Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erkən nikah və fəsadları…
Erkən nikah və fəsadları…

Azərbaycan cəmiyyətində yetkinlik yaşına çatmış gənc qızların qohum, qonşu və s. yaxın insanlar tərəfindən eşitdiyi bir sual var - “Haçan tərpənirsən?” Tərpənmək sözü bir çox başqa mənalarda işlənsə də, məhz bu sual cümləsində “ərə getmək” mənasını verir.

Qohumlar, qonşular sanki bu sualla həmin gəncin taleyindən nigaran olduqlarını göstərməyə çalışırlar. Lakin bu sual nigarançılıqdan yox, sadəcə özünü başbilən kimi göstərib, kimlərəsə öyüd, nəsihət vermək istəyindən irəli gəlir.

Bu suallar kimin üçünsə heç bir yükü olmayan, adi, mənasız gələ bilər. Amma bu suallar hələ təhsil dalınca getməli olan gəncləri tamamilə başqa bir yola itələyə bilir. Hər kəs eyni deyil və hər kəsin yaşam səviyyəsi, həyat tərzi, yaşadığı mühit bir deyil. Kimisi bu sualı heç duymur, kimisi isə bunu doğru yol seçir və bu yolla addımlamağı qərara alır. Elə bununla da həyatının ən böyük səhvini etmiş olur. Hələ özünü dərk etməyən, nə istədiyini bilməyən, cəmiyyətdə özünü təsdiq etməyi bacarmayan bir qızcığaz, gələcəkdə onu nələrin gözlədiyindən xəbərsiz parıltılı, bəzəkli, daş-qaşlı bir neçə əşyaya aldanır. Düşünür ki, qarşıdakı həyatı da bu əşyalar kimi bərq vuracaq.

Amma həyat və təcrübələr bizə onu göstərir ki, erkən yaşda ailə quran qızların əksəriyyətinin gələcək həyatı çox keşməkeşli, əziyyətli olur. Ailədə söz sahibi yox, müti, qul və bütün təhqirlərə, təzyiqlərə göz yuman tərəf olur, fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır, Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır, erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır və s.

Ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” aparılan statistik müayinəyə əsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb. Təəssüflər olsun ki, erkən nikaha daxil olan qadınların 37,4%-i öz istəyi ilə, 25,9%-i valideynlərinin təzyiqi altında, 10,7%-i ailədə maddi vəziyyətin çətin olmasına görə, 7,9%-i ərinin maddi cəhətdən varlı olmasına görə, 6,4%-i qaçırıldığına və 1,6 %-i hamilə olduğuna görə erkən nikaha daxil olub.

Bu gəncləri hardasa anlamaq olur. Deyirik, “cavanın ağlı başında olmur”, “hisslərə qapılıb” və sair. Bəs valideynlər? Erkən yaşda övladını evləndirən valideynlərə nə ad vermək olar?

Doğulduğu andan bəri əziyyətini çəkdiyimiz, xəstə olanda səhərə kimi gözümüzü yummadığımız, bir telinə zərər gəlsə dünyaları dağıdacağımız övladlarımızın gələcəyini necə öz əllərimizlə məhv edə bilirik?

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 176-cı maddəsinin birinci bəndində göstərilir ki, insanı nikaha məcburetməyə görə iki min manatdan üç min manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Həmin maddənin ikinci bəndində isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Məcbur edənin ata və ana, yaxud digər yaxınların olmasından asılı olmayaraq, CM-də açıq cəzalar müəyyənləşdirilib.

Leyla Mirzə, Bizimyol.info

Bu yazı Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Son xəbərlər
Bütün xəbərlər »