Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
...Niyə ümidimi kəsirsən, külək?
...Niyə ümidimi kəsirsən, külək?

Azərbaycanda maraqlı deyim olan “mart gəldi, dərd gəldi” ifadəsi artıq iki gündür ki, mart ayına yox, noyabr ayına şamil edilir.  Paytaxt Bakıda saniyədə sürəti 38 metri keçən şiddətli payız küləyi qarşısına çıxan nə var, nə yox, hamısını qabağına qatıb, aparır. Bu gün aşan ağaclara, uçan dam örtüklərinə, iki təkər üstə qalxan avtomobillərin sırasına Azərbaycanın Milli Məclisinin ehtişamlı binası da qoşulub.

Payızın çılğınlığını özü ilə gətirən Bakı küləyi Milli Məclis binasının altı üzlüyünü qoparıb. Hadisə ilə bağlı Milli Məclisin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qopan bu üzlüklər bərpa ediləcək: “Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür”.

Ancaq yaranmış problem təkcə Milli Məclisin binasını əhatə etmir.  Bildiyimiz kimi Bakı şəhərində, xüsusilə paytaxtın mərkəzi ərazilərində hündür mərtəbəli, iri şüşəli binalar çoxluq təşkil edir.  Buna “Azərsu” ASC-nin, “Alov qüllələri” adlanan üç böyük tikilini, ƏƏSMN-nin və quruluşunda şüşə pəncərələrin, üzlüklərin çoxluq təşkil etdiyi binaları misal göstərmək olar. Elə həmçinin də buna bənzər özəl şirkət və ya xüsusi yaşayış binalarını. Adətən, belə havalarda adını qeyd etdiyimiz bu tipli binaların altından keçərkən, vətəndaşlarımızı vahimə basır. Onlar bilmirlər, qarşıdan gələn maşına diqqət etsinlər, yoxsa göydən gələ biləcək daşa, betona, dəmirə, iri şüşə parçalarına.

Bu gün yaranmış hava şəraiti ilə əlaqədar, paytaxt Bakının küçələrində sorğu keçirdik. Elə biz özümüz də binaların altından keçərkən, çalışdıq ki, bu tikililərin tam tini ilə gedək. Adətən, yuxarıdan düşən hər hansısa cisim binanın tinindən bir neçə metr kənara düşür.  Böyüklər belə havada ehtiyatlı davransalar da, məktəbdən, yaxud hazırlıq dərslərindən çıxıb, evinə gedən uşaqlar  buna o qədər də əhəmiyyət vermirlər. Odur ki, belə havalarda valideynlərdən xahiş edirik ki,  övladları evdən çıxmamış, onlara diqqətli və ehtiyatlı olmalarını tənbeh etsinlər.

Hər payızda paytaxt sakinlərinin, xüsusilə də gündəlik qazanca, az əməkhaqqına çalışan vətəndaşların “ümidini kəsən” şıltaq külək, görünür, həmin sakinlərdən olan Miryaqubu da özündən narazı sala bilib.  Miryaqub paytaxtın mərkəzi küçələrindən birində təmizlik işləri ilə məşğuldur. O,əsən küləyə görə zibil topalarını bir yerə yığa bilməməyindən, gözünə dolan toz-torpaqdan, əynindəki nazik geyimdən, sürətlə şütüyən maşınların onu görməzdən gəlməsindən və təbii ki, “sürprizlərlə dolu” hündürmərtəbəli binalardan şikayətçidir: “İşimiz budur da, qardaş. Nə edək? İndi iş tapmaq asan məsələdir bəyəm? Çətin də olsa, iş işdir. İşləməsəm, gətirib kimsə cibimə pul qoyası deyil ki.  İndi şikayət kimi çıxmasın, Allaha min şükür, işimiz var, işləyirik. Amma durum deyim ki, “hər şey əladır, superdir”, yox. İndi bu işin öz çətinliyi bir tərəfə dursun, əsən bu külək də işimizi on qat çətinləşdirir. Hələ bir də bilmirsən, getdiyin yerdə başına ağac aşacaq, ya kubik düşəcək, ya elə insan düşəcək (gülür).  Bəli, elə insanın düşməyindən də qorxuram. Ay qardaş, hələ külək-filan əsməyəndə, gündə heç olmasa, bir üç-dörd nəfər özünü binadan atır. Elə onun qorxusundan, yuxarı baxa-baxa gedirik. Hələ qaldı ki, belə havada”.

Paytaxt sakini şüşəli bina üzlükləri barədə, ümumiyyətlə belə üzlüklərin Bakıda binalara vurulmasının məqbul olub-olmaması barədə  suallarımıza da münasibət bildirdi. O, qeyd etdi ki, paytaxtdakı bir çox binalar keyfiyyətsiz tikinti materiallarından hazırlanıb, o ki qaldı hələ bina üzlükləri: “ Mənim santexnik, tikinti işlərindən başım çıxır. Özüm də işləmişəm. İndi bu üzlüklər barədə soruşursunuz, onu deyim ki, Bakıda ən möhkəm binalar elə o sovetin vaxtındanqalma beş mərtəbə, doqquq mərtəbə binalardır.  Bu gördüyünüz hündür 20-30 mərtəbəli binalar var ha, bax, sizi inandırım, bu külək biraz da davam eləsə, biraz da güclənsə, nəinki o binaların üzlükləri, elə binanın özü aşacaq üstümüzə. İndi bu köhnə binalara yeni üzlüklər vururlar, üstündən bir ay keçmir, bir külək əsir, baxırsan ki, həmin üzlük qopub, sallanır. Niyə? Çünki keyfiyyətsizdir.  Yadınızdadır, hələ 5 il öncə Azadlıq metrosu üzərində yanıb, külə dönən bina? Onu niyə söndürə bilmirdilər? Çünki üzlüyü alışmağa meyilli idi. Daha sonra hansı binada o üzlüklərdən var idi, hamısının sökülməsi üçün tapşırıq verildi. İndi də bu şüşəli, hündür binalar. Gərək kiminsə başına düşüb, birini bədbəxt eləsin, ondan sonra bilsinlər ki, bizə, bu şəhərə belə üzlüklər uyğun deyil” – deyə, Miryaqub adlı sakin bildirib.

Ondan ayrılıb, başqa sakinlərə yaxınlaşdıq. Bəzi sakinlər kökü dayaz olduğundan, tez aşmağa meylli ağacların onları qorxuda saxladığını bildiriblər: “Bakı bir vaxtlar yamyaşıl şəhər idi, hara gedirdin, uca çinar ağacları, hətta meyvə ağacları da var idi hər tərəfdə. Sonra bu binatikən şirkətlər ortaya çıxdı, harda park, ağac, yaşıllıq var, məhv elədi, qoydu ora. Gördülər, yox, arada ağac da lazımdır, başladılar bir ucdan ağac əkməyə. Üstündən 4-5 il keçir, o əkilən fidanlar böyüyür, amma dibləri boş, dayaz olduğundan sağlam olmurlar. Biraz külək əsəndə də,  bəxti varsa,ya kiminsə maşınının üstünə düşür, bəxti yoxdursa da, elə başına düşür. Belə havalarda ağaclar ciddi problem yaradır. Rayon, kənd yeri deyil ki, deyəsən, hə, kökü sağlamdır, dərindir, heçnə olası deyil. Belə ağaclar təsbit olunub, tədbir görülməlidir aidiyyatı Nazirlik tərəfindən” – deyə, paytaxt sakinlərindən biri qeyd edib.

Yaranmış güclü küləyin iki gün boyunca paytaxt Bakının başına açdığı oyunlar, görünür, hələ aidiyyatı qurumları hələ qış “siftə” eləməmiş, payızda getdikləri “qış yuxusu”ndan ayılda bilməyib.  Yaranacaq yaxud da yaranmış hadisə ilə əlaqədar sadəcə “ağsaqqal məsləhətləri” verməklə kifayətlənən Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər aidiyyatı qurumlar bu cür havalarda əhalini təşviş, qorxu içində saxlayan problemləri öncədən həll etməlidirlər. Hadisə baş verdikdən sonra deyil.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »