Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi cinayətlər illərlə yığılmış kin-küdurət, əzab-əziyyətin nəticəsi olur"
"Bəzi cinayətlər illərlə yığılmış kin-küdurət, əzab-əziyyətin nəticəsi olur"

Qadın zərif varlıqdır. Qadın, sevilmək və dəyər görmək istəyər. Qadına özəl olduğunu hiss etdirdiyiniz zaman, o, sizin həyatınızı cənnətə çevirə bilər. Və eyni zamanda qadın, qəddar və qisasçı birinə də çevrilə bilər. Qadın öldürə də bilər, qadın cinayətkar da ola bilər. Bu, ona həyatın necə davranacağından asılıdır.

Azərbaycanda ötən il qadınlar tərəfindən törədilən cinayətlərin sayı, nisbətən az olub. Belə ki, 2020-ci ildə zərif cinsin nümayəndələrindən cəmi 869 nəfəri, cinayət hadisələrinə qarışıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qadınlarımızdan 8 nəfəri, ağır cinayət hadisəsi törədib. Belə ki, 8 qadın qəsdən adamöldürmə cinayəti ilə ittiham edilib. 13 nəfər qadın, qəsdən sağlamlığa zərər vurub. Ötən il qadınlarımız, daha çox 102 oğurluq və 98 dələduzluq ediblər. Qadınlarımız arasında xuliqanlığa görə 34 nəfər məsuliyyətə cəlb edilib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə 83 qadın, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya görə isə 50 qadın cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Komitəsinin statistikasına nəzər salanda görürük ki, 2 qadın quldurluq və 5 qadın isə soyğunçuluğa görə ittiham edilib.

Komitənin təqdim etdiyi 28 illik qadınlar tərəfindən törədiən cinayətlərin statistikasında 2006-cı ildə qadınların daha çox cinayət törətdiyinə şahid oluruq. 2006-cı ilin rəsmi statistikasına görə, qadınlar, 2 min 675 cinayət hadisəsi törədiblər. Qadınlar tərəfindən törədilən cinayət hadisələrinin azalması, bu istiqamətdə müəyyən işlərin görüldüyünü ifadə edir...

Mütəxəsislərin fikrincə, qadınlar cinayətə meyilli olmur. Qadının cinayətkar olması üçün onun psixoloji problemləri olmalı və ya ona qarşı edilən təzyiqlərdən cana doyması lazımdır.

"Buna dələduzluq, soyğunçuluq, rüşvətxorluq və s. daxil deyil. Qadının bir adamı öldürməsi üçün, qadın, psixoloji cəhətdən o həddə çatmalıdır ki, cinayətə əl atsın. Qadınlar, çox zaman zorakılığa məruz qalanda gücləri özlərinə çatır və intihar yolunu seçirlər. Bir qadının bir başqasını öldürməsi isə, həmin şəxsin qadına qarşı olan münasibətinin qarşılığıdır. Təbii ki, biz cinayətlərə haqq qazandırmırıq. Amma etiraf edək ki, qadınlar, cinayətə meyilli olmurlar. Məsələn; iki qadın dalaşanda uzağı bir-birinin saçını yolarlar, bir-birini təhqir edərlər. Yol ortasında mübahisə edən iki qadının bir-birini bıçaqladığını görə bilməzsiniz" - bu barədə Bizimyol.info saytına danışan Ramin Hacıyev deyir ki, qadınlar ağır cinayətlərə məcbur qaldıqları üçün əl atırlar. Həmsöhbətimiz bu mövzuya ciddi yanaşmanın tərəfdarıdır. O, qeyd edir ki, qadınlar tərəfindən törədilən ağır cinayətlərin 30 faizi, düşünülməmiş cinayətlərdir.

"Yəni, bu cinayətlər öncədən planlaşdırılmır. Anidən baş verir. Bəzi cinayətlər isə illərlə yığılıb qalan kin-küdurət, əzab-əziyyətin nəticəsi olur. Belə cinayətlər adətən, ailə içində baş verir. Məsələn; qadın, həyat yoldaşını və ya sevgilisini öldürür. Bu mövzularda danışmaq, təbii ki, çətindir. Bəzən azadlığa çıxan qadınlarla reablitasiya söhbətləri aparılır. Bu zaman onların çoxunun törətdikləri cinayətlərə görə, necə peşman olduğuna şahid olursan" - deyən mütəxəssis bildirir ki, uzun müddət azadlıqdan məhrum edilən qadınlar, sonradan həyata çətin adaptasiya olur. Bəzən yenidən cinayət hadisələri törədirlər.

Bu ilin mart ayında Bakının Suraxanı rayonunda 41 yaşlı Günay Şıxəliyeva, həyat yoldaşı 45 yaşlı Mahir Şıxəliyevi külünglə vuraraq qətlə yetirir, ərinin öldüyünə əmin olan qadın sonra polis çağırır və törətdiyi əməldən peşman olmadığını dilə gətirir. Qadının qonşuları onun sakit, səssiz biri olduğunu, illərlə ərinin verdiyi əzəb-əziyyətə dözdüyünü dilə gətirirlər. Bu hal, qadının içində illərlə topladığı kinin-nifərtin özünü biruzə etməsidir. Sərxoş halda evə gələn Mahir həyat yoldaşını döyür, ona işgəncə verirmiş və bu vəziyyət, uzun illər belə davam edib. Ailənin iki yeniyetmə övladı da varmış.

Hadisələrin dərinliyini araşdıranda Azərbaycanda qadınlar tərəfindən törədilən cinayətlərin səbəbini müəyyən etmək mümkün olur. Təbii ki, cinayətə haqq qazandırmaq mümkün deyil və cəmiyyətdə kifayət qədər risk qrupu ailələr var. Onlar ilə daimi şəkildə iş aparmaq isə, müvafiq dövlət qurumlarının işidir.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »