliyi dövründə Qarabağda qələbələr qazanaraq Təşkilata yeni yollar, yeni iqtisadi imkanlar və geosiyasi mövqe qazandırmış oldu. Bununla da Azərbaycan və Türkiyə Türküstan (Mərkəzi Asiya) dövlətləri üçün inteqrasiyanın daha cazib mərkəzi halına gəldi. Təkcə bir faktı deyək: əgər illər öncə Qırğızıstanın o dövrdəki prezidenti İrəvanda qondarma "soyqırım" abidəsini ziyarət edib baş əymişdisə, indi Qırğız Respublikası Azərbaycanı Qarabağ Zəfəri münasibətilə təbrik edir. Bir zamanlar Türkmənistanla Azərbaycan Xəzərdəki karbohidrogen yataqları üzərində mübahisə edirdisə, indi bu yataqların birgə işlənməsi haqda kontraktları icra edirlər. Əgər Özbəkistanın mərhum prezidenti İslam Kərimov Bakıya səfərləri zamanı, sadəcə, sonra "unudacağı" sənədlər imzalamaqla və Azərbaycanlı müğənnilərin canlı ifalarını dinləməklə kifayətlənirdisə, indiki prezident Mirziyayev birgə iqtisadi layihələrdən tutmuş müştərək hərbi təlimlərə qədər konkret addımlar atır. Və bunlar xüsusilə son iki ildə özünü daha qabarıq büruzə verir. Özbəkistanın Türkiyə ilə əlaqələri də son illər sürətlə sıxlaşdı. Əgər Qazaxıstanın fəxri lideri Nazarbayev "türk dünyasının ağsaqqalı" titulunu qazanıbsa, Türkiyə prezidenti Ərdoğan "türk-islam dünyasının lideri kimi mövqeyə yüksəldi. Əgər Qarabağ zəfərinə qədər Cənubi Qafqazda siyasi mərkəz kimi Tiflis düşünülürdüsə, indi bu rolu Bakı öz üzərinə aldı. Türk Şurasına sədrliyi dövründə Azərbaycan Qarabağda qələbələr qazanmaqla təkcə öz ərazi bütövlüyünü deyil, ümumtürk coğrafiyasını bərpa etmiş oldu. Və Türk Şurasına nəhəng bir perspektiv qazandırdı. Bu perspektivin reallaşdırılması artıq Türk Şurasının - üzv dövlətlərin birgə və ayrılıqda apardığı siyasətdən asılı olacaq. Türk Şurası qonşu və yaxın ölkələrdə - İranda, İraqda, Rusiyada, Gürcüstanda, Ukraynada (Krımda), hətta Çində və Əfqanıstanda yaşayan türk toplumları üçün böyük bir motivasiya qaynağına çevrilir.

Eyni soy-kökə, eyni dilə sahib başqa xalqların da xeyli dövlətləri var. Elə Avrasiyada slavyanları götürək. Bu gün Rusiya ilə Ukrayna müharibə durumundadır. Belarusiya ilə Polşa "mühacir böhranı" üzündən qarşıdurmadadır. Çexlər, slovaklar, xorvatlar... Rusiyaya, yumşaq desək, şübhəli nəzərlərlə baxır. Serblər Brüssellə Moskva arasında "sıxışıb qalıb". Onların vahid bir Slavyan İttifaqında birləşməsi ən azı yaxın perspektivdə real görünmür. Ancaq türk dövlətləri arasında buna tam əks proses - daha sıx inteqrasiya var. Və burda Türk Şurasına sədrliyi dövründə Azərbaycanın xidmətləri çox böyük oldu. Bundan sonrakı dönəmdə isə gözlənilir ki, Türkiyə Təşkilatın güclənməsinə öz töhfəsini verəcək.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »