Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“... yenə uduzdu – Əşi, heç udan vaxtı olub ki”
“... yenə uduzdu – Əşi, heç udan vaxtı olub ki”

“DÇ-2022”nin seçmə mərhələsinin A qrupunda mübarizə aparan (?) Azərbaycan millisi son oyununu doğma meydanında keçirib. Azərbaycan azarkeşlərini ənənəvi olaraq növbəti dəfə məyus edən futbolçularımız, Lüksemburq komandasına 1:3 hesabı ilə məğlub olaraq sonuncu pillədən də aşağı yuvarlanıblar. Yəni, əlvida “DÇ-2022”.

Məhşur filmdə deyildiyi kimi:

- “Neftçi” yenə uduzdu.

- Əşi, heç udan vaxtı olub ki?

Federasiyanın bu məğlubiyyətə nə münasibət açıqlayacağı bəlli olmasa da, azarkeşlər sosial şəbəkələrdə komandanı və AFFA-nı yumşaq desək, tənqid atəşinə tutublar. Haqsız da sayılmazlar, çünki çıxış etdiyi qrupda Serbiya və Portuqaliyaya qalib gəlmək illüziyasından uzaq olsalar da, “Lüksemburq və İrlandiya ilə xallarını bölüşdürə bilər” deyə düşünənlərin xəyalları suya yox, Rövnəq Abdullayevin neft quyusuna düşüb.

Ümumiyyətlə, Azərbaycanda idman federasiya prezidentlərinin niyə nazir, komitə və iri şirkət rəhbərlərinin təyin olunduğunu başa düşüləndir, amma səmərəli olmadığı da anlaşılmayacaq qədər qəliz məsələ deyil. Aid olduqları sahəyə nə qədər vəsait sərf etsələr də, uğur qazana bilmirlər. Çünki sahədən bixəbərdirlər. Doğrudur, hansısa idmanda tək-tək uğurlar olur ki, bu da, birbaşa idmançı və məşqçilərin fədakarlığı hesab qazanılır.

Məsələn; Nazim İbrahimovdan alınıb Mikayıl Cabbarova tapşırılmış “Qılıncoynatma Federasiyası”nı götürək. Axı, nə əvvəlki, nə də indiki federasiya prezidentinin bu idmanla uzaqdan-yaxından bir əlaqəsi yoxdursa, onları rəhbər təyin etməyin nə anlamı var. Bəli, hamı bilir ki, onlar maliyyə məsələlərinə məsuldurlar. Amma tutaq ki, Kəmaləddin Heydərov Taekvondo və Boks federasiyalarının prezidenti olmadan da maliyyə yardımı göstərə bilər. Və ya Cavid Qurbanov, Azərbaycan Voleybol Federasiyasına prezident olmasa, qatarlar relsdən çıxacaqmı... Axı, rəhbərlik etdiyi federasiyada hansı uğura imza atıb? Qadınlardan ibarət bir komanda var idi, indi onun da yalnız adı qalıb. Axı, adamların bioqrafiyasında prezident olduqları federasiyaların idman növü ilə bağlı nəinki uğurlu göstəricisi, hətta prezident olduqlarından başqa bir söz belə keçmir.

Azərbaycanca güclə danışıb birtəhər “çulunu sudan çıxaran” şəxs, beynəlxalq yarışlara qatılan idman sahəsinə necə rəhbərlik edə bilər. Rövnəq Abdullayev, 2008-ci ildən başlayaraq dördüncü dəfədir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti vəzifəsinə “seçilir”. İnsan idman növünün adını düzgün tələffüz edə bilmir. Bu bir fiziki qüsur deyil, sadəcə prezidenti olduğu idman sahəsindən anlayışı olmadığının göstəricisidir.

Yaxşı olar ki, federasiyalara sahənin mütəxəssisi olan bir şəxs rəhbərlik etsin. Maliyyə təminatı yenə də yüksək çinli vəzifə sahiblərinə tapşırmaq olar. Ölkənin idmanında olduğu kimi, biznes sahələrinə də həmin siyasi vəzifə sahibləri, real və ya qeyri-real nəzarət edirlər. Əziyyət çəkib maliyyə yatırsınlar. Amma anlayışları olmayan sahəyə rəhbərlik etmək iddiasından uzaq olsunlar.

Qədir Həzi, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »