Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan özünü çox çətin duruma salıb"
"Ermənistan özünü çox çətin duruma salıb"

Dünən 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından artıq bir il ötdü.

Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan və doqquz bənddən ibarət olan bu bəyanata bir il müddətində tərəflər  hansı şəkildə riayət etdi?  Burada Ermənistanın və Azərbaycanın üzərinə düən öhdəliklər nə dərəcədə icra olundu və bu kimi məsələlərlə bağlı Bizimyol.info araşdırmaçı-jurnalist, siyasi şərhçi Elçin Alıoğlunun da fikirlərini öyrənib.

Elçin Alıoğlu Elçin Alıoğlu

Siyasi şərhçi  bu hadisəni Ermənistan tərəfinin kapitulyasiyası adlandırıb: “Ötən ilin noyabr ayının 9-dan 10-na keçən gecə imzalanmış, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin təsdiqlədikləri bu sənəd birmənalı olaraq, Ermənistanda müsbət qarşılanmadı. Bunu həm məğlubiyyət, həm də kapitulyasiya adlandırdılar. Ermənilərin özləri “kapitulyasiya” ifadəsini işlədirlər. Ancaq bu, Azərbaycanda sosial şəbəkələrdə qəbul edilmir. Halbuki, bu, sözün əsl mənasında, Ermənistanın kapitulyasiyasıdır.  Kapitulyasiya heç bir halda bir dövlətin digər dövlətin ərazisində tam işğalı, ilhaqı və ya nəzarətə alması ilə bitməyə bilər. Çünki 1907-ci ilin Haaqa konvensiyası var və həmin konvensiyanın şərtlərinə uyğun olaraq, beynəlxalq hüquqda kapitulyasiya sözünün mənası təsdiqlənir.

10 noyabr bəyanatı Ermənistan-Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoydu.  Azərbaycan 44 günlük Vətən Müharibəsini tam qələbə ilə başa çatdırdı. Bəli, Ermənistanın hərbi birləşmələri hələ də Azərbaycan ərazisində qalır. Daha doğrusu, Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdikləri ərazilərdə erməni hərbçiləri hələ də var. Onlar mövqelər düzəldirlər, postlar qururlar və sair.  Bu, Ermənistanın 10 noyabr anlaşmasının şərtlərini kobud şəkildə, bilərəkdən pozmasıdır. İlk başdan belə bir sual yarana bilər ki, Ermənistan bunu niyə edir və məqsədi nədir? Məqsəd çox sadədir – Ermənistan var gücü ilə çalışır ki, diqqəti 10 noyabrda imzalanmış sənədin şərtlərinin yekunlaşdırılmasından kənarlaşdırılsın və fikirləri “qarabağlı ermənilər”in statusu olmayan məsələsi üzərində cəmləşdirsin.

Bunu 10 noyabr bəyanatı vasitəsilə Cənubi Qafqaz bölgəsində aktyorluqdan və missiyaçılıqdan məhrum olan ATƏT-in MİNSK qrupunda olan ABŞ və Fransa da Ermənistanın bu hərəkətlərinə dəstəklə rəvac verərək, hər vasitə ilə çalışırlar ki, ATƏT-in MİNSK qrupu yenidən koordinasiya və moderasiya funksiyalarına malik olsun.  Heç də təsadüfi deyil ki, Fransa rəsmiləri, siyasətçiləri, dövlət ərkanı, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri öz birbaşa diplomatik fəaliyyət missiyasından, statuslarından kənara çıxaraq, bir başa, açıq şəkildə hadisələrə müdaxilə və təzyiq etməyə çalışırlar. Lakin bu məsələ o qədər də asan olmadığı kimi, mürəkkəb də deyil. Burada ilk baxışdan paradoks yaranır. Paradoks ondan ibarətdir ki, Ermənistan özünü çox çətin duruma salıb. Bir tərəfdən bəyanatın şərtlərinə əməl etmir, digər tərəfdən həmin bəyanatın şərtlərinə tam əməl olunmasını tələb edir. İkinci məqam isə ondan ibarətdir ki, Ermənistan iki ağaya, iki sahibə qulluq etməyə çalışır. Birincisi, o Rusiyaya ki, 20 noyabr bəyanatının təşəbbüskarı  və bu bəyanatın əsas qarantıdır. O Rusiya ki, Cənubi Qafqazda formalaşmış yeni reallıqdır. Türkiyə ilə birlikdə həmin anlaşmanın həyata keçirilməsinin nəzarət edici və təminedici funksiyalarına malikdir.

Digər tərəfdən, Ermənistan Qərbə yönəlir.  O Qərbə ki, 10 noyabr bəyanatı nəticəsində onlar Cənubi Qafqazdakı tənzimləmə və siyasi situasiyanın sabotlaşdırılma prosesindən kənarda qalıblar.  Yəni Ermənistan özü də bilmədən, özünü həddindən artıq çətin vəziyyətə salıb. Ermənistan ya Rusiyanın dedikərini etməlidir, ya da Qərbdən aldığı göstərişləri yerinə yetirməlidir. Hər iki halda da Ermənistanın maraqları burda təmin olunmur. Çünki Rusiyanın göstərişləri tam təmin edilərsə, Ermənistan hakimiyyəti öz mövqelərini zəiflədəcək və müxalifətin mövqeyi güclənəcək. Əgər Qərbin təlimatları yerinə yetirilərsə, Ermənistan hakimiyyəti çox bəsit şəkildə devriləcək. Çünki Ermənistanda indiyə qədər Rusiyanın təlimatlarını yerinə yetirməyən siyasətçinin siyasətdə və xüsusilə də hakimiyyətdə qalması, real məsələ deyil”,– deyə,araşdırmaçı-jurnalist Elçin Alıoğlu qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »